Logo
news content
User
Kateqoriyalar

Analitika

“Azərxalça”nın sabiq rəhbərinin 30,5 milyonluq əmlakına həbs qoyulub 

“Azərxalça” ASC İdarə Heyətinin keçmiş sədri, 21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə ittiham olunan Vidadi Muradov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Bu ilin yanvarından Korrupsiyaya Qarşı Mübarizə İdarəsində gedən istintaq araşdırmaları yekunlaşıb. Onun haqqındakı cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

“Press-Klub”un əldə etdiyi məlumata görə, Vidadi Muradovun işi Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyevin rəhbərliyi ilə araşdırılacaq.

Cinayət işinin materiallarında göstərilib ki, 65 yaşlı Vidadi Muradovun öz şirkəti “Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binası dövlət şirkəti olan “Azərxalça” ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürülüb. Xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan dövlət vəsaiti formal olaraq, müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb, nağdlaşdırandan sonra geri qaytarıblar. “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.

Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda)313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq dövründə Vidadi Muradov və ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, həmçinin, “Azər-İlmə” MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Vidadi Muradovun bu əməlləri başqaları ilə əlbirlik şəraitində törətdiyi iddia olunur. Ona görə də Muradovun işi məhkəməyə göndəriləndə ümumi cinayət işindən ayrılıb. Yeyinti prosesində iştirakı olan digərlərinin müəyyənləşdirilib məsuliyyətə cəlb olunması üçün cinayət işinin istintaqı davam edir.

Xatırladaq ki, Vidadi Muradov 2016-cı ilin martında “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Vidadi Muradovun oğlu Cavid Muradov Bakının Səbail rayon Polis İdarəsinin rəisidir.

Gülər