Dəyişən siyasət – İran prezidenti hansı oyunu oynayır?
Pezeşkian Nyu-Yorkda Moskvanı təcavüzkar adlandırmaqdan da çəkinməyib
27 Sentyabr 2024
Bəs Moskvanın ayətullahlarla münasibətləri konkret olaraq necədir? İranın yeni rəhbərinin apardığı siyasət İran və Rusiya arasında imzalanması gözlənilən strateji əməkdaşlıq haqqında sazişin pozulmasına gətirib çıxara bilərmi?
Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (UNGA) iclasında çıxış edən Pezeşkian ölkəsinin xarici siyasətində yeni səhifə açacağına söz verib.
İran prezidenti sentyabrın 25-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşüb və bu görüşü “müsbət” adlandırıb. Pezeşkianın digər həmsöhbəti Çin diplomatiyasının rəhbəri Vanq Yi olmalıdır. İran prezidenti onunla Tehranın vaxtilə BMT Təhlükəsizlik Şurasının üzv dövlətləri, o cümlədən ABŞ, Çin və Rusiya ilə bağladığı “nüvə sazişi”nin yenilənməsini müzakirə etməyi planlaşdırır.
Beləliklə, İranın yeni prezidenti seçilməzdən əvvəl verdiyi vədləri yerinə yetirməyə başlayıb - İslam Respublikasına qarşı tətbiq edilən iqtisadi sanksiyaları yumşaltmaq üçün Qərblə münasibətləri yaxşılaşdırmağa çalışır.
Öz növbəsində Makron görüşdən sonra bildirib ki, Tehran öz nüfuzundan istifadə edərək Yaxın Şərqdəki gərginliyi azalda, xüsusən də “sabitliyi pozan subyektlərə” təsir edə bilər. Yelisey sarayının bu bəyanatını Livanın “Hizbullah” hərəkatına işarə kimi qiymətləndirmək olar. Fransa prezidenti həmçinin Tehranı Ukrayna münaqişəsində Rusiyanı dəstəkləməməyə və onu silahlarla təchiz etməyi dayandırmağa çağırıb.