Logo
news content
User
Kateqoriyalar

Analitika

Dindarlar niyə saxlanılıb? 
İlham İsmayıl: "Bu, həm də İrana xəbərdarlıqdır"

Oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə məlumat yayıldı. Onun özü sosial şəbəkədəki hesabından canlı yayım açaraq, mənzilində axtarış aparldığını və hüquq mühafizə orqanları tərəfindən çağırıldığını bildirib. Gecə saatlarında isə o, DTX-da şahid qismində dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.

Həmin gün Azərbaycan Ruhanilər Məclisinin üzvləri - Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov və Təmkin Cəfərovun da saxlanıldığı bildirilir. Məlumata görə, onlar həm də dini maide.az saytının əməkdaşlarıdır. 

Həmin şəxslərin yaxınları mətbuata bildirib ki, onları oktyabrın 19-da saat 16-17 radələrində DTX əməkdaşları saxlayıb, sonra evlərində axtarış aparılıb: "Kompüterlər və telefonlar götürülüb. Səhər saatlarında Cəlal Şəfiyevi və Qadir Məmmədovu sərbəst buraxsalar da, bir neçə saat sonra onları yenidən saxlayıblar".

Onu da xatırladaq ki, Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru Sərdar Hacıhəsənli (Babayev) ötən ilin fevralında həbs müddəti başa çatdıqdan sonra sərbəst buraxılmışdı. O, 2017-ci ildə 3 il həbs cəzası almışdı. Ona Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilmişdi. 

Qeyd edək ki, bu barədə hələlik Dövlət Təhlükəsizliyi Xidməti rəsmi açıqlama yaymayıb. 

Dindarların saxlanması ölkədə günün əsas müzakirə mövzularından birinə çevrilib. Sosial şəbəkələrdə onların istintaqda dindirilməsi ilə bağlı irəli sürülən əsas versiyalardan biri, həmin insanların İran İslam Respblikasının xüsusi xidmət orqanları ilə bağlı olduqları barədədir. Azərbaycanla İran arasında münasibətlərin böhranlı dövründə bu iddia daha cəlbedici görünür. Əks fikirlərdə isə onların inanclı şəxslər olduğu, hər hansı xarici ölkənin kəşfiyyat orqanlarına bağlı olmadıqları bildirilir. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl old.old.pressklub.az-a bildirib ki, tarixən bütün ölkələr marağında olduğu başqa ölkədə casus şəbəkəsinin yaradılması, informasiya mənbələrinin əldə edilməsi ilə məşğul olublar. Onun sözlərinə görə, İranın Azərbaycanda casus şəbəkəsi isə yalnız informasiya əldə olunbmasına yönəlməyib, həm də İran islam inqilabı ideyalarını bizim ölkədə yayıb dünyəvi dövlət quruluşunu dəyişməyə və şəriət dövləti qurmağa istiqamətlənib. "Bu, Azərbaycan Respublikasına və onun xüsusi xidmət orqanlarına məlumdur, sadəcə bəzən iki ölkə arasında münasibətləri gərginləşdirməmək üçün, eyni zamanda din pərdəsi altında fəaliyyət göstərən müəyyən qismin əməllərində hələ ki, dövlətə xəyanət və satqınlıq əlamətlərinin olmamasını nəzərə alaraq, onları məsuliyyətə cəlb etməyiblər", - deyə ekspert vurğulayıb. 

İlham İsmayıl hesab edir ki, yaranmış vəziyyət, İranın işğalçı Ermənistana məlum dəstəyi, Azərbaycan dövlətini müharibə ilə hədələməsi, buradakı açıq və gizli şəbəkəsinin fəallaşması bu istiqamətdə yeni əməliyyat şəraiti formalaşdırır: "Ona görə, cinayət məsuliyyətinə cəlb etmədən öncə bəzi şəxslərə qarşı profilaktik, xəbərdaredici, yeri gələndə rəsmi çəkindirmə elan edilməsi kimi tədbirlərin görülməsi zəruridir. Dövlət Təhlükəsizlik Xidmətinin bəzi dindar, ilahiyyatçı şəxsləri saxlaması onu göstərir ki, bu adamların əməllərində artıq bəzi sərhədlər keçilib və saxlanılan şəxslərin apardığı iş Azərbaycan dövlətinin təhlükəsizliyinə ciddi zərər vura bilər və ya artıq vurmaq ərəfəsindədir. Ona görə də artıq həmin şəxslərin saxlanılması, görülən profilaktik tədbirlər zərurət həddinə çatıb". 

Ekspert əlavə edir ki, bu tədbirlərin ictimailəşməsi digərlərinə, həm də onlara göstəriş verən və ya təsiri altına salan ölkəyə-yəni İrana da xəbərdarlıqdır. "Bu şəbəkənin kifayət dərəcədə geniş olmasını və fəaliyyətlərinin insanlar üçün həssas sayılan din pərdəsi altında aparılmasını, ən əsası Azərbaycan dövlətinin təhlükəsizliyinə zərbə vurmağa yönəldiyini nəzərə alıb, daha sərt tədbirlərin görülməsini məqsədəuyğun hesab edirik", - deyə İ.İsmayıl vurğulayıb.

Turqut