Logo
news content
User
Kateqoriyalar

Analitika

Daha 2 bankın bağlanması bank sektoru üçün nə vəd edir?

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə daha 2 bankın - “AGBank” ASC-nin və “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib.

Xatırladaq ki, Mərkəzi Bankın 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr müvәqqәti inzibatçıya keçmişdi. Ertəsi gün “Atabank” və “Amrahbank”ın lisenziyaları ləğv edildi.

Ötən günlər ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib, müvafiq qiymətləndirmələr aparılıb. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə “AGBank” və “NBCBank”ın da lisenziyaları ləğv edilib. Hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Mərkəzi Bank bildirib ki, lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir: “Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya olunur. Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Ləğv edilmiş bankların hamısı Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək.“

Mərkəzi Bankın son qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, son günlər 4 bankın lisenziyasının ləğvi maliyyə-bank sistemində problemlərin həll edildiyi anlamına gəlmir:

“Hələ də bazarda zəif olan banklar var, pandemiya və karantin də bankların zəifləməsinə səbəb olur. Hökumət hələ ki bank sektorunda yaranan və daha da artacaq problemlərin həll yolunu təklif etməyib, önləyici tədbirlər görməyib. Məncə, payız aylarında banklarda toksik, problemli kreditlər artacaq, çünki hökumət sentyabra qədər bütün növ kreditlərlə bağlı gecikmələrə görə dəbbə pulu, yəni cərimələr hesablanmaması üçün banklara tövsiyə verib. Sentyabra qədər problemli kreditlər kəskin arta bilər. Ona görə də, bank sektorunda stress vəziyyəti hələ bir müddət davam edəcək. Bu qərar həm də bank sektoruna yeni-yeni bərpa olunmağa başlayan güvəni ciddi şəkildə sarsıtdı. Bank sektorunda güvən çox önəmlidir, dörd bankın qapadılması vətəndaşların davranışına təsir göstərəcək.”

Digər iqtisadçı ekspert Samir Əliyev isə qeyd etdi ki, 4 bankın bağlanması 2015-ci ildə baş vermiş devalvasiyanın bank sektoruna neqativ təsirinin nəticəsidir:

“Təəssüf ki, tənzimləyici qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatasının vaxtında zərur tədbir görməməsi sonda vəziyyətin bu həddə gəlib çıxmasına səbəb oldu. Bağlanan bankların bank sektorunda payı 5%-dən çox deyil, amma bu hal bank sektorundan əmanət qaçışını sürətləndirəcək, eyni zamanda bank sektorunda təmərküzləşməni (konsentrasiyanı) gücləndirəcək. İri banklar daha da böyüyəcək, kiçik banklar isə sıradan çıxacaq...”

Press Klub