Logo
news content
User
Kateqoriyalar

Analitika

Ceyhun Salmanov: “Kaliforniyadan sonra başqa texnoloji mərkəzlərdə də Azərbaycan innovasiya evləri açılacaq”

Fevralın 20-də ABŞ-ın Kaliforniya ştatındakı Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evi açılıb. İnnovasiyalar Evi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb. Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov İnnovasiyalar Evinin fəaliyyəti və digər mövzularla bağlı suallarımızı cavablandırıb.

- ABŞ-dakı məşhur Silikon Vadisində Azərbaycan İnnovasiya Evinin açılması ideyası nə zaman və hansı məqsədlə ortaya çıxıb? Bu ideyanın baş tutması üçün görülmüş konkret işlərdən danışmağınızı istərdik. 

-   Azərbaycan Respublikasının prezidenti cənab  İlham Əliyevin apardığı iqtisadi siyasətin tərkib hissəsi olaraq  ölkəmizdə startap ekosisteminin formalaşması və inkişaf prosesi sürətlə davam edir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq məqsədilə bir sıra uğurlu işlər həyata keçirilir. Bir müddət öncə, 2018-ci ilin sonunda ölkə rəhbərliyinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi açıldı. Bununla da ölkədə inovasiyalar sahəsində canlanma yarandı və qarşıya yeni hədəflər qoyuldu.

Ötən bir il ərzində “INNOLAND”  İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən maliyyə, turizm, kənd təsərrüfatı, texnologiya, hüquq sahələrini əhatə edən texnoloji innovasiya mövzusunda 80-dən çox yerli və beynəlxalq tədbir təşkil olunub ki, bu tədbirlərdə ümumilikdə 5.500-dən çox adam iştirak edib. Mərkəzdə təşkil olunmuş İnkubasiya proqramı 22, Akselerasiya proqramı isə 24 startap layihəsini əhatə edib.  Cəlb olunmuş investisiyaların həcmi 1 200,000 AZN-dən artıqdır və qeyd olunmalıdır ki, investorların 25%-i xarici investorlardır.

Bu prosesə təkan vermək və daha da sürətləndirmək məqsədilə startap mərkəzləri olan məntəqələrlə əlaqələrin qurulması labüd idi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Kaliforniyada Azərbaycan İnnovasiyalar Evi yaradıldı.

- Kaliforniya ştatındakı və ümumən ABŞ-dakı həmvətənlərimizin bu məsələnin reallaşmasında rolu və iştirakı necə oldu?

- Öncə qeyd edim ki, bir müddət əvvəl Azərbaycanda və dünyanın bir sıra ölkələrində yaşayan həmyerlilərimizin təşəbbüsü və “INNOLAND”in dəstəyi ilə “Tech Diaspora” yaradılıb. Bu diasporanın əsas məqsədi xaricdə yaşayan, innovasiyalar və yüksək texnologiyalar sahəsində çalışan həmyerlilərimizin şəbəkəsini yaratmaqdır. Təbii ki, bu diasporanın bilik və bacarıqlarından ölkəmizdə startap ekosisteminin inkişafı üçün də istifadə ediləcək. Qeyd etdiyimiz kimi, Kaliforniya ştatında çoxlu sayda həmyerlilərimiz yaşayır və çalışırlar. Onların bir hissəsi  “Facebook”, “Google”, “Walmart”, “WeTravel”, “Hazelcast”, “Uber”, “Amazon”, “Expedia Group” kimi şirkətlərdə işləyir. Məsələnin reallaşması zamanı onların da dəstəyi oldu və bundan sonra da öz dəstəklərini əsirgəməyəcəklərinə inanıram.

- İnnovasiyalar Evinin əsas məqsədi nələrdən ibarət olacaq? Planlaşdırılan işlər haqqında məlumat verə bilərsinizmi? 

- İnnovasiyalar Evinin yaradılması imkan verəcək ki, yerli startaplarımız bir neçə aylıq proqramlarla Silikon Vadisində olsunlar, bu sahədə baş verən yenilikləri yaxından izləsinlər. Uğura gedən yolda görülməli olan işlər və nəzərə alınmalı olan məsələləri bilavasitə mənbədən öyrənsinlər. Təbii ki, bu Mərkəzin yaradılması Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən azərbaycanlıların ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsi, sözügedən şəxslər və qurumlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunması baxımından da əhəmiyyətlidir.

Dünyada startaplara qoyulan investisiyaların məbləği durmadan artır. Ümumilikdə götürsək, startap bazarı investorların maraq dairəsindədir. Məşhur “CrunchBase” jurnalının məlumatına görə, təkcə ötən il ərzində Vençur fondları tərəfindən startaplara 294 milyard dollar investisiya yatırılıb.

Bu sahədə siyasəti müəyyən edən qurumlardan biri olaraq bizim məqsədlərimizdən biri yerli startaplara xarici investisiyaların cəlb edilməsi istiqamətində dəstək göstərmək, ölkəmizin daha çox innovasiyaya yatırım edən və intellektual məhsul ixrac etmə potensialı olan ölkə kimi mövqeyini möhkəmləndirməkdir. Nəzərə almaq lazımdır ki, innovasiya sahəsinin ölkəmizdə inkişafı üçün innovativ texnoloji sahədə olan trendlərin daim yaxından izlənilməsi və tətbiqi, yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi labüddür.

- Belə bir təşəbbüsün gələcəkdə daha hansı ölkələrdə həyata keçirilməsi nəzərdə tutulur?

- Azərbaycan İnnovasiyalar Evi ilk olaraq Kaliforniyada fəaliyətə başladı. Kaliforniya ştatı özü ayrılıqda dünyanın 5-ci böyük iqtisadiyyatı sayılır. Dünyada ən müasir kompüter və İT şirkətlərinin əsas mərkəzi olan Silikon Vadisi Kaliforniyada yerləşir. Növbəti Azərbaycan İnnovasiya evlərinin də Kaliforniya kimi inkişaf etmiş texnoloji mərkəzlərdə fəaliyyətə başlaması nəzərdə tutulub. İnanıram ki, Azərbaycan İnnovasiya evlərinin fəaliyyəti Azərbaycan startap ekosisteminin inkişafını və Azərbaycan startaplarının qlobal bazara çıxışını daha da sürətləndirəcək.

- Zaman-zaman sosial mediadan, eləcə də dost-tanışlardan eşidirik ki, Azərbaycandakı bacarıqlı proqramçılar, informasiya texnologiyaları üzrə mütəxəssislər vətəni tərk edirlər və başqa ölkələrdə çalışmağa üstünlük verirlər. Siz bu barədə nə deyə bilərsiniz və “beyin köçü”nün dayandırılması üçün hansı addımlar atılır?

- Sizin qaldırdığnız məsələ son dövrlər çox aktualdır. Məlumat üçün bildirim ki, araşdırmalara görə, dünyada hər 35 nəfərdən biri “beyin mühaciri”dir. Hər il dünyada orta hesabla 300 min insan beyin immiqrasiyasına məruz qalır. Yeri gəlmişkən, qeyd edim ki, dünyada “beyin axını”nın yarıdan çoxu, yəni 54%-i ABŞ-a doğru olur.

Bu prosesin qarşısını almaq çox çətindir. Lakin biz müxtəlif vasitələrlə bu prosesi mülayimləşdirə bilərik. Əvvəldə qeyd etdiyimz “Tech Diaspora” ölkəmizi tərk etmiş və innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Biz düşünürük ki, bu yolla biz həmin beyinləri yenidən istifadə edə və bu təhlükəni fürsətə çevirə blərik.

Bundan başqa, bir çox hallarda digər ölkələrə miqrasiya edənlər yeni texnologiyaları öyrənmək, bilik və bacarıqlarını artırmağı hədəfləyirlər. Biz gərək ölkəmizdə elə mühit yaradaq ki, həmin şəxslər burada da istədikləri bacarıqlara yiyələnə bilsinlər. Bu baxımdan yerli İT şirkətlərinin üzərinə çox böyük iş düşür.

Dövlət Agentliyi olaraq bizim əsas funksiyalarımızdan biri ölkəmizdə rəqəmsal transformasiyanı sürətləndirməkdir. Bu məqsədlə 2018-ci ildə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi də yaradılıb. Mərkəz yerli şirkətlərlə çox yaxından işləyir və müxtəlif özəl-dövlət tərəfdaşlığı (PPP) layihələrini həyata keçirir. Tam fəaliyyətə başladığı son bir il ərzində artıq mərkəzdə Data analitika və süni intellektlə bağlı əhəmiyyətli tədqiqatlar aparılır, yeni texnologiyalar öyrənilir. İnanırıq ki, görülən bu və digər işlər həm ölkəmizdə rəqəmsal transformasiyanı sürətləndirəcək, həm də yerli mütəxəssislərin ölkəmizdə də rahat şəkildə inkişafına şərait yaradacaq.

Müsahibəni hazırladı: Ülviyyə Şahin