Logo
news content
User
Kateqoriyalar

Analitika

“Bıçağımı götürüb, gedirdim, fikirləşdim ki, son dəfə Mirzə müəllimlə görüşüm...”
BDU-nun rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyev: “Qaçay gəldi ki, səni işdən çıxarıblar, dəliyə döndüm”

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun Bakıdakı villasında, Nabrandakı bağ evində, “Mona Liza” şadlıq evində gördüyü işlərə, quraşdırılan avadanlıqlara görə 800 min manatdan artıq pulunu ala bilmədiyinə görə onu məhkəməyə verən İsmixan Mirzəyev hazırda həbsdədir. O, Abel Məhərrəmovla məhkəmə çəkişməsi davam edən bir vaxtda BDU-da rektorun maliyyə məsələləri üzrə müşavirini və komendantı bıçaqlayıb.

Buna görə məhkəmə qarşısına çıxarılan İsmixan Mirzəyev deyib ki, özünü təqsirli bilir, əməlindən çox peşmandır, amma çətin vəziyyətdə olduğu bir vaxtda maaşının azaldılması, az sonra sonra işdən çıxarılması əsəblərini tarıma çəkib. O, hələ Abel Məhərrəmovla bağlı məhkəmə prosesində bildirmişdi ki, işləri briqada şəklində görüblər, quraşdırılan avadanlıqlar müxtəlif mağaza və şirkətlərdən nisyə götürülüb, həmin adamlar ondan pullarını tələb edib, lakin ödəyə bilmədiyinə görə çox çətin vəziyyətdə qalıb.

İsmixan Mirzəyev özü də 11 il BDU-da çalışıb, həbs olunana qədər təsərrüfat şöbəsində işləyib. “Əvvəllər təsərrüfatın maşınını sürürdüm. Universitetin sexi vardı, sonra ona baxırdım. Maaşım 600 manat idi. Universitet rəhbərliyi dəyişəndən sonra maaşımı 400 manata saldılar. Etiraz elədim, çünki imkanım çox aşağı idi. Söz verdilər ki, struktur dəyişikliyi olacaq, başqa işə keçiriləcəm, maaşım artacaq. Keçmiş rektorun dövründən qalan işçilərdən ancaq mənim maaşım azalmışdı”, - deyə İ.Mirzəyev söyləyib. O deyib ki, maaşının azalmasına görə bir neçə dəfə rektorun qəbuluna düşməyə çalışıb, amma alınmayıb. İki il ərzində rektor da daxil, universitet rəhbərliyinə dəfələrlə şikayət edib, amma baxan olmayıb.

İki ildən sonra struktur dəyişikliyi olsa da, onun vəziyyəti dəyişməyib – nə başqa işə keçirilib, nə də maaşı artıb. Yenə də rektorun qəbuluna yazılıb, lakin görüşə bilməyib. Onu rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevə yönləndiriblər: 

“Mirzə müəllim dedi ki, bir neçə günə xəbər edəcək. Günlərin birində mənimlə birlikdə işləyən Qaçay gəldi ki, maaşını qaldırmaq bir kənara qalsın, səni ümumiyyətlə, işdən çıxarıblar. Dəliyə döndüm. Rektorun qəbuluna getdim, yenə qəbul eləmədi. Mirzə müəllimin yanına getdim, dedim ki, açıq ürək əməliyyatı keçirmişəm, evdə xəstəm var. Mənə məsələni araşdıracağını dedi. Sexə qayıdanda gördüm ki, avadanlıqlarımı yığırlar. Hətta şəxsən özümə məxsus avadanlıqları da vermədilər. Bıçaq itiləyən yerdən öz bıçağımı və sənədlərimi götürüb, evə gedirdim. Fikirləşdim ki, sonuncu dəfə Mirzə müəllimlə görüşüm...”

Onun sözlərinə görə, rektorun müşavirinə xatırladıb ki, iki ildir maaşının artacağını gözləyir, ona vəd verilsə də, yerinə yetirilməyib. Bu zaman həyəcanlandığını və affekt vəziyyətdə bıçağı sənədlərin arasından götürüb, Mirzə Mirzəyevi vurduğunu deyən təqsirləndirilən şəxs danışıb ki, həmin vaxt otağa universitetin komendantı daxil olub. Hadisəyə müdaxilə etmək istəyəndə onu da vurub.

“Həmin gün universitetdə imtahan günü idi. İmtahan günlərində təcili tibbi yardım hazır vəziyyətdə olur. Aşağı düşəndə onlara yuxarıda yaralıların olduğunu deyib, getdim. Əməlimdən çox peşmanam. Lakin mən iki il dözdüm...”, - deyə İsmixan Mirzəyev ifadəsində bildirib.

Zərərçəkmiş qismində ifadə verən Mirzə Mirzəyev bildirib ki, 31 il Maliyyə Nazirliyi strukturlarında çalışıb. Hadisə baş verəndə 1 il 10 ay idi ki, BDU-da işləyirdi.

Mirzə Mirzəyev təsdiqləyib ki, İsmixan Mirzəyev bir neçə dəfə ona yaxınlaşıb, problem haqda məlumat verib. Hətta ona Abel Məhərrəmovla bağlı problemdən, onu məhkəməyə verəcəyindən də danışıb.

Zərərçəkmiş təsdiqləyib ki, İsmixan Mirzəyev ona maaşının azaldılmasından da şikayətlənmişdi. Amma BDU-da əməkhaqqının artırılması məsələsi onun səlahiyyətinə aid deyildi. O, hadisə günü barədə isə bunları danışıb: 

“Göz həkimindən gəlmişdim. İsmixan otağa daxil olanda ayaq üstündəydim. Əlində sənədlər vardı. Dedi ki, işdən çıxarıldığını eşidib. Bildirdim ki, xəbərim yoxdur. Yaxınlaşdı və gözləmədiyim halda, məni vurdu. Bu zaman Şahlar otağa daxil oldu, onu da vurdu. Mənə indiyə qədər təəccüblüdür ki, məni niyə bıçaqladı...”

Həm rektorun müşaviri, həm də BDU-da komendant işləyən Şahlar Bəyalıyev zərərçəkmiş qismində tanınıb. Amma onların heç biri İsmixan Mirzəyevdən şikayətçi olmayıb.

Yanvarın 21-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror İsmixan Mirzəyevə cəza istəyəcək. O, Cinayət Məcəlləsinin 126.2.1 (iki və ya daha çox şəxsə qəsdən ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İsmixan Mirzəyevin Abel Məhərrəmovla məhkəmə çəkişməsinin nəticəsinə gəlincə, Yasamal rayon Məhkəməsi sabiq rektor və deputata qarşı 811 min manatlıq iddianı təmin etməyib. Bu qərardan şikayət verilib.

Gülər