Logo
news content
User
Kateqoriyalar

Xəbər

II Qareginin qardaşına həbs cəzası verildi

Ermənistanda məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyanı 3 il müddətinə şərti azadlıqdan məhrum edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə hakim Gevorq Manukyan qərarı elan edərkən bildirib.

Məhkəmənin hökmünə əsasən, katolikosun qardaşı oğlu Ambartsum Nersisyan isə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzasının icrası övladı 6 yaşına çatanadək təxirə salınıb.

Qeyd edək ki, cinayət işi bələdiyyə deputatlığına namizəd Harutyun Mkrtçyanın şikayəti əsasında açılıb. O iddia edib ki, noyabrın 1-də Gevorq Nersisyan və oğulları onun seçkiqabağı təşviqat aparmasına mane olublar.

Müdafiə tərəfi isə ittihamları rədd edərək hər hansı qarşıdurmanın yaşanmadığını bildirib. Vəkillərin sözlərinə görə, müşahidə kameralarının görüntüləri katolikosun qohumlarının yalnız “Respublika” partiyasının seçkiqabağı toplantısında iştirakdan imtina etdiyini göstərir.

Xatırladaq ki, məhkəmə prosesi Ermənistanın Baş naziri Nikol Paşinyanla II Qaregin arasında davam edən siyasi qarşıdurma fonunda baş tutub. Paşinyan katolikosun vəzifədən uzaqlaşdırılmasını istəyir. Tərəflər arasında münasibətlər 2020-ci ildə II Qareginin İkinci Qarabağ müharibəsindən sonra Paşinyanı istefaya çağırması ilə daha da gərginləşib.