Logo
news content
User
Kateqoriyalar

Analitika

Cəsəd doktrini
Ölümündən 100 il ötən Leninin cəsədi siyasi məqsədlərlə necə istifadə olunur?

Yanvarın 21-də Vladimir Leninin ölümündən 100 il ötdü. Təəccüblüdür, amma o, çağdaş Rusiyada belə müəyyən mənada önəmli siyasi fiqur olmaqda davam edir. Hakimiyyət vertikalının bəzi iştirakçıları – məsələn, Ramzan Kadırov və Vladimir Medinski – lap yaxınlarda Lenini mavzoleydən çıxarmağı təklif edirdilər, digərləri isə buna qarşı çıxırdılar. Lakin Rusiya siyasətinin ideologiyalaşdırılması və müharibə fonunda bu söhbətlər kəsildi, dövlət isə sovet təcrübəsinə get-gedə daha çox istinad edir. “Meduza”nın xüsusi müxbiri Andrey Pertsev hakimiyyətin son 20 il ərzində “Lenin məsələsi”ndən öz xeyrinə necə istifadə etməsindən danışır.

2000-ci ilin dekabrında liberal “Sağ qüvvələr ittifaqı”nın (SPS) Duma fraksiyası Vladimir Putinə müraciət ünvanlayaraq Lenini basdırmağı təklif etdi. Fraksiya deputatları mavzoleydə “XX əsr siyasi sarsıntılar qurbanlarının” xatirə muzeyinin yaradılmasını istəyirdilər.  

Müraciətin əsas təşəbbüskarlarından biri deputat Boris Nadejdin idi. İndi o, Putinin (və müharibənin) əleyhinə çıxış edir və 2024-cü ilin prezident seçkilərində iştiraka ümid edir. Həmin vaxt SPS-in həmsədri Sergey Kiriyenko idi – Kremlin daxili siyasət blokunun gələcək başçısı. 20 il keçəndən sonra məhz onun tabeliyindəki işçilər Rusiya üçün yeni ideologiya hazırlayacaqlar ki, o da çox şeydə sovet təcrübəsinə söykənəcək. Kiriyenko özü isə Mariupolda “qırmızı bayraqlı nənə” abidəsinin açılışında iştirak edəcək. 

Kiriyenkonun iki tanışı “Meduza” ilə söhbətdə iddia edirlər ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində Kiriyenko Leninin dəfninin səmimi tərəfdarı idi: “Bu, o dövrün bütün demokratlarının arzusu, simvolik jest idi, soveti basdırmaq, onun əsas simvolunu məhv etmək”.

Boris Nemtsov (o da SPS rəhbərliyinə daxil idi) xatırlayır ki, Boris Yeltsin də eyni mövqe tuturdu. Onun sözlərinə görə, 1998-ci ildə prezident hətta müvafiq sərəncam hazırlamağı tapşırmışdı. Amma aydın oldu ki, Rusiya qanunlarına görə, bunun üçün Moskva merinin də razılığı lazımdır. O vaxtkı mer Yuri Lujkov özü 1990-cı illərin əvvəllərində “Mavzoleyi uçurmağı” təklif edirdi, onilliyin sonunda isə fikrini dəyişdi. 

“Lujkov prezidentlik ambisiyalarını gizlətmirdi, kommunistlərlə dilxoşluq edirdi, bu səbəbdən də Lenini basdırmaq  ona sərf etmirdi, - Nemtsov danışırdı. – Lujkov Yeltsinin qəbul otağında oturub, prezident isə onu qəbul etmirdi, mənə zəng vurmuşdu: “Qəbul otağında oturub, Lenini basdırmaq istəmir. Qoy, otursun!” Lujkov da oturdu... Bir gün, iki, üç.. Bu dəfə artıq Yeltsin dözmədi, qəbul etdi. Yuri Mixayloviç də fürsəti fövtə vermədi: ölkədə destabilizasiya olacaq, qiyam, üsyan! Yeltsin düşündü və geri çəkildi”.

Kremldə sonralar da dəfn ideyasını dəstəkləyirdilər. 2000-ci illərin ortalarında bununla ciddi məşğul olmağı qərara aldılar və müxtəlif siyasi oyunçulara – bəzi qubernatorlardan parlament partiyalarına qədər – “Leninin dəfni mövzusundan istifadə etməyə” icazə verildi. 

Həmin kampaniyanın iştirakçılarından biri Ulyanovsk vilayətinin o zamankı qubernatoru Sergey Morozov idi. 2005-ci ildə o, Leninin vətənində, atasının yanında dəfn olunmasını təklif etdi. Həmin illərdə “Vahid Rusiya” partiyasının vilayət rəhbərliyində təmsil olunan mənbənin sözlərinə görə, Morozov Lenindən “yerli brend” kimi istifadə etmək fikrində idi. 

Təxminən həmin vaxt prezidentin Mərkəz dairəsi üzrə səlahiyyətli nümayəndəsi Georgi Poltavçenko (Sankt-Peterburqun gələcək qubernatoru) dəfnin lehinə fikirlər səsləndirdi. 

Rejissor Nikita Mixalkov daha irəli getdi və mavzoley ziyarətini “bütpərəstlik məzhəkəsi”, Leninin orada olmasını isə “anasının yanında dəfn edilməsini vəsiyyət edən mərhumun iradəsinin pozulması” adlandırdı. Hərçənd, bu feykdir, belə bir vəsiyyət mövcud deyil. 

Bununla belə, prezident administrasiyası praktiki addımlar atmağa cəsarət etmədi. “Meduza”nın mənbələrinin dediyinə görə, ilk növbədə, Rusiya cəmiyyətinin nisbətən az, amma əhəmiyyətli hissəsini qıcıqlandırmamaq üçün. “Levada-senter”in 2005-ci il sorğusunun nəticələrinə görə, rusiyalıların 51 faizi Leninin dəfninin lehinə, 40 faizi isə əleyhinə idi. “Bir çox insanlar öz həyatlarını Leninin adı ilə bağlayırlar. Leninin dəfni onlar üçün saxta dəyərlərə pərəstiş etmələri, qarşılarına saxta vəzifələr qoymaları və ömürlərini hədər yaşadıqları demək olacaq”, - Putin özü Kremlin mövqeyini belə izah edirdi. 

Sonrakı illərdə Leninin dəfni mövzusu, adətən, seçkilər öncəsi qabarırdı. Məsələn, 2007-ci ildə Duma kampaniyası zamanı vahidrusiyaçı Andrey İsayev, növbəti parlament seçkiləri öncəsi isə partiyadaşları Vladimir Medinski və Robert Şleqel (sonuncu indi Putinin əleyhinə çıxış edir) Lenini dəfn etməyi təklif edirdilər. 

Medinski partiyanın rəsmi saytında Leninin mavzoleydə qalmasının “Qırmızı meydanda cəfəng, bütpərəst-nekrofil missiya” olduğunu yazırdı. 

Amma 2011-ci il Dövlət Duması seçkilərindən sonra hər şey dəyişdi. Çoxsaylı saxtakarlıqlar Moskvada, Peterburqda və digər şəhərlərdə görünməmiş etirazlar doğurdu. Bundan sonra hakimiyyət “mühafizəkar dönüş” etdi. Həmin dönüşün bir hissəsi də sovet dövrü üçün nostalgiya idi. 

“Leninin dəfni bununla uyuşmurdu. Krımın ilhaqından və kommunistlərin də daxil olduğu “Krım konsensusu”ndan sonra heç uyuşmadı”, - 2010-cu illərin ortalarında prezident administrasiyası ilə işləyən siyasi texnoloq deyir. 

“Meduza”nın həmsöhbətlərinə görə, Kreml Leninin dəfnini gündəmə gətirməyi yalnız müəyyən təbəqəyə icazə verdi: LDPR nümayəndələri, monarxistlər, Qafqaz respublikalarının rəhbərləri və azsaylı “sistem libealları”na. Məsələn, Lenini Qırmızı meydandan götürməyi hələ də Çeçenistan rəhbəri Ramzan Kadırov və “Vahid Rusiya”dan keçmiş deputat Natalya Poklonskaya təklif edirdilər. 

Prezident administrasiyasına yaxın həmsöhbətlərdən biri deyir ki, “yeni oyun qaydaları”nı heç də hamı dərhal başa düşmədi. 2017-ci ildə “Vahid Rusiya”dan bir neçə deputat LDPR-in Lenini dəfn etmək təşəbbüsünə imza atdılar, amma sürətlə imzalarını geri çəkdilər. Qanun layihəsi də qəbul olunmadı – onu nə hökumət, nə parlament dəstəklədi. 

Həmin il Sergey Morozov da özü üçün ənənəvi mövzunu qaldırmağa bir daha cəhd etdi. “Dərhal PA-dan zəng etdilər ki, sən nə edirsən? İndi dövr başqadı, bu mövzuya daha toxunma”, - Ulyanovsk “Vahid Rusiya”sının keçmiş əməkdaşı “Meduza”ya danışır. 

Hətta Rusiya pravoslav kilsəsi belə Leninin dəfnindən daha ehtiyatlı danışmağa başladı. “Leninin cəsədinin gec, ya tez mavzoleydən çıxarılacağına şübhə etmirəm, çünki balzamlanmış meyidin paytaxtın lap mərkəzində olması həqiqətən də keçmişin qalığıdır. Ümid edirəm, müəyyən konsensus əldə olunacaq və cəsəd dəfn olunacaq”, - kilsənin nümayəndəsi mitropolit İllarion 2021-ci ildə deyirdi. O zamandan bəri RPK mövzuya toxunmayıb. 

Müharibənin başlanmasından sonra isə Leninin dəfni prezident administrasiyasının gündəliyindən tamamilə çıxdı (hərçənd, rəy sorğularına inansaq, buna qarşı olan rusiyalıların sayı xeyli azalıb). “Meduzanın həmsöhbətlərindən biri deyir ki, Kreml ideologiyasına görə, indi Rusiya min illik tarixi olan dövlət-sivilizasiyadır, SSRİ bunun, Lenin də SSRİ-nin parçası, mavzoley isə abidəsidir”.

Kremlin siyasi bloku ilə işləyən siyasi texnoloq daha birmənalı fikir yürüdür: “1990-cı illərdə Leninin basdırılmasını istəyənlər yeni Rusiya qururdular və o Rusiyada mavzoleydəki Leninə yer yox idi. Amma bu yanacaq tükəndi. İndi yenisini qurmurlar, keçmişi bərpa edirlər ki, bunun da parçası Lenin və qırmızı bayraqlı nənədir”

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2024/01/21/posle-smerti-lenina-proshlo-100-let-no-on-po-prezhnemu-lezhit-v-mavzolee-na-krasnoy-ploschadi