Logo
news content
User
Kateqoriyalar

Analitika

Birdəfəlik ödəniş almaq üçün hesab açılması mexanizmi yaxın günlərdə elan ediləcək

Ülviyyə Şahin

İşsiz və işsiz kimi qeydiyyatda olan insanlar üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik ödəniş 600 min nəfərə şamil ediləcək. Bunu çıxışında ölkə prezidenti bəyan etdi. O bildirdi ki, ödənişi əldə etmək istəyənlər özlərinə bank hesabı açmalıdır.

Bəs, ödənişlə bağlı tələblərdə dəyişikliklər olacaqmı və ödənişlər nə qədər müddət ərzində həyata keçiriləcək? Bank hesablarının fiziki olaraq açılması zamanı bankların qarşısında sıxlıq yarana bilərmi və bunun qarşısını almaq üçün hansı tədbirlər görüləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı tələblərdə heç bir dəyişikliyin olmayacağını söylədi:

“Bank hesablarının açılması ilə bağlı mexanizm isə yaxın günlərdə açıqlanacaq. Prosesin may ayında başa çatacağı nəzərdə tutulur.”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üvzü, iqtisadçı Vüqar Bayramov prezidentin tapşırığı ilə 190 manatlıq birdəfəlik yardım alan vətəndaşların sayının üç dəfə artırılmasını təqdir etdi:

“Yardım aprel-may aylarında veriləcək. Müraciətlərin sayı çoxdur və hələlik ƏƏSMN tərəfindən qaydalara hər hansı dəyişikliklərin ediləcəyi gözlənilmir. Amma təbii ki, biz bir sıra vətəndaşlarımıza da müraciət hüququnun verilməsini təklif edirik. Xüsusən kiçik pay torpağı olan vətəndaşlara, dövlətdən 60 manat dəstək alan məcburi köçkünlərə də 190 manatlıq birdəfəlik ödəniş almaq hüququ verilməsi məqsədəuyğundur. Düşünürəm ki, müraciətlər qiymətləndirildikdən sonra qaydaların dəyişilib-dəyişilməməsinə baxıla bilər. Amma hələlik müraciətlərin sayı çox olduğuna görə, qaydaların dəyişəcəyi gözlənilmir”.

Bank hesablarının açılmasına gəlincə isə, deputat qeyd etdi ki, hər hansı texniki çətinlik yaranmayacaq:

“Çünki bankların çoxunda hesabların yaradılması elektronlaşıb. Yəni elektron sistemdən istifadə etməklə bank hesablarının yaradılması mümkündür. Xüsusən də pandemiya dövründə bankların razılaşması ondan ibarətdir ki, plastik kartı olan, pensiya və yardım kartına sahib vətəndaşların istənilən bank filialında və ya bankomatlarında həmin kartlardan istifadə etməklə, hər hansı ödəniş etmədən vəsaitləri nəğdləşdirmək imkanı olsun. Bu, o deməkdir ki, vətəndaş bankın plastik kartını aldıqdan sonra ən yaxın bankomatdan pulunu çıxara bilər.”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin digər üzvü İlham Məmmədov da insanların qeydiyyatdan çox rahat, onlayn şəkildə keçə biləcəyini vurğuladı: “Mən özüm də təmsil olunduğum bölgənin məşğulluq xidməti ilə əlaqə saxladım. Onlar da qeyd etdi ki, müraciətlərin sayı çoxdur, hamsını araşdırırıq. Hesab edirəm ki, hüququ olan heç kim bu sosial paketdən kənarda qalmayacaq. Amma adına pay torpağı olan və qoyulan şərtlərə cavab verməyən ailələrdə də müəyyənləşdirmək lazımdır ki, onlar hansısa digər müavinət, pensiya və yaxud yardımlar alırmı? Çünki kimlərin ki adına pay torpağı var, o evdə ola bilsin pensiya alan, digər bir müavinətdən yararlananlar da var. Yəni bütün bunlar təhlil olunası mövzudur. Ola bilsin ki, torpaq da var, ancaq istifadə etmir, hansısa müavinət alır. Bildiyim qədər, bu barədə də araşdırmalar aparılır”.