Dağılan “izdivac” – Ermənistan addım-addım KTMT-dən uzaqlaşır
İrəvan təşkilatda səs hüququndan məhrum edildi, növbədə hansı addımdır?
12 Noyabr 2026
Ermənistan nümayəndələri Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri şurasının, müdafiə nazirləri şurasının və təhlükəsizlik şuraları katibləri komitəsinin birgə iclasında iştirak etməyiblər.
İclas başlamazdan əvvəl KTMT-yə üzv ölkələrin müvafiq qurumlarının rəhbərləri və təşkilatın digər nümayəndələri birgə foto çəkdirmək üçün jurnalistlərin qarşısına çıxıblar. Onların arasında Ermənistan nümayəndə heyəti olmayıb, ümumi sırada Ermənistan bayrağı isə ölkə təmsilçiləri olmadan qalıb. Baş nazir Nikol Paşinyan isə sammitin keçirildiyi noyabrın 11-də BMT-nin iqlim konfransında (COP31) iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb.
Daha sonra sammitdə KTMT ölkələrinin liderləri Ermənistanı təşkilatda səsvermə hüququndan və öz nümayəndələrini məsul vəzifələrə irəli sürmək imkanından məhrum etmək qərarına gəliblər. KTMT Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi barədə qərar görüş zamanı təsdiqlənib.
KTMT ölkələri bunun üçün “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinin 25-ci maddəsinin Ermənistan Respublikasına münasibətdə tətbiqi haqqında” qərar qəbul ediblər.
25-ci maddəyə əsasən, təşkilatın büdcəsinə olan borcun iki il ərzində ödənilməməsi halında “təşkilat çərçivəsində kvota üzrə vəzifələrə namizədlər irəli sürmək hüququnun dayandırılması, habelə səsvermə hüququndan məhrumetmə” barədə qərar qəbul edilə bilər.
Nizamnaməyə görə, Ermənistan borcunu tam ödədiyi təqdirdə KTMT-də hüquqlarını bərpa edə bilər.
“Bu məsələ müzakirə olundu və qərar qəbul edildi. Ermənistan bir neçə ildir öhdəliklərini yerinə yetirmədiyinə görə, təşkilatın nizamnaməsini rəhbər tutaraq, Ermənistanın səsvermə hüququndan, həmçinin KTMT-də öz nümayəndələrini məsul vəzifələrə təyin etmək hüququndan məhrum edilməsi təklif olundu və bu barədə qərar qəbul edildi”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiya tərəfinin açıqlamalarına görə, Ermənistan səsvermə hüququndan məhrum edilsə və təşkilatın idarəetmə orqanlarında iştirakı dayandırılsa da, kollektiv təhlükəsizlik hüququ da daxil olmaqla, müqavilə çərçivəsində malik olduğu digər bütün hüquqlar formal olaraq saxlanılır.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxarılmasının tərəfdarı olduğunu və bu baş verərsə, məmnun qalacağını bildirib. Onun sözlərinə görə, Ermənistan qarşıdakı beş il ərzində KTMT çərçivəsində fəaliyyətini fəallaşdırmaq niyyətində deyil və ölkənin təşkilata marağı tükənib.
Qeyd edək ki, Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında münasibətlər 2024-cü ildən dərin böhran və faktiki dondurulma vəziyyətindədir. İrəvanın iki ildən artıqdır üzvlük haqlarını ödəməməsi fonunda təşkilatda Ermənistanın hüquqlarının məhdudlaşdırılması proseduruna başlanılıb.
Ermənistan hakimiyyəti ölkənin KTMT-yə marağının “tükəndiyini”, təşkilatla münasibətlərin isə “geridönüşü olmayan nöqtəni keçdiyini” bildirir. Baş nazir Nikol Paşinyan dəfələrlə vurğulayıb ki, Ermənistan qarşıdakı beş il ərzində təşkilat çərçivəsində fəaliyyətini fəallaşdırmağı planlaşdırmır və KTMT özü ölkənin təşkilatdan çıxarılması barədə qərar qəbul edərsə, buna sevinəcək. İrəvan bu siyasətini təşkilatın müttəfiqlik öhdəliklərini yerinə yetirməməsi və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına lazımi reaksiya verməməsi ilə əsaslandırır. Ermənistan rəhbərliyinin fikrincə, bu, ölkənin suverenliyi üçün təhdidlər yaradıb.
KTMT Katibliyində və Rusiya Xarici İşlər Nazirliyində vurğulayırlar ki, üzvlük haqlarının ödənilməməsinə görə sanksiyaların tətbiqi nizamnamədə nəzərdə tutulmuş sırf texniki prosedurdur və borc tam ödənilənədək qüvvədə qalır. Bununla yanaşı, təşkilat Ermənistanı üzvlükdən çıxarmağı planlaşdırmır və ölkənin tamhüquqlu fəaliyyətə qayıtması üçün qapıları açıq saxlayır. Qeyd olunur ki, İrəvan təşkilatdan çıxmaq barədə rəsmi bildiriş təqdim etməyənədək hüquqi baxımdan KTMT üzvü olaraq qalır.
2025–2026-cı illərdə İrəvan KTMT-nin sammitlərini, təlimlərini və nizamnamə orqanlarının iclaslarını boykot edib, həmçinin 2025 və 2026-cı illər üzrə üzvlük haqlarını ödəməyib. Bu da bu gün Ermənistanın hüquqlarının məhdudlaşdırılması proseduruna başlanması üçün formal əsas olub.
Baş nazir Nikol Paşinyanın qarşıdakı beş il ərzində KTMT çərçivəsində fəaliyyətini fəallaşdırmaq niyyətində olmadığını bildirməsi, eyni zamanda təşkilatın Ermənistanın üzvlükdən çıxarılması barədə özü qərar qəbul edəcəyinə ümid etməsi hansı məntiqə əsaslanır?
Ermənistanın səsvermə hüququndan məhrum edildiyi, lakin kollektiv təhlükəsizlik hüququnun formal olaraq saxlanıldığı vəziyyətin praktiki nəticələri nədən ibarətdir? Ermənistan nümayəndələrinin birgə iclaslarda, təlimlərdə və ümumi foto çəkilişində iştirakdan nümayişkaranə şəkildə imtina etməsi hansı diplomatik məqsədə xidmət edir?
Nikol Paşinyanın Moskvada KTMT sammitinin keçirildiyi gün Türkiyədə BMT-nin iqlim konfransında iştirak etmək qərarı İrəvanın xarici siyasət prioritetlərinin dəyişməsi baxımından nəyi göstərir?
Təşkilatın Ermənistan üçün “qapıları açıq saxlaması” fonunda ölkənin KTMT çərçivəsində tamhüquqlu fəaliyyətə qayıtması üçün zəmin varmı, yoxsa mövcud böhran qaçılmaz olaraq hüquqi baxımdan tam ayrılma ilə nəticələnəcək?
Pressklub.az-ın suallarını Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyov cavablandırıb.

Onun sözlərinə görə, Nikol Paşinyan bu məsələ ilə bağlı deyilməsi vacib olan və mümkün olan hər şeyi özü deyib.
“Ermənistan nə keçmişdə, nə indi, nə də gələcəkdə KTMT-dən hər hansı dəstək alıb və ala biləcək. Birincisi, KTMT-nin digər üzvləri – Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan coğrafi baxımdan Ermənistandan uzaqda yerləşirlər. İkincisi, onların Ermənistana hətta siyasi bəyanatlar səviyyəsində belə dəstək göstərmək istəyi yoxdur, real yardımdan isə söhbət belə gedə bilməz. Əvvəllər KTMT-nin faydası Rusiyadan silahların daxili qiymətlərlə alınmasından ibarət idisə, indi Rusiya Ukrayna ilə müharibə şəraitində özü dünyanın hər yerindən silah axtarır. Hətta Ermənistanın pulunu əvvəlcədən ödədiyi silahlar da tədarük edilməyib, həmin vəsait isə əvvəlki borcların əvəzinə hesablanıb.
Bununla əlaqədar Nikol Paşinyan KTMT-də qalmağın mənasını görmür və ölkənin təşkilatdan çıxarılmasına imkan verən normanın mövcudluğuna diqqət çəkir. O, həmin normanın tətbiqini təklif edir, çünki Ermənistan qarşıdakı beş il ərzində – ən azı hazırkı parlament çoxluğunun səlahiyyət müddəti ərzində – KTMT-nin fəaliyyətində iştirak etmək niyyətində deyil”, – ekspert qeyd edir.
Bununla yanaşı, onun sözlərinə görə, Ermənistanın Rusiya ilə təhlükəsizlik və hərbi bazalar məsələlərinə dair ikitərəfli sazişləri qüvvədə qalır.
“Rusiya öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə, Ermənistan bu münasibətləri ikitərəfli formatda davam etdirəcək. Lakin KTMT-nin özünə ehtiyac duymur. Ermənistanın KTMT-də iştirakı yalnız Rusiyanın öz rəhbərliyi altında hərbi-siyasi blokun mövcudluğu görüntüsünü qorumaq istəyinə xidmət edir. Ermənistan isə bu cür “oyunda” iştirak etmək istəmir.
Paşinyan nümayişkaranə şəkildə KTMT-nin hazırlıq tədbirlərinə nümayəndələr göndərməkdən imtina edir, özü də təşkilatın fəaliyyətində iştirak etmir və Türkiyədə keçiriləcək COP sammitinə gedir. Rusiya isə Ermənistanın KTMT-də iştirakını, heç olmasa formal olaraq, qoruyub saxlamağa, hətta Ermənistan bayrağının təşkilatda qalmasına çalışır. Moskva bununla hökumət dəyişəcəyi təqdirdə Ermənistanın təşkilata yenidən qəbul edilməsi prosedurundan keçməməsinə, sadəcə iştirakını bərpa etməsinə ümid edir. Bununla belə, təşkilatdan çıxmaqda qeyri-adi heç nə yoxdur: Özbəkistan da əvvəllər KTMT-nin üzvü olub, sonra təşkilatdan çıxıb”, – deyə Musabəyov xatırladıb.
Rauf Orucov