Logo
news content
User
Kateqoriyalar

Analitika

“Diqqətli olmalıyıq, bu, bütün canlılar üçün təhlükəlidir”
Dağlarda və meşələrdə zibil toplayan gənclərin ən böyük istəyi nədir?

Təbiətin qayğısına qalmaq, ekologiyanı qorumaq hər bir vətəndaşın vəzifəsidir. Bununla bağlı ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunu da mövcuddur. Ancaq bəziləri bu vəzifəni heç icra etmir, bəziləri isə bunun üçün canla-başla çalışır. Onlardan biri də Ecohiking qurumunun üzvləridir. Onlar könüllü şəkildə həftəsonları yığışaraq meşələrdə, göl kənarlarında olan tullantıları toplayır, təbiəti təmizləyirlər.

Ecohiking yerli ekotur qurumunu 2018-ci ildə Heydər Əliyev, Nicat Aslanov və Şahin Bədirxanlı yaradıb. Təşkilatçı komandanın tərkibi təsisçilərdən və bələdçilərdən ibarətdir. Qurumun məqsədi ekoturizm prinsiplərinə əsaslanaraq insanların təbiətə olan marağını artırmaq, onların aktiv istirahətə yəni, təbiət yürüşlərinə cəlb etmək, ekoloji həssaslığı artırmaq, yerli icma və mədəniyyətlərlə tanış etməkdir.

Ecohikingin fəaliyyəti ekoturizm fəlsəfəsinə və onun prinsiplərinə əsaslanır. Qurum təbiətin qorunmasına və ekoloji həssaslığın artırılmasına xidmət edir. Eyni zamanda, yerli icmaya dəstək, onların təsərrüfat həyatının və mədəniyyətinin tanıdılması ekoturizmin əsas prinsiplərindəndir. Bu prinsiplər ecohiking yürüşlərinin əsas konseptini müəyyənləşdirir. İnsanlar bu yürüşlərə qatılmaqla həm aktiv istirahət edir, həm yerli icmayla tanış olur, həm də ətraf mühitlə bağlı yeni biliklər əldə edirlər.

Qurumun təsisçilərindən olan Nicat Aslanov old.pressklub.az-a açıqlamasında qurumun fəaliyyəti haqqında danışıb. O, deyir ki, Ecohiking hazırda həm yerli, həm də xarici turistlərə xidmət edir. Yürüşlər Azərbaycanın dörd bir yanına olmaqla, əsasən həftəsonları təşkil edilir: “Bu ildən etibarən xüsusi tur kimi veloturlar da təşkil etməyə başladıq. Bu ilin avqustunda ilk dəfə olaraq Şah Dili (Abşeron Milli Parkı) ərazisinə velotur təşkil etdik. Gələcəkdə fərqli konseptlərdə xüsusi turların təşkilini planlaşdırırıq”.

Müsahibimizin sözlərinə görə, qurumun fəaliyyətini hər kəs dəstəkləyir. Hətta bu il Şəkidə keçirilən “Ölkədəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması üzrə təlim düşərgəsi” layihəsində uğurla iştirak edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Dövlət Turizm Agentliyi və Azərbaycan Alpinizm Federasiyasının tanıdığı rəsmi sertifikata layiq görülüblər. Həmçinin Əmbil gölündəki təmizlik aksiyaları örnək addım kimi ETSN-nin rəsmi facebook səhifəsində paylaşılıb.

Təəssüf ki, cəmiyyətimizdə təbiəti çirkləndirən şəxslərin sayı az deyil. Bəzi ərazilər var ki, həmin ərazilərin vaxtaşırı təbiətsevər dostlarımızın təmizləməsinə baxmayaraq, yenidən çirkləndirilir. Həmsöhbətimiz Əmbil gölünü (Şabran), Qaranohur gölünü (İsmayıllı) və Xanbulan gölünü (Lənkəran) buna misal olaraq göstərib dedi ki, bu ərazilər vaxtaşırı təmizlənsə də yenidən çirkləndirilir.

”Yürüş etdiyimiz ərazilərin kirlənmiş olması həm bir təbiətsevər, həm də bir vətəndaş olaraq daim bizi narahat edir. Ən pisi də odur ki, bizimlə yanaşı, yürüşə qatılan xarici qonaqlar da bu xoşagəlməz halın şahidi olur. Bu isə onların ölkəmiz haqqındakı təsəvvürlərinə mənfi təsir edir. Təbiətə fayda vermək üçün bu ildən etibarən təmizlik aksiyasını bəzi turların konseptinə daxil etdik. Nəticədə Əmbil gölü və Səməd bulağı ərazisindən 16 zibil paketi (80-120 litr həcmli), Xanbulan gölü və Hirkan meşəliyindən isə 9 zibil paketi (35-60 litr həcmli) toplandı.”

Nicat bəy deyir ki, digər məsələləri rahatlıqla həll etsələr də zibil paketlərinin daşınmasında çətinliklə üzləşirlər: “Təəssüf ki, kənd ərazilərində məişət tullantılarının idarə olunması problemlidir. Meşəlik ərazidən topladığımız zibil paketlərini hara təhvil verəcəyimiz çox zaman müəmmalı olur. Ən azından ekotur marşrutlarının başlanğıc və son nöqtələrinə zibil yeşikləri qoyulsa, yaxşı olar”. 

Ətraf mühitin təmizliyinə xidmət edən N. Aslanov təbiəti çirkləndirən, ona zərər verən insanlara səslənir ki, evimizi təmiz saxladığımız kimi təbiəti də təmiz saxlamalıyıq: “Təbiətə atılan hər tullantı bütün canlılar üçün təhlükə sayılır, diqqətli olmalıyıq. "Ana təbiət" adlandırdığımız ətraf mühiti qorumaq hər birimizin mənəvi borcudur. Ümid edirik, nə vaxtsa bizdə də ekoyönümlü normal cəmiyyət formalaşar və biz təbiətə ancaq istirahət üçün gedərik. Çalışaq, təbiətdən getdikdən sonra arxamızda yalnız ayaq izlərimizi saxlayaq, zibil paketlərimizi deyil”.

Əslində hər kəs öz borcunu yerinə yetirsə, bu cür ekoturların təşkil edilməsinə gərək qalmaz. Həmin insanlar da təbiəti təmizləməyə yox, orada istirahət etməyə gedərlər. Dənizə, gölə, meşəyə bir sözlə, təbiətə atılan hər tullantı bizə zərər verir. Aldığımız havanı, içdiyimiz suyu, ayaq basdığımız torpağı təmiz saxlamasaq xəstəliklər, ekoloji fəlakətlər artar. Məsələyə dərindən baxsaq, elə öz sağlamlığımız üçün təbiəti qorumalıyıq. 

İnsan olduğu yeri gözəlləşdirə də bilər, çirkinləşdirə də. İkisini də edə biliriksə, niyə seçimimiz gözəlləşdirmək olmasın ki? Öz gözəlliyimiz kimi, təbiətin də gözəlliyinə laqeyd qalmayaq!

Günay Elşən