Logo
news content
User
Kateqoriyalar

Analitika

Dağlara sığınan hüzur, “Allah dadaa yetsin” alqışı, Zəngəzurun beşulduzlu evləri - REPORTAJ
Uçuq daşlarının üzərində qurulan Ağalıda bir gün

Dağların qoynunda sakit, hüzurlu gözəl bir yerdir. O dağlar ki, onlara “sahib çıxa” bilmədiyinin ağrısını uzun illər yaşayıb. İndi qolları arasına alıb və hüzura qovuşub, bir də heç vaxt buralara ağrı-acının gəlməyəcəyinə əminliklə bağrına basıb kəndi. İndi elə bil, dünyanın dərd-sərinin buralara “ayağı düşməyib”. Təbiəti cavan və gözəl, suyu, havası büllur kimi saf. Ona görə cavan dedim ki, torpağa atılan hər toxum, şitil təzə-təzə boy verir, təbiət orda yenidən yaranır. “Nə əkirik, bitir” - deyirlər. Torpaq sevinir, “sizi əvvəlki günlərinizə qaytaracam” - deyir insanlara. İnsanların üzü gülür. O insanların ki, 28-30 il əvvəl o torpaqdan zorla qoparılıb, zillətə atılmışdılar. Bu həmin o yerdir ki, düşmən daşı daş üstündə qoymamışdı, torpağına, suyuna da insanına olduğu kimi divan tutmuşdu. Torpağının da, suyunun da, insanının da yaraları artıq qanamır, qaysaq bağlayıb sağalır, bütün acıları unudub, yenidən yaşamağa başlayıblar. Adama elə gəlir ki, onlara baxıb Günəş də gülümsəyir, buludların da üzü ağarıb.

Ağalı kəndindən danışıram. Zəngilanın ağıllı Ağalı kəndindən. Burda həyat bir başqadır. Mayın 28-də Zəngilanın Ağalı kəndinə ilk qayıdışın bir ili tamam olacaq. Hələ bizim gəlişimizin məqsədi bu bir ili qeyd etmək deyil. 

Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonunun Ağalı kəndində Beynəlxalq Ailə gününə həsr olunmuş “Ulduzlu ev” müsabiqəsi keçirir. Biz də bu müsabiqənin münsiflər heyətində təmsil olunuruq. 

Deməli, Ağalı sakinlərinin həyətə baxımını 5 meyar üzrə - bağçılıq, quşçuluq, həyətyanı sahənin dizaynı, kreativlik və qarşılanmaya görə qiymətləndiririk. Həyətlər hamısı gözəldir, gül bülbülü, bülbül gülü çağırır. Kiminin toyuq-cücəsi daha çoxdur, kimi bostan əkib, digəri yalnız tərəvəzlə, ağacla kifayətlənib. Bütün bunları xüsusi zövqlə, səliqə ilə edənlər, dekora üstünlük verənlər də var. Elə bil, hər biri çalışır ki, həyəti o birininkindən daha gözəl olsun. Bizim də məqsədimiz elə budur. Qoy, ilbəil Ağalı daha da gözəlləşsin, geri yox, irəli getsin, burda həyat daha qaynar, daha gözəl olsun. Odur ki, bu 5 meyarın hamısını özündə əks etdirən həyətə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin hazırlatdığı ulduzlar hədiyyə olunur, kiminə 1, kiminə 2, hətta 3 ulduz qazanan həyətlər oldu. Hədəf isə 5 ulduzdur. Kimin həyətinə 5 ulduz hədiyyə olunacaqsa, o həyət ən gözəlidir. Ulduzlar həyət darvazasına vurulacaq. Onu da deyim ki, müsabiqənin ənənəvi, yəni hər ilin mayında keçirilməsi planlaşdırılır. 

İndi sizə həyət sakinlərinin bizim gəlişimizə və müsabiqəyə münasibətindən bəhs edim. Çox maraqlı idi. Hamısı toyuq-cücəsinin çox olmasından, onlara yaxşı baxmasından ağızdolusu danışır, dinləyirik, amma həm də gözümüz görənə üstünlük veririk. İnsafən, hamısı düzünü deyir. Böyük maraq və sevgi ilə qulluq edirlər həyətə, saxladıqları heyvanlara. Keçisi olan var, ördək saxlayırlar, bal becərirlər. Suvarma sistemləri də ən yüksək səviyyədə.

Növbənöv güllər, qızılgüllər əkiblər. Hələ 2 ay əvvəl köçənlərin toyuq-cücəsi yoxdur, “qonşuların cücələri çıxsın, alıb başlayacağıq artırmağa” deyirlər. Biri deyir ki, Sabunçuda 50 toyuğum bir gecənin içində yoxa çıxdı, həvəsdən düşdüm, burda yenidən başlamışam saxlamağa. “Xoşgəldin”ə gələnlər lap əvvəlki ənənələrə sadiq qalaraq, qoltuğuna hərə bir cücə vurub gəlib, qoy, onun da toyuq-cücəsi olsun deyirlər.

Buralarda belə adət olub, təzə ev olana, övladı dünyaya gələnə, oğlu əsgərlikdən qayıdana “xoşgəldin”ə, “mübarəkbadlığ”a qoltuğunda toyuq gəliblər. Adət-ənənələrin yaşadılması da çox yaxşıdır, təşviq edilməlidir. Bu yolla itirdiklərimizi bərpa edərik, hər el-oba özünə  qayıdar.

Ağalıya didərgin düşmüş it-pişik də qayıdıb. İtləri Ağdamın da dağıntıları arasında görəndə eyni fikir keçmişdi içimdən, görəsən, erməninin zülmündən qurtulmuş, qabırğası sananan bu heyvanın dili olsa, bizə nə deyərdi..?

Qarşılanmaya qalanda bizim millətə çatanı yoxdur, bu faktdır. Qarabağ, Şərqi Zəngəzur bölgəsi isə bu baxımdan bir addım da irəlidədir. İstilik, səmimiyyət, qonaq üçün xalça-palaz olub yollara döşənmək bunların genetik yaddaşındadır. O gözəl, şirin, bu sətirlərin müəllifinə bir köynək daha doğma “Boyyy, xoş gəlmisıız” deyib darvazanı üzünə açarlar, samovar qoyular, tez bir zamanda süfrə açılar, hər cür naz-nemətlə, sonra da “Alla dadaa... yetsin” deyib, bir də gəlməyi boynuna qoyub, yola salarlar adamı. Biz iş başında olduğumuzdan dəmə qoyulan samovar çaylarına da baxa-baxa həyətdən çıxmalı olurduq. Hər həyətdə də əldən-ayaqdan gedirdilər ki, “bircə çayımız içərdiniz”. Amma arada əl atıb tərəvəzdən, qıcıdan, keşnişdən, boyanadan yolub ağzımıza atırdıq. Boyana demiş, Ağalıda hamının həyətində var, amma nədənsə boyanaya şüyüd deyib durublar.  

Həyətlərdən birində kirkirə gördük. Ev sahibi dedi ki, öz həyətinin xarabalıqları arasından tapıb çıxardıb, öz kirkirələridir. İndi dekor kimi həyətin dizaynına əlavə edib. Hə, yadıma düşmüşkən deyim ki, Ağalının qalıqları onun yenidən tikilməsində istifadə edilib. Məsələn, köhnə qırıq daşlar kəndin giriş qalasına hörülüb, qala o daşlardan tikilib. Zəfər abidəsinin kənarları həmin daşlarla dizayn olunub. Küçələrə o daşlardan cığır salınıb və sair. Yəni özül həmin özüldür. 

Nə isə, Ağalıların 32-nin həyətyanı sahəsini “təftiş” etdik, hava qaraldı. “Kaspiy” qəzetinin baş redaktoru Vyaçeslav Sapunov, Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, mən - jurnalist Ramilə Qurbanlı, dizayner Ləman Əsgərova qeydlərimiz toplayıb, ümumi qərar çıxartdıq. Ağalı kənd sakinləri İlyas Ağalarov, Fərmayıl İsmayılov 1-ci yer, Umidvar Səlimov, Minayə Mahmudova 2-ci yer, Vəliyəddin Paşayev, Rəhilə Almuradova, Emin Quliyev, Minə Mirzəyeva, Baloğlan Mirzəyev 3-cü yerə layiq görülüblər. Daha doğrusu, onların təsərrüfatları. Qaliblərə diplom və hədiyyələr təqdim olundu. Sadalanan meyarlara cavab verən həyətlərə müxtəlif sayda ulduzlar verildi. Onların evləri oldu "Ulduzlu ev". Hamısı söz verdi ki, gələn ilki müsabiqədə onun evi ulduzlu olacaq. 

Ağalılara “Allah dadınıza yetsin” deyib, sağollaşdıq. Göy-göyərtidən, Ağalının ərik nübarından bizə sovqat da verdilər. Təki həmişə, həyətiniz, eviniz, yurd yerlərimiz abad, həyatınız firavan olsun. Digər işğaldan azad edilmiş torpaqlarımızda da həyat Ağalıda olduğu kimi qaynasın. 

Layihənin rəhbəri İlhamiyyə Rza bizi Ağalıdan dərhal ayrılmağa qoymadı. Ekskursiyaya çıxdıq. Ağalını elektriklə təmin edən Həkərinin bir qolunun üstündə tikilmiş qurğunu gördük. Çox maraqlı idi. Mənzərəsi bir başqa gözəl. Məktəbə getdik, sinif otaqları ən müasir avadanlıqlarla təchiz edilib. Bağçada balaca uşaqların nəğməsi adamı qarşılayır. Pəncərədən onları da seyr etdik. Məktəbin gənc direktoru Nərmin xanımla tanış olduq. Ailəsi ilə Ağalıya yerləşib, doğma yurda qayıdıb. Kim deyirsə gedənlər peşman olub, inanın ki, ağ yalandır, insanların xoşbəxtliyinə ancaq sevinmək olar. Çox məmnun və xoşbəxtdirlər. Elə ordan öz rayonumun icra nümayəndəsinə zəng vurdum ki, fikrim qətidir, mən kəndimə qayıdacam, mənə iş və mənzil planlaşdırın.   

Görüşənədək, dağlar qoynunda doğmalarını bağrına basmış abad Ağalı, sağ əlin Zəngilanın, Cəbrayılın, Ağdamın, Xocalının, Füzulinin başına. 

 

Ramilə Qurbanlı

Xüsusi olaraq old.pressklub.az üçün 

Zəngilan, Ağalı.

P.S. Ağalıdan qayıdanda öz kəndimdən keçib yol kənarında dəfn olunmuş şəhid məktəb yoldaşlarımın məzarını ziyarət etmək istədim. Məzarlığımız içəridədir, ora getmək olmur, mina təhlükəsi böyükdür. Yol kənarındakı o iki məzar isə təhlükəsiz yerdədir. Maşından düşüb gördüm ki, şəhidin bacıları və qardaşı məzarı başındadır. Çox xoş təsadüf oldu. Elə bildim bütün rəhmətlikləri ziyarət edib, bütün el-obamla görüşdüm.