Logo
news content
User
Kateqoriyalar

Analitika

Beş ay sonra açılan ilk atəş...
Sərhəddə gərginlik hansı qüvvələrə sərf edir?

Ermənistan Xarici İşlər Nazirliyi fevralın 13-də bəyanat yayaraq Azərbaycanı sərhəddəki Nerkin-And kəndi yaxınlığında vəziyyəti gərginləşdirməkdə ittiham edib. İrəvan iddia edib ki, Azərbaycan hərbçisinin Ermənistan tərəfindən açılan atəş nəticəsində yaralanması ilə bağlı məlumatı araşdırmağa hazır olub. “Buna baxmayaraq, Bakı aqressiv addımlar ataraq sərhəddə vəziyyəti gərginləşdirmək üçün səbəblər axtardığını nümayiş etdirdi”, - bəyanatda deyilir. Ermənistan XİN ayrıca olaraq Bakını sülh danışıqlarını pozmaq cəhdində ittiham edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə İrəvanın Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddialarını rədd edib: “Bu, sırf cavab tədbiri idi”.

Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səylərə xələl gətirə biləcək hərbi eskalasiyadan çəkinməyə çağırır”, - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, fevralın 12-də Ermənistan tərəfinin açdığı atəş nəticəsində Azərbaycan sərhədçisi yaralanıb. Fevralın 13-də səhər tezdən Azərbaycan Silahlı Qüvvələri cavab əməliyyatı keçirib. Nəticədə dörd erməni əsgəri məhv edilib, biri yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan sərhədçilərinin “Qisas” əməliyyatı zamanı öldürülən erməni hərbçilərinin adlarını açıqlayıb:

Arutyunyan Eduard Hamletoviç (1974-cü il təvəllüdlü),

Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü),

Ambartsumyan Arsen Qagikoviç (1979-cu il təvəllüdlü),

Oqanesyan Qraçya Talışeviç (1957-ci il təvəllüdlü).

Azərbaycanla sərhəddə döyüş növbətçiliyində olan Ermənistan hərbçilərinin yaş həddi diqqət çəkir. Ölənlərin ən kiçiyinin 42, ən yaşlısının 67 yaşı var.

Yeri gəlmişkən, Nerkin And kəndində erməni mövqelərinin dağıdılması nəticəsində ölənlərin hamısı “Yerkrapa” könüllülər birliyinin üzvləridir. Bu barədə NEWS.am-a birliyin mətbuat xidmətinin nümayəndəsi Liliya Poqosyan məlumat verib.

“Moskva İrəvanı və Bakını vəziyyətin hazırkı gərginləşməsi ilə bağlı təmkinli olmağa çağırır və sülh müqaviləsinin hazırlanması prosesinin davam edəcəyinə ümid edir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə, bu, Azərbaycan və Ermənistanın arasındakı təmas xəttindən gələn həyəcanlı xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa, qarşı tərəfin təxribat hesab edə biləcəyi istənilən hərəkətdən çəkinməyə çağırırıq", - TASS Peskovdan sitat gətirir.

Onun sözlərinə görə, bu cür hadisələr sülh müqaviləsinin hazırlanmasına və imzalanmasına kömək etmir.

Beləliklə, yaranmış sərhəd gərginliyin əsl səbəbləri nədir? İnsan itkisi ilə müşayiət olunan bu insidentin arxasında nə dayanır? Ermənistanla Azərbaycan arasında vəziyyətin daha da pisləşməsində kim maraqlıdır? Bu, hansısa xarici qüvvələr ola bilərmi? Axı, uzun müddət idi ki, sərhəddə heç bir atışma barədə eşitmirdik, sükut hökm sürürdü.

Politoloq, təhlükəsizlik eksperti İlham İsmayıl bununla bağlı fikirlərini old.pressklub.az-a bölüşüb.

Onun sözlərinə görə, 5 ay sərhəddə heç bir insident baş verməyib və atəşkəs qüvvədə olub.

Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra sülh danışıqları prosesinin nisbətən sürətlənməsi mümkün sayıla bilərdi.

Sərhəddə baş verən silahlı insidentin səbəbləri ilə bağlı bir neçə versiya irəli sürmək olar. Sülh danışıqları prosesinin müsbət istiqamətdə irəliləməsi və ilin birinci yarısında sazişin imzalanması perspektivi bəzi qüvvələrin maraqlarına zidd olardı.

Bu addım (insident) sərhəddə Azərbaycana qarşı törədilən təxribata cavabın sərt olacağını dərk edilərək atılmışdı və... proqnoz özünü doğrultdu. Bundan sonra hər iki ölkənin tezliklə danışıqlar masası arxasına əyləşəcəyi şübhə doğurur”, - ekspert deyir.

İ.İsmayıl bunun hansı qüvvələrin maraqlarına uyğun ola biləcəyi barədə də danışıb. “Qərblə Rusiya arasında Ermənistanın nümunəsində Cənubi Qafqaz uğrunda mübarizə son beş ildə xeyli güclənib. Fransa burada Qərbi təmsil edəcək dövlət kimi Rusiyanı əvəz etməyə çalışır. Ermənistan hakimiyyətinin qərbyönlü siyasəti bu prosesə ciddi təkan verir. Amma Rusiya Cənubi Qafqazı tərk etmək niyyətində deyil. Və Azərbaycanla Ermənistan arasında sülh yaranmasa, həm Fransa, həm də Rusiya regiona təsir və təzyiqlərini artıra bilər.

Amma qeyd edək ki, Fransanın və ümumilikdə Qərbin Ermənistan ordusuna təsiri Rusiyanın təsiri qədər böyük deyil. Paşinyan özü də etiraf edir ki, orduda hələ də beşinci kolon var. Rəhbərlik nə qədər təmizlənsə də, orduda Ermənistanın keçmiş prezidentlərinin təsiri altında olan hərbçilər var. Onlar bu təxribatı təşkil edə bilərdilər və bu, Ukraynada müharibənin getdiyi bir vaxtda Rusiyanın maraqlarına uyğundur.

Aİ müşahidəçilərinin mülki missiyasının sərhəddə Ermənistan hərbçiləri arasında nüfuzu az olsa da, patrul xidməti zamanı onlar arasında isti münasibətlər yarana bilərdi. Bu, az inandırıcı olsa da, təxribatın mümkün səbəblərinin daha bir versiyasıdır”, - ekspert hesab edir.

O deyir ki, başqa versiya da var. “Diqqətinizə çatdırmaq istəyirəm ki, bu hadisələr fevralın 12-13-də baş verib. Və düz 36 il əvvəl - 1988-ci il fevralın 13-də ermənilər Xankəndində (o vaxt Stepanakertdə) ilk mitinqini keçirərək Dağlıq Qarabağın Ermənistana inteqrasiyasını tələb etdilər. Sərhəddə atəşi “Yerkrapa” könüllü dəstəsinin üzvlərinin açdığını və ölən əsgərlərdən birinin 67 yaşlı kişi olduğunu nəzərə alsaq, belə bir versiya irəli sürmək olar: insident heç bir xarici qüvvənin təsiri olmayıb, sadəcə olaraq “Miatsum” hərəkatının keçmiş döyüşçü hərəkətlərinin nəticəsini düşünmədən Azərbaycandan qisas almaq üçün əsgərimizi nişan alıb. Bu versiya da az inandırıcıdır, lakin tamamilə mümkündür.

Sonda qeyd etmək istərdim ki, əgər Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirməsə və iki ölkə arasında vasitəçilərsiz sülh sazişinin imzalanmasına razılıq verməsə, gələcəkdə oxşar təxribatların baş verməsi tamamilə mümkündür”, - İ.İsmayıl bildirib.

Rauf Orucov