Logo
news content
User
Kateqoriyalar

Analitika

Buraxılış və qəbul imtahanları ilə bağlı məsələlər necə tənzimlənəcək?

Koronavirus pandemiyası bütün dünyada, o cümlədən Azərbaycanda təhsil prosesini pozub. Orta təhsil müəssisələrində buraxılış imtahanlarının, eləcə də ali məktəblərə qəbul imtahanlarının necə, nə vaxt keçiriləcəyi barədə suallar ictimaiyyəti narahat etməkdədir. Biz, valideynləri, şagird və abituriyentləri narahat edən sualları və təhsil sahəsində verilən son qərarları Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə müzakirə etdik.

  • Cəsarət bəy, 9-cu siniflərin buraxılış imtahanları olacaqmı?
  • 9-cu sinif buraxılış imtahanları iki mərhələdə keçirilir. Bildiyimiz kimi, birinci mərhələ mart ayında oldu, ikinci mərhələ isə iyun ayında müxtəlif zonalar üzrə keçiriləcək. Bu tədris ilində imtahanların birinci mərhələsi mart ayında Bakı, Şirvan şəhərləri, Naxçıvan Muxtar Respublikasında təşkil edilib. Yaranmış epidemioloji vəziyyət səbəbindən digər zonalar üzrə imtahanların birinci mərhələsini keçirmək mümkün olmamışdı. İyun ayından başlayaraq 9-cu sinif imtahanlarının vahid mərhələdə keçirilməsi planlaşdırılır. Yəni yalnız bir mərhələdə Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında birinci mərhələ üzrə imtahan vermiş məzunların nəticələri elmi statistik hesablamalar edilməklə, 100 bala uyğunlaşdırılıcaq və ilkin qiymət hesablanacaq. Digır bölgələr üzrə isə məzunlar yalnız imtahanın ikinci mərhələsində iştirak edəcəklər ki, bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 bal olaraq hesablanacaq.
  • Ali məktəblərin son kursunda oxuyan və cari ilin məzunlarının hərbi xidmətə çağırış məsələsi necə tənzimlənəcək?
  • Bu, universitetlərdə yaz imtahan sessiyaları ilə bağlı məsələdir. Yaz imtahan sessiyalarının təşkili və xüsusən də dördüncü kursda tələbələrimizin imtahanları necə verəcəkləri ilə əlaqəlidir. Məlumat üçün deyim ki, 176 min tələbənin 40 minə yaxını, yəni 80%-i yekun qiymətləndirmədə iştirak edəcək. Onlar məzun olacaqlar və dövlət imtahanı verənlərin yekun atesstasiyası əksər hallarda təhsil aldıqları müddətdə əldə etdikləri ümumi orta müvəfəqiyyət göstəricisi əsasında aparılacaq. Bu qiymətləndirmə ilə razı olmayanlar növbəti tədris ili başlamazdan öncə, yəni avqust-sentyabr aylarında təşkil olunacaq dövlət imtahanlarında iştirak edə bilərlər. Buraxılış işinin müdafiəsini tələb edən ixtisaslarda təhsil alan tələbələr buraxılış işlərini onlayn şəkildə təqdim edə biləcəklər. Buraxılış işlərinin müdafiəsi həm onlayn, həm də ənənəvi şəkildə təşkil edilə bilər. Yaradıcılıq ixtisasları üzrə kadr hazırlığı aparan müəssisələrdə isə buraxılış imtahanlarının ənənəvi formada, azsayılı qruplar şəklində keçirilməsi planlaşdırılır. Oğlan tələbələrin hərbi xidmət müddətinə gəlincə isə, bu prosesin ümumilikdə iyun ayında yekunlaşması gözlənilir ki, onların əsgərliklə bağlı məsələlərində hər hansı problem yaşanmasın. Bir sözlə, buraxılış imtahanlarının növbəti aydan yekunlaşması gözlənilir ki, ondan sonra hərbi xidmətə çağırışlar başlayacaq.
  • Ali məktəblərə qəbul ikimərhələli keçirilirdi. Yenə eyni qaydada olacaq?
  • Ali təhsil müəssisələrinə müraciət edən abituriyentlər sənəd qəbulunu elə bu gündən başlayaraq, iyun ayının 5-nə qədər, onlayn şəkildə edə bilərlər. İmtahanların iyul ayının 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında həyata keçiriləcək. 1-ci, 4-cü ixtisas qruplarının hər hansı birində iştirak edən abituriyentlər, eyni zamanda, qabiliyyət imtahanında müvəfəqiyyət qazanmaq şərtilə 5-ci ixtisas qrupu üzrə də müsabiqədə iştirak edə bilərlər. Bu isə daha çox DİM-ə aid olan məsələdir. Gigiyena-sanitar qaydalarına əməl edilməsi ilə yanaşı, imtahan vaxtı mərkəzlərin sayının artırılması sıxlığın aradan qaldırılmasına kömək edəcək.
  • Azərbaycan dilindən dövlət dili kimi imtahan keçirilməsi yenə nəzərdə tutulurmu?
  • Tədrisin digər dillərdə təşkil olunmuş bölmələrinin 9-cu sinif şagirdləri üzrə Azərbaycan dilindən imtahan iyun ayında ənənəvi şəkildə, kağız daşıyıcısı üzərində keçiriləcək. Tədrisin digər dillərdə təşkil olunmuş bölmələrinin 11-ci sinif üzrə məzunları üçün imtahan evdən onlayn və ya imtahan məzrkəzlərində elektron, yaxud kağız daşıyıcılarında keçiriləcək. Onlayn iştirak etmək istəməyən məzunların bu məqsədlə istifadə edəcəyi avadanlıqlar müəyyən edilərək, onlar texniki şərtlərə cavab verməlidir. Mayın 20-dək orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizlərini təsdiq etmiş abituriyentlər onlayn sınaq imtahanlarında iştirak edə bilərlər. Azərbaycan dili fənni üzrə imatahan ümumillikə ilk dəfə keçiriləcək.
  • Ali və orta məktəblərdə dərslərin başlanması sentyabr ayına nəzərdə tutulub?
  • Dərslərin başlanması çox güman ki, sentyabrda olacaq. Hələlik dərslərin təxirə salınması planlaşdırılmır.
Müsahibəni hazırladı: Ülviyyə Şahin