Logo
news content
User
Kateqoriyalar

Analitika

Diqqət: Daha təhlükəli virus!

Müəllif: Arif Əliyev

Aprelin 14-dən

qoyulmuş “unikal” videoda Bill Qeytsin hələ 2005-ci ildə Pentaqonda məxfi məruzə ilə çıxış etdiyini görürük. Məruzədə dünyanın ən ağıllı adamlarından biri insanların beynini idarə etmək üçün yeni metod tapıldığını deyir. O, “Allahın geni” adlanan və dinə münasibətimizə “cavabdeh” olan VMAT2 geninin beyinə güclü təsirini aradan qaldırmaq üsulu təklif edir: “İnsana virus yeridiləcək, mutasiya yaradacaq və biz qatı dindarı normal adama çevirəcəyik... Mövcud plan qrip və ya koronavirus kimi respirator viruslardan istifadə etməkdir, hesab edirik ki, əhalinin çox geniş təbəqəsinin onun təsirinə məruz qoyulması ən uğurlu yanaşmadır. Layihənin adı Dini Fundamentalizmə Qarşı Vaksindir”.

Beləliklə, hələ ağrısını çəkməkdə olduğumuz pandemiyanın dəhşətli sirrini, nəhayət, bizə açırlar!!! “Pentaqonun gizli kadrları”nı üzə çıxaranlar qarşımıza ciddi suallar qoyurlar: “Buna görəmi bizi çox da təhlükəli olmayan bir virusla belə qorxudurlar? Niyə hamımızı evlərə salıblar? Ümumiyyətlə, pandemiya varmı? Axırda bizə vaksın adı ilə nə verəcəklər?”

“Supervideo” sosial şəbəkələrdə sürətlə yayılır, bir platformadan diğərinə keçir. Azərbaycandan şəbəkə istıfadəçiləri də artıq onun müzakirəsinə qoşulublar. Bunu videonun altındakı həyəcanlı şərhlərdən görmək olur.

Xəbərin inandırıcı görünməsi üçün montaj yüksək səviyyədə həyata keçirilib. Hətta süjetin arxiv materialı olduğunu göstərmək məqsədilə kadrların üzərinə ABŞ Müdafiə Nazirliyinin İD kodu (149AZ2), qapalı toplantı keçirilən otağın nömrəsi (BC282) də vurulub. Amma old.pressklub.az saytının mütəxəssislərinin araşdırması onun insanları çaşdıran növbəti təhlükəli feyk olduğunu aşkara çıxarır. Bəlli olur ki, kadrlar müxtəlif mənbələrdən toplanıb və ən yeni texnologiyalarla işlənərək vahid süjet halına salınıb.

2005-ci ildə çəkildiyi iddia edilən məxfi videoda Bill Geyts guya üzərində sınaq apardıqları insan beynini skanerdən keçirdiklərini söyləyir və sübut olaraq şəkli (A) ekrana çıxarır. Amma araşdırmamız göstərir ki, bu, 43 yaşlı spesifik xəstəliyə malik qadının 2010-cu ildə çəkilmiş beyin şəklidir və ilk dəfə həmin ilin noyabrında elmi dairələrdə yüksək nüfuza malik Neurology jurnalının 75-ci sayında işıq üzü görüb (B). Deməli, 5 il əvvəl Bill Geyts ona heç cür istinad edə bilməzdi və kadrlar saxta, Microsoft yaradıcısının adından söylənilənlər yalandır.

İnformasiya məkanımızı çirkləndirən feyklərin sayı getdikcə artır. Ümumdünya Səhiyyə Təşkilatı bu bəlanı “infodemiya” adlandırır. Avropa İttifaqı problemlə bağlı qapalı hesabatında bildirir ki, hətta bəzi dövlətlər (!!!) panika və qorxu yaymaq, ölkələr arasına nifaq salmaq, əhalinin hakimiyyətlərə inamını sarsıtmaq və virusa qarşı mübarizə tədbirlərinin səmərəsini azaltmaq məqsədilə “feyk fabrikləri” yaradır. Görünən odur ki, postpandemiya dövründə bu “fabrik”lərin “məhsul istehsalı” dayanmayacaq, əksinə, artacaq. Dərin iqtisadi, sosial və psixoloji böhranın vurduğu yaralar üzə çıxdıqca, onlar çətinliklərdən daha fəal istifadə etməyə çalışacaqlar. Amma koronavirusdan fərqli olaraq, feyk virusundan özünütədriclə qorunmaq mümkün deyil. Sosial şəbəkə istifadəçilərini, jurnalistlərimizi, elə dövlətin özünü də buna hazırlamaq lazımdır.