Logo
news content
User
Kateqoriyalar

Analitika

Distant təhsil problemdirmi?

COVID-19 pandemiyası olmasaydı, geniş ictimaiyyət bəlkə də distant təhsil nədir, necə olur, bunları bilməyəcəkdi. Pandemiya və bununla əlaqədar tətbiq olunan karantin rejimi hər kəsi bu yeni reallıqla üz-üzə qoydu.

Bu mövzuda növbəti həmsöhbətimiz Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin Tədris Teleradio Studiyasının müdiri, fakültənin nəzdində fəaliyyət göstərən Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Ramin Rzayevdir.

Rzayev bildirdi ki, Azərbaycan distant təhsil sisteminə ilk addımlarını atır:

“Qərbdə distant təhsil demək olar ki, 19-cu əsrdən həyata keçirilir. Orada bu proses daha uzun müddət getdiyinə görə daha da təkmilləşib. Amma biz distant təhsil sisteminə yeni qoşulmuşuq. Bizdə bu təhsil sistemi hələ yeni formalaşır və təkmilləşir. Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununda distant təhsillə bağlı xüsusi maddə var. Orada tədris və təhsil prosesinin dörd formada aparılması nəzərdə tutulur: əyani, qiyabi, distant və sərbəst. “Təhsil haqqında” qanun 2009-cu ildə qəbul olunub, hələ o zamandan distant təhsil orada nəzərdə tutulub”.

Müəllim xatırlatdı ki, 2020-ci ilin mart ayından etibarən Təhsil Nazirliyinin qərarı ilə bütün təhsil müəssisələri distant təhsil sisteminə keçib. Onun sözlərinə görə, distant təhsilin əsas üstünlüyü ondan ibarətdir ki, informasiya-kommunikasiya texnologiyalarının istifadəsi və inkişafına təkan verir:

“Düzdür, gənclər bu texnolgiyadan rahat istifadə edə bilirdilər, amma nisbətən yaşlı müəllimlər üçün ilkin mərhələdə çox çətinlik yaranırdı. “Microsoft TEAMS” proqramına evdən qoşulmaqla bağlı problemlərə görə, univeristetdə xüsusi qruplar yaradılıb ki, həmin qruplar müəllimlərə köməklik edirdi. Ancaq hazırda fərqi yoxdur, istər gənc, istərsə də yaşlı müəllimlərimiz, hamısı bu proqrama rahat şəkildə qoşula bilirlər. Mənfi cəhət yalnız internetin sürəti ilə bağlıdır. Normal internet sürəti olsa, bizim kimi müəllimlər də dərsləri rahat apara bilər. İnternet provayderləri sürət baxımından mümkün və məqbul variantlar təklif etməlidirlər ki, tələbə də, müəllim də rahat formada onlayn dərslərə qoşula bilsin. Məsələn, bəzi tələbələrimiz var ki, regionlarda yaşayırlar. İnternetlə bağlı problem orada özünü daha ciddi göstərir. Mən Multimedia və Elektron Kommunikasiya kafedrasının müəllimiyəm. Məsələn, bizdə praktik fənndir. Mən radioda praktik iş fənnini tədris edirəm, məşğələlər aparıram. Radiojurnalistika fənninin məşğələlərini aparıram. Bəzi tələbələrimiz var ki, dərslərə rayondan qoşulurlar, onlar dərslərə qoşularkən ya səsin itməsi baş verir, ya görüntüdə problemlər yaranır. Amma yenə də maksimum dərəcədə tədris prosesinə qoşulmağa çalışırlar”.

R.Rzayevin fikrincə,  distant təhsilin ciddi mənfi tərəfləri yoxdur:

“Dediyim kimi, Avropanın özündə bu tip tədris prosesi çoxdan aparılır. Onlar daha da təkmilləşiblər. Distant təhsil həqiqətən təhsil almaq istəyən istənilən şəxsin xeyrinə olan sistemdir. Təhsil almaq istəyənlərin sayı da bu halda çox olur. Məsələn, mən burada otururam, Avropanın və yaxud Amerikanın hansısa universitetinə daxil oluram və distant formada dərslərə qoşuluram. Bu, mənim üçün daha sərfəlidir, nəinki gedib Amerika və ya hansısa Avropa ölkəsində bir sıra xərclərin qarşılığında fiziki olaraq dərslərə qoşulum. Sadəcə, bu təhsil sisteminin əsas önəmli məqamı internetin keyfiyyətidir”.

Onlayn dəsrlərə laqeyd yanaşan tələbə və müəllimlərin olması faktına da toxunan R.Rzayev qeyd etdi ki, fərqi yoxdur, istər ənənəvi təhsil olsun, yaxud distant təhsil, burada müəllimin şəxsi məsuliyyətindən çox şey asılıdır:

“Yəni bu, insanın dərsə yanaşmasından asılıdır. Müəllim mühazirələr, ədəbiyyatlar hazırlayır və “Microsoft TEAMS” proqramı vasitəsilə tələbələrə təqdim edir. Təbii ki, ölkəmizdə bu formada təhsil prosesi gündən-günə təkmilləşərək davam edirsə, inanıram ki, bütün müəllimlərimiz bu prosesdə daha yaxşı iştirak etməyə çalışar”.

Ülviyyə Şahin