Logo
news content
User
Kateqoriyalar

Analitika

Cəbhəçilər indi də COVİD-19 infeksiyasını yaymaqda ittiham olunur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son 10 gündə həbs olunan fəallarının bir hissəsinə pandemiya ilə bağlı ittiham irəli sürülüb. Karantin rejimi qaydalarını pozmaqda ittiham edilərək 30 sutka inzibati həbs cəzası alanlarla yanaşı, koronavirusu yaymağa görə haqqında cinayət işi başlananlar da var. Məsələn, AXCP funkioneri Məhəmməd İmanlı, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov və s.

Onlara Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliyin yayılmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib. İddia olunur ki, bu adamlar COVİD-19 infeksiyasına yoluxduqları halda, küçəyə çıxıblar. Bununla da başqalarının yoluxmasına şərait yaradıblar.

AXCP-nin mətbuat xidməti və adları çəkilən şəxslərin yaxınları ittihamın saxta olduğunu bəyan ediblər. Bildiriblər ki, onlar orduya dəstək yürüşünə görə günlərlə polis idarəsində saxlanıldıqdan sonra bu ittiham ortaya çıxıb. M.İmanlı və M.İbrahimov iyulun 15-dən saxlanılıb. Amma cinayət işinin materiallarında onların paytaxtın ayrı-ayrı ərazilərində iyulun 20-də karantin rejimi qaydalarını pozub, SMS-icazəsiz, maskasız küçədə gəzərkən tutulduğu yazılıb. İttihama əsasən, sonradan ayrı-ayrı polis bölmələrində onlardan koronavirus testi götürülüb, nəticə müsbət çıxıb. Bu üzdən də barələrində cinayət işi başlanıb, ilkin istintaq getdiyi dövrdə həbsdə qalmaları haqda məhkəmə qərarı çıxarılıb.

Məmməd İbrahim “Press Klub”a bu haqda danışarkən bildirdi ki, ittiham yalandır, AXCP-yə heç bir aidiyyəti olmayan, futbol məşqçisi işləyən oğlu Mehdini məhz onun siyasi fəaliyyətinə görə cəzalandırırlar. AXCP üzvü olan digər iki oğlu hazırda Türkiyədə təhsil aldığına görə ölkədən kənarda olduğundan Mehdini qurban seçiblər: “İyulun 14-də yürüşə qoşulub, Şəhidlər Xiyabanına qədər gedib. Orada izdihamdan aralı, funikulyora yaxın bir yerdə dayanıb. Yürüşün sonunda aranın qarışdığını görüb evə qayıtmaq istəyib, yolda polislər saxlayıb. Özündən başqa 117 nəfərlə Xətai rayon 37-ci polis bölməsinə gətirilib. Orada 24 saat saxlanıldıqdan sonra 101 nəfər buraxılıb. Buraxılanların siyahısında Mehdinin də adı olub. Telefonunu da özünə qaytarıb, buraxılacaq olanların içində saxlayıblar. Son anda “idarədən göstəriş gəldi, sən qalırsan” deyib, telefonunu alıblar, sözarası atasının kim olduğunu vurğulayıblar”.

M.İbrahimin sözlərinə görə, koronavirus yaymağa görə ittiham 5 gün polis bölməsində saxlanıldıqdan sonra – iyulun 20-də ortaya çıxıb: “Əgər oğlum koronavirus daşıyıcısıdırsa, onu bir həftə polis bölməsində başqalarıyla birlikdə niyə saxlayıblar? Hamı gördü, məhkəməyə də polislərlə birlikdə eyni maşında gətirib-apardılar. Yalnız ağzında maska vardı, üstündə heç bir xüsusi geyim, hətta əlində əlcək belə yox idi. Polislər də qoluna girmişdi, əyinlərində heç bir xüsusi qoruyucu kostyum olmadan. Koronaviruslu xəstəni belə aparıb-gətirirlər? Əlbəttə ki, absurddur, yalandır...”

M.İbrahimovun vəkili Bəxtiyar Hacıyev “Press Klub”a bildirdi ki, Cinayət Məcəlləsinin 139-1.1 maddəsində məsuliyyət nəzərdə tutulan əməl qəsdən törədilən cinayət hesab edilir. Yəni şəxs öncədən koronavirus daşıyıcısı olduğunu bilməlidir:

“Sadəcə, “özü bilirdi” demək kifayət deyil, fakt, sübut olmalıdır. Ortada testin nəticəsi, həkim rəyi olmalıdır. Bu halda sübut olunar ki, adam əvvəldən virusa yoluxduğunu bildiyi halda, küçəyə çıxıb. Mehdi İbrahimovun özü də, ailə üzvləri də bildirir ki, onlar heç biri test verməyib. Çünki buna ehtiyac duymayıblar, narahatlıq hiss etməyiblər. İyulun 22-də Xətai rayon Məhkəməsində Mehdi İbrahimovun haqqında  həbs-qətimkan tədbiri seçilərkən onu məhkəməyə adi geyimdə gətirmişdilər. Polislərlə aralarında bir neçə santimetrlik məsafə vardı. Məhkəmədə də dedim ki, koronavirus daşıyıcısı olan adamın bu şəkildə saxlanması, gətirilib-aparılması harada görünüb? Əgər Mehdi İbrahimov gerçəkdən koronavirus daşıyıcısıdırsa, o zaman belə çıxır ki, onu bu cür saxlamaqla elə məhkəmə zalında da virusun yayılmasına şərait yaradılır...”

M.İbrahim İdman Akademiyasının məzunudur, İspaniyada “Real” (Madrid) futbol klubunda kurs keçib, UEFA ona lisenziya verib.

AXCP fəalı Məhəmməd İmanlı da barəsində həbs-qətimkan tədbiri seçilərkən məhkəməyə heç bir xüsusi geyim, tibbi maskadan başqa qoruyucu vasitə olmadan gətirilib. Bu barədə “Press Klub”a partiyadan məlumat verilib: “Sabunçu rayon Məhkəməsinə adi geyimdə, polislərlə əhatə olunmuş şəkildə gətirilib. İş materiallarında yazıblar ki, guya iyulun 20-də küçədə karantin rejimini pozduğuna görə saxlanıb. Test edilib və koronavirusa yoluxduğu aşkarlanıb. Halbuki, partiya hələ mayın 16-da Məhəmməd İmanlının orduya dəstək yürüşünə görə saxlanması barədə məlumat yaymışdı. Bu da ittihamın saxtalığına dəlalət edən faktlardan biridir”.

Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 2500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gülər