Logo
news content
User
Kateqoriyalar

Analitika

Böyüklər dalaşır, arada Ermənistan qazanır
Rusiyanın sevdiyi, Qərbin dözdüyü milyardlıq ticarətin pərdəarxası

Regionda rəqabət aparan geosiyasi güclər arasında davam edən ziddiyyətlər irimiqyaslı münaqişələrə çevrilmək riskləri ilə bərabər, paradoksal reallıqlar da yaradır. Keçmiş müttəfiqlərin az qala düşmənə çevrilməsi, yaxud, keçmiş düşmənlərin bir masa arxasında əyləşməsi geosiyasi turbulentlik dövründə özünü qoruma niyyətindən qaynaqlanır. Bu kontekstdə, Cənubi Qafqazın 3 ölkəsinin xarici siyasətində ciddi dəyişikliklər nəzərə çarpır. Onların arasında Ermənistan hakimiyyətinin Rusiya və Qərb arasında variasiyaları kəskin ziddiyyətləri ilə diqqət çəkir. 

Rəsmi İrəvan iqtisadi və siyasi asılılıq dərəcəsini böyük qüvvələr arasında bölməklə müəyyən balansa nail olmağa çalışır. Yaxın illərə qədər Ermənistan tamamilə Rusiyanın forpostu hesab olunurdusa, Qərbyönlü Nikol Paşinyan hökuməti xarici siyasəti rəngələndirməyə, Qərb strukturları ilə yaxınlaşmağa can atır. Paralel olaraq, ənənəvi müttəfiqi Rusiya ilə həm ikitərəfli, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığı dərinləşdirir. 

Cari nəticələrə baxdıqda vəziyyət hələ ki, yaxışdır, ortada ciddi nailiyyətlər də var. Ermənistan ABŞ və Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirib, ölkəyə Aİ hərbi müşahidəçilərini gətirib, Fransadan, Hindistandan müasir silahlar alır, ABŞ, NATO hərbçiləri ilə birgə təlimlər keçirir. Bir sözlə, ölkənin təhlükəsizliyini Qərbin hesabına təmin etməyə, ondan qarantiyalar əldə etməyə cəhd edir. Bu, hələ yolun başlanğıcıdır. Avropa İttifaqına inteqrasiya niyyətini elan etmək hələ bu qurumun qapılarının kandarına yaxınlaşmaq deyil, ciddi öhdəliklər, standartlar, çoxsaylı tələblər var, onlar yerinə yetirilməlidir. 

Qərb də Rusiyanın müttəfiqi, Türkiyə, Azərbaycan və İrana həmsərhəd olan bu Cənubi Qafqaz ölkəsində möhkəmlənməkdə maraqlıdır. Ona görə, kiçik, Rusiyadan iqtisadi asılılığı olan ölkənin mövcud problemlərini və reallıqlarını qəbul edir, digər tərəfdaşlarına tanımaq istəmədiyi şansları ermənilər üçün tanıyır. Məsələn, Ermənistan Rusiyaya qoyulan ağır sanksiyalara rəğmən bu ölkə ilə ticarətini astronomik səviyyədə artırır və milyardlarla mənfəət əldə edir. 

Maraqlı paradoksdur, dünya ölkələrini Ukraynaya qarşı təcavüzkar müharibəyə münasibətdən dolayı “dostlara” və “düşmənlərə” bölən Rusiya da reallıqlarla barışır. Siyasi ritorikada İrəvanın Qərbyönlü siyasəti lənətlənsə də, ticarətin yüksəlməsindən hamı ağızdolusu danışır. 

Oktyabrın 7-8-də Moskvada keçirilmiş MDB liderlərinin sammitində Ermənistan-Rusiya ticarətinin yüksək nəticələri liderlər tərəfindən təntənəli şəkildə elan olundu. Rusiya prezidenti Vladmir Putin Paşinyanla görüşdə bildirdi ki, ölkələr arasında ticari-iqtisadi münasibətlər çox uğurla inkişaf edir. “Ötən il ticarət dövriyyəsi 7,4 milyard dollar təşkil edib, ilk yarımildə isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Bu templə irəliləsək, bu o deməkdir ki, ilin sonuna bu rəqəm 14-16 milyard dollar təşkil edəcək. Bu, rekord göstəricidir", - V.Putin qeyd edib.

Ötən aylarda Ermənistan paytaxtını ziyarət edən Rusiya rəsmilərinin əksəriyyəti də iqtisadiyyata, xarici ticarətə cavabdeh şəxslər olub: Baş nazir Mixail Mişustin, onun müavini Aleksey Overçuk, iqtisadiyyat naziri Maksim Oreşçuk və s. 

Overçuk İrəvanda olarkən bu diqqətçəkən açıqlamanı səsləndirmişdi: “Rəqəmlər və faktlar bütün səs-küylü açıqlamalardan daha yaxşıdır. 2023-cü ildə Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 55,8 % artaraq 7,4 milyard dollara çatıb. Bu il artım sürətlənib. Təkcə bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi 8,4 milyard dollar təşkil edib”. Yəni Ermənistanın Qərbə inteqrasiyası söz-söhbət səviyyəsindədir, amma Rusiya ilə müttəfiqlikdən dolayı real nəticələri olan qarşılıqlı fəaliyyət var…

Baş nazir Nikol Paşinyan isə II Dünya Erməni Sammitində bəyan etmişdi ki, Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət dövriyyəsini azaltmağı və ya iqtisadi əlaqələri kəsməyi planlaşdırmır. Paşinyanın sözlərinə görə, ölkəsi Aİ və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməklə, iqtisadi əlaqələrini şaxələndirməyə çalışır, lakin bu, tərəfdaşları əvəz etmək deyil. Baş nazir qeyd edib ki, şaxələndirmə mərhələli prosesdir və vaxt tələb edir.

Beləliklə, Ermənistan rəhbərliyi geosiyasi qarşıdurmada üz-üzə duran tərəflərin maraqlarından və ehtiyaclarından faydalana bilir. Bunu, əlbəttə, Paşinyan komandasının siyasi dühası ilə əlaqələndirmək doğru deyil. Mövcud reallıq Rusiya və Qərbin maraqlarından irəli gələn tələblərdən qaynaqlanır.

Sanksiyalar altında olan Rusiya üçün Ermənistan kimi ticarət pəncərəsi bir neçə amilə görə vacibdir:

Ermənistanı iqtisadi asılılıqda saxlamaqda davam edir və Rusiyadan faydalanan biznesin çevrəsini genişləndirməklə, erməni cəmiyyətinə yumşaq təsirini yaymaqda maraqlıdır;

Qərbin sanksiyalarına daxil edilən malları Ermənistan vasitəsi ilə ərəb ölkələrinə və s bazarlara çıxarır;

Başqa yollarla çətinliklə əldə etdiyi, içində hərbi sənayedə istifadə olunan elektrotexnika avadanlıqları, ehtiyat hissələri və s. olan sənaye mallarını Ermənistan vasitəsi ilə rahat alır.

Ermənistanın Rusiya ilə çiçəklənən ticarətinə, bu zaman sanksiya rejiminin pozulmasına Qərbin sakit reaksiyasını isə belə təsnif etmək olar:

Ermənistan iqtisadiyyatını moderinləşdirmək, onu yeni texnologiya ilə təmin etmək, Qərb bazarlarına rəqabətə davamlı məhsul çıxarmaq uzun müddət vaxt tələb edir. Bu istiqamətdə Avropa İttifaqı, ABŞ və ayrı-ayrı ölkələr müxtəlif proqramlar həyata keçirir, onlar bəhrə verənə qədər Ermənistan iqtisadiyyatı ayaqda qalmalıdır. Təbii ki, Rusiya ilə əlaqələr hesabına. Alternativ yol Qərbin Ermənistana milyardlarla dollar axıtmasıdır, təcrübə göstərir ki, bu, dayanıqlı yol deyil. Maliyyə yardımları zəif ölkələri ələbaxımlığa öyrədir, iqtisadi inkişafı ləngidir, korrupsiyanı çiçəkləndirir. 

Ermənistan-Rusiya ticarəti İrəvan üçün yaxşı gəlir mənbəyi olsa da, 10-15 milyard dollarlıq əməliyyatlar Qərb üçün ciddi problemlər yaratmır. Məsələn, yada salaq ki, cari ildə Rusiya təkcə öz neftini Qərbin qoyduğu qiymət baryerindən baha satış hesabına 12 milyard dollardan çox pul qazanıb. 

Qərbin regiona yanaşması stratejidir, təkcə Ermənistan deyil, bütövlükdə Cənubi Qafqaz Rusiyanın nəzarətindən çıxarılmalıdır. Bu məqsədə çatmaq üçün isə böyük məsələlər həll edilməlidir, məsələn, Ukrayna müharibədən qalib çıxmalı, Rusiya daxilində mərkəzdənqaçma prosesləri başlamalıdır və s. Həmin dövrə qədər regionda asta-asta yerləşmək lazımdır, amma bu prosesin xərcini kiminsə boynuna qoymaq heç də pis olmazdı. Rusiya isə indiki halında ən səxavətli hesab ödəyəndir...

Turqut