Logo
news content
User
Kateqoriyalar

Analitika

Başı kəsilən Sevincin ölümündə günahkar təkcə qatildirmi?

Bakının Xəzər rayonunun Zirə qəsəbəsində 24 yaşlı Sevinc Məhərrəmovanın 42 yaşlı həyat yoldaşı Füzuli Qarayev tərəfindən öldürülməsi məişət zorakılığı və Azərbaycanda qadın qətlləri mövzusunu yenidən aktuallaşdırdı. İnsan haqları təşkilatları fəallarının yaydığı məlumata görə, təkcə son bir ayda ölkədə 10 qadın həyat yoldaşı və ya sevgilisi tərəfindən qətlə yetirilib.

Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan fəallar bu duruma görə hüquq-mühafizə orqanlarını, xüsusən polis sistemini günahlandırır. Onlar iddia edir ki, bir çox hallarda polislər zorakılığa məruz qalan qadınların şikayətlərini obyektiv araşdırmır, hətta bəzi hallarda “mental dəyərlər”dən çıxış edərək onların özlərini günahkar çıxarır. Yaxud da aralarında problem yaranmış ər-arvadı barışdırıb, zorakılığa məruz qalan qadını evə qaytarmağa cəhd göstərirlər. Nəticədə həmin evdə zorakılıq təkrarlanır və günün birində hətta qətllə nəticələnir. Sevinc Məhərrəmovanın timsalında da məhz belə olub...

S.Məhərrəmovanın vəkili olmuş Zibeydə Sadıqova “Press Kluba”a bildirdi ki, Sevinc bir müddət öncə ona müraciət edərkən əri tərəfindən döyüldüyünü demişdi. Həmin vaxt qadının bədənində xəsarət izləri də qalmışdı: 

“Əri uşaqlarını da Sevincdən almışdı. Biz çalışırdıq ki, o, həm Sevincə qarşı zorakılığa görə cəzalandırılsın, həm də uşaqlar anaya verilsin. Sevinc danışırdı ki, bundan əvvəl də dəfələrlə döyülüb. Yəni birinci dəfə deyildi. Özü də uşaqların gözünün qarşısında...”

Sevinc Məhərrəmova həyat yoldaşının ona qarşı zorakılığı ilə əlaqədar bir neçə dəfə Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə şikayət edib, ekspertizadan keçirilib. Nəticədə həyat yoldaşının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş məhkəməyə gələndə həyat yoldaşının təkidi ilə şikayətini geri götürüb.

Sevinc Məhərrəmova vəkilinə danışıb ki, əri bu ilin martında onu ağacın kötüyü ilə döyüb. Bu dəfə də polisə şikayət edib və nəticədə CM-nin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb. Z.Sadıqova: 

“Bundan sonra əri uşaqları Sevincin əlindən alıb, rayonda yaşayan qardaşıgilə aparıb. Sevincə deyib ki, şikayətini geri götürməsə, uşaqları görməyəcək. Sevincin işgəncəyə məruz qalması barədə cinayət işi Xəzər Rayon Prokurorluğunda müstəntiq Ramil Mehdiyevin icraatında idi. Bir müddət əvvəl müstəntiq mənə zəng edib dedi ki, Sevinc əri ilə barışıb. Sonra işi Cinayət Məcəlləsinin 128-ci maddəsinə dəyişdilər və məhkəməyə göndərdilər. Avqustun 3-də eşitdim ki, əri Sevincin başını kəsib...”

Qadın hüquqlarının müdafiəçisi Nərmin Şahmarzadə deyir ki, Sevinc Məhərrəmova kimi zorakılıq gördüyü yerə qayıtmağa məcbur olan qadınların sayı minlərlədir. Bunun da müxtəlif səbəbləri var. Əsas səbəb isə sosial-iqtisadi asılılıqdır. İctimai fəalın sözlərinə görə, dövlət öz öhdəliklərini yerinə yetirsə, vətəndaşın arxasında dayansa, bugünkü acınacaqlı mənzərə yaranmazdı: 

“Bu gün praktika belədir: zorakılığa məruz qalan qadın polisə şikayət edir. Onlar da qadını zorakılıq eləmiş adama təhvil verirlər. Üstəlik, həmin adamdan rüşvət alırlar. Rüşvət verən adam qadını geri qaytarandan sonra yenə zorakılıq göstərir. Qadın bir-iki dəfə eyni halla rastlaşandan sonra artıq dövlətə, onun qurumuna güvənmir, şikayət etməyin mənasız olduğunu düşünür. Halbuki dövlət öz vətəndaşına qucaq açmalıdır. Sığınacaqların sayı çox olmalıdır. Sığınacaq yalnız bir mərhələdir. Dövlət qadının sosial-iqtisadi azadlığının qayğısına qalmalıdır. İş yerləri olmalıdır. Azyaşlı uşaqlar adətən ananın himayəsində olur. Elə iş yerləri olmalıdır ki, saat baxımından ana həm uşağına baxa bilsin, həm də işləsin. Amma bütün bunların heç biri olmadığına görə qadın məcbur olub, zorakılıq gördüyü yerdə yaşayır. Bu da günlərin birində qətllə nəticələnir...”

N.Şahmarzadənin fikrincə, polis əməkdaşları qadınların məişət zorakılığı ilə bağlı şikayətlərinə barmaqarası yanaşır. İctimai fəal hesab edir ki, bu cür şikayətlərə daha ciddi yanaşılsa, qadına qarşı zorakılıqlar daha sərt cəzalandırılsa, belə halların sayı azalar: 

“Cəzasızlıq mühiti belə halların artmasının əsas səbəblərindəndir. Dövlət istəsə, vəziyyəti düzəltmək üçün çox şey edə bilər”.

Hüquqşünas Samirə Ağayeva bildirir ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi üçün qanunvericilik bazası qənaətbəxşdir, amma qanunlar işlək deyil: 

“Bu sahədə mövcud qanunlar tam şəkildə işləsə və indiki pis təcrübə dəyişsə, qadınlar müdafiə olunacaq. Azərbaycanda “Məişət zorakılığı haqqında” qanun, başqa normativ-hüquqi aktlar var. Bundan əlavə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində məişət zorakılığına görə məsuliyyət nəzərdə tutulub. Qanunlar işləsə, üstəlik, Azərbaycan İstanbul Konvensiyasını da ratifikasiya etsə, tam şəkildə qadınlar müdafiə olunacaq”.

Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyası 2011-ci ildə bu qurumun Nazirlər Komitəsinin İstanbulda keçirilən toplantısında üzv ölkələrin qoşulması üçün açıq elan olunub.

Hüquqşünas vurğulayır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə hakimləri məişət zorakılığı ilə bağlı işləri araşdırarkən “milli-mənəvi dəyər” hesab olunan prinsiplərdən çıxış etməməlidir, onlar yerli və beynəlxalq hüquq normalarını əsas götürməlidir: 

“Təəssüf ki, bizim polis sistemində bu cür hallarda qanunlardan çox, “ağsaqqal yanaşması” işə düşür. Bu da doğru deyil. Şikayət varsa, mütləq araşdırılmalıdır. Polis həmin ailəni münaqişəli ailə kimi qeydə alır, zorakılığa məruz qalan qadının durumu ilə mütəmadi maraqlanır, nəzarət olunur ki, həyatına təhlükə varmı və s... Söhbət təkcə fiziki zorakılıqdan getmir, həm də psixoloji zorakılıqdan gedir. Məişət zorakılığı ilə bağlı şikayətləri hərtərəfli, obyektiv araşdırmayan hüquq-mühafizə orqanı əməkdaşı sərt cəzalandırılmalıdır ki, başqalarına dərs olsun, işləri ört-basdır eləməsinlər. Nəticədə yeni Sevinclərin qətlləri baş verməsin”.

Hüquqşünas qanunlarlardakı boşluqlara da toxundu. Onun sözlərinə görə, qanunlar da qadınları sosial-iqtisadi baxımdan müdafiəsiz qoyur. Samirə Ağayeva deyir ki, problemin kökü daha dərindir və gedib təhsilə çıxır:

“Qadın təhsilli olanda, sosial-iqtisadi durumu yaxşı olanda daha cəsarətli olur, zorakılığa dözmək məcburiyyətində qalmır. Bu baxımdan Ailə Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində müəyyən boşluqlar var”.

Gülər