Logo
news content
User
Kateqoriyalar

Analitika

Deputata həbs cəzası
Polisə əl qaldırmaq Eldəniz Səlimova baha başa gəldi

2020-ci il parlament seçkilərində 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilmiş Eldəniz Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib. Dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hafiz Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası Eldəniz Səlimova həbs cəzası kəsməklə yanaşı, ona azadlığa buraxıldıqdan sonra 2 il 6 ay rəhbər vəzifələrdə çalışmağı da qadağan edib.

45 yaşlı keçmiş deputat Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirli bilinib. O, Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevə qarşı fiziki güc tətbiq etməkdə ittiham olunurdu.

Hadisə iyulun 29-da gecə saatlarında Xaçmazda baş verib. Polis əməkdaşı deputatın qohumuna məxsus “Starıy Dvor” restoranına gələrək pandemiya ilə əlaqədar gecə saat 12-dən sonra restoranın bağlanmasını tələb edib. Bunu eşidən deputat həmin polisi evindən çağırtdırıb. Restoranda polislə onun arasında mübahisə yaranıb. Eldəniz Səlimov polisi təhqir edib və vurub. Hadisə vaxtı onun sərxoş vəziyyətdə olduğu iddia edilir.

Deputatın işi üzrə məhkəmə prosesi ictimaiyyətdən gizli keçirilib və jurnalistlər zala buraxılmayıb. Bu səbəblə orada nələrin açıqlandığı, hansı ifadələrin səsləndiyi məlum deyil.

Həbsindən əvvəl yaydığı açıqlamada Eldəniz Səlimov özünü qismən təqsirli bilmişdi. O, əməlinin yanlış olduğunu etiraf edərək üzr istəsə də, bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu da vurğulamışdı: “Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub...”

Hadisədən sonra baş prokuror Kamran Əliyev Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi üçün Milli Məclisə müraciət edib. Müraciət təmin edilib və onun toxunulmazlığı ləğv olunub. Ardınca E.Səlimov təqsirləndirilən şəxs qismində cəlb edilib və avqustun 3-də məhkəmənin qərarıyla onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü elan edildikdən az sonra açıqlama verən Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib ki, Eldəniz Səlimovun deputat səlahiyyətlərinə artıq xitam verilib. “Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib”, - deyə N.Həsənov “Report”a açıqlamasında bildirib. O, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə istinad edib. Orada yazılıb ki, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir.

Lakin Eldəniz Səlimov haqqında məhkəmə hökmü çıxarılsa da, bu hökm hələ qüvvəyə minməyib. Hökmdən 20 gün ərzində apellyasiya verilə bilər. Əgər E.Səlimov hökmlə razılaşmayıb, şikayət versə, o halda apellyasiya məhkəməsinin qərarından sonra bu hökm qüvvəyə minmiş sayılır. Yox, əgər şikayət verilməsə, hökmdən 20 gün keçdikdən sonra hökm qüvvəyə minir. Göründüyü kimi, Konstitusiyada qanuni qüvvəyə minmiş hökmdən söhbət gedir. Hələ ki bu vəziyyət yaranmayıb.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunmuş E.Səlimov bu hadisədən bir neçə gün sonra YAP-dan da çıxarılıb.

Gülər