Logo
news content
User
Kateqoriyalar

Analitika

“Azərbaycanla müqavilə bağlanmaması təzadlı olardı”

Zakari Qros Fransanın Azərbaycan Respublikasında səfiri vəzifəsinin icrasına 24 sentyabr 2019-cu ildə başlayıb. Bundan öncə o, xarici işlər nazirliyində təhlükəsizlik, ballistik və nüvə raketlərinin yayılmaması və kosmik təhlükəsizlik idarəsinin rəhbəri olub, 2015-ci ildən 2019-cu ilə qədər İranla “nüvə məsələsi”nin müzakirələrində çox yaxından iştirak edib. 

Zakari Qros Təl-Əvivdə Birinci müşavir (2012-2014); Müdafiə Nazirliyində Strateji məsələlər üzrə direktor müavini (2011-2012); Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi və BMT-nin yanında Fransanın daimi nümayəndəsinin müavini (2006-2009); Fransa səfirliyinin Moskvada müşaviri (2003-2006) vəzifələrində çalışıb. 

Cənab Qros həmçinin Brüsseldəki beynəlxalq təşkilatların yanında Areva Qrupunun (indiki ORANO) nümayəndəliyinin rəhbəri olub (2009-2011). O, Parisdə Politologiya İnstitutunu, Paris-Dofən Universitetini və Susseks Universitetini (Böyük Britaniya) bitirib. 

İngilis və rus dillərini bilir.

 

Müsahibəni aparır: Seymur Kazımov 

- Fransa koronavirus (COVID-19) pandemiyasından ən çox zərər çəkən dövlətlərdən biridir. Avropa İttifaqının digər ölkələri – İtaliya, İspaniyada da vəziyyət ürəkaçan deyil. Çoxlu sayda insan itkisi var. Dünyanın ən güclü iqtisadi bloku – Aİ daxilində müəyyən fikir ayrılıqları da müşahidə edildi. Avropa ölkələri “ümumi düşmənə” qarşı mübarizədə nə üçün bir-birindən ayrı düşdü? 

- Haqlısınız, İtaliya, İspaniya, Böyük Britaniya və ABŞ kimi, 20 mindən çox insan tələfatına səbəb olmuş COVID-19-dan Fransa da çox əziyyət çəkib. Avropada ictimai səhiyyə milli səlahiyyət olaraq qalır, yəni müxtəlif hökumətlər öz ərazilərində səhiyyə sahəsinə dair siyasətə cavabdehlik daşıyırlar. Bu, istər xəstəxanaların fəaliyyətinə, istərsə də COVID-19 kimi pandemiya böhranına necə reaksiya veriləcəyinə aid məsələləri əhatə edə bilər. Bu məsələlər Brüsseldə yerləşən Avropa Komissiyasının səlahiyyətinə daxil deyil, düşünülmüş seçimdir, çünki avropalılar özlərinin daha uyğun hesab etdikləri səviyyədə idarə olunmaqlarını istəyirlər. Həmçinin, tibb və xəstəxana ənənələri ölkələr arasında çox fərqlidir.

Bununla belə, avropalılar arasında güclü və gözəl həmrəylik var. Fransız pasiyentlər müalicə üçün, misal olaraq, Almaniyaya və Lüksemburqa göndərildi. Üzv dövlətlər arasında məsləhətləşmə sərhədlərin müvəqqəti bağlanması qərarını qəbul etməyə, peyvənd tədqiqatına dəstək verməyə, tibbi avadanlıqların alışını qismən bölüşdürməyə, dezinformasiyaya qarşı mübarizəyə, Avropanın tərəfdaşlarına və Azərbaycanın da üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrinə mühüm yardım göstərilməsi məsələsində ümumi razılığa gəlməyə və sanitar böhranın iqtisadi təsirini məhdudlaşdırmağa imkan verdi.

Beləliklə, Avropa İttifaqı tərəfdaşlarının humanitar ehtiyaclarını ödəmək, səhiyyə sistemlərini gücləndirmək və COVID-19-un iqtisadi və sosial nəticələrini aradan qaldırmaq məqsədilə beynəlxalq əməkdaşlıq üçün 15,6 milyard avro səfərbər etdi. Afrikadakı vəziyyət xüsusilə narahatlıq doğurur. 

Azərbaycanın da üzv olduğu Şərq Tərəfdaşlığı ölkələri üçün sanitar və tibbi yardım üçün tez bir zamanda 140 milyon avro ayrıldı. İş yerləri, müəssisələr və Avropa iqtisadiyyatını dəstəkləmək üçün iqtisadi paket 540 milyard avro təşkil edir. Avropa İttifaqı olmasaydı, səhiyyə və iqtisadi böhranın nəticələri Avropada və dünyada daha da ağır olardı.

- Fransa illik 5 faiz artımla səhiyyə sahəsində beşinci ən böyük dünya bazarıdır. Tibbi texnologiyaların dördüncü ən böyük istehsalçısı və biotexnologiyalar üzrə üçüncü ən böyük dövlətdir. Fransız səhiyyəsinə təxminən 10 milyon xəstəyə xidmət göstərən, 39 iri dövlət müalicə obyektini əhatə edən “AP-HP” adlı ən böyük Avropa xəstəxana qrupu daxildir. Amma virusla mübarizə zamanı məlum oldu ki, ölkədə tibbi maskalar çatışmır, xəstəxanalar bu qədər kütləvi pasiyent qəbuluna hazır deyil. Test sayı da digər Avropa ölkələri ilə müqayisədə aşağı idi. Sizcə, bu ziddiyyət nə ilə izah olunur? 

- Fransanın dünya ticarətinə dərindən inteqrasiya olunan iqtisadiyyatı var. Fransa iqtisadiyyatı əsasən xidmət iqtisadiyyatıdır. Sənayenin aviasiya, avtomobil, dəmiryol nəqliyyatı, nüvə, müdafiə kimi ən yüksək texnoloji dəyəri olan sahələri ölkə ərazisində qorunub saxlanılıb. Ancaq bir çox ölkədə olduğu kimi, burada da toxuculuq sənayesi, parça maskaları və ya kağızdan hazırlanan tibbi qoruyucu vasitələrin istehsalı Asiyaya, xüsusən işçi qüvvəsi bir qədər ucuz olan Çinə köçürüldü. Fransada tibbi maska ehtiyatı olsa da, sonradan onların yetərli olmadığı sübut edildi. Maskaların alınması üçün beynəlxalq bazarda çox güclü gərginlik var. COVID-19 testlərinə gəlincə, Fransa mayın 11-dən başlayaraq, karantindən mərhələli çıxış dövründə həftədə ən azı 700.000 test keçirəcəkdir.

Şübhəsiz ki, böhranın dərhal idarə olunması başa çatdıqdan sonra növbəti COVID-19 və ya başqa bir böhranın öhdəsindən necə gəlinəcəyini bilmək üçün zəruri fikir mübadiləsi aparılacaqdır. Fransa da, Avropa da, bütün dünya böhrandan nəticə çıxarmalıdır. 

Artıq aydın olan, nəticə cıxarılmalı dərslərdən biri də ictimai səhiyyə sahəsində daha çox beynəlxalq əməkdaşlığa ehtiyacımızın olmasıdır. Dünya Səhiyyə Təşkilatını dəstəkləməli və gücləndirməli, dövlətlərin, BMT, Unitaid və ya Qlobal Fond kimi beynəlxalq təşkilatların, iri özəl donorların fəaliyyətini əlaqələndirməliyik. Dünyada ictimai səhiyyə sistemləri gücləndirilməlidir. Buna görə Azərbaycanda 2021-ci ildə tamamilə qüvvəyə minəcək icbari tibbi sığortanın islahatı vacibdir. Fransa bu islahat təcrübəsini Avropa İttifaqının maliyyə dəstəyi ilə bölüşür.

Azərbaycanın özü də Qoşulmama Hərəkatının sədri kimi mühüm rol oynayır. Ölkələrimiz arasında da əməkdaşlıq mövcuddur. Fransa Azərbaycanın vərəm, QIÇS və malyariya ilə mübarizə Qlobal Fonduna əhəmiyyətli dərəcədə maliyyə yardımı ayırmaq qərarını yüksək qiymətləndirir. 

- Ukrayna problemi ATƏT-i Rusiyaya qarşı vahid mövqe ətrafında birləşdirdi – sərt bəyanatlardan tutmuş, sanksiyalaradək. ATƏT-in ötən ilin sentyabrındakı Varşava toplantısında üzv-dövlətlər münaqişələrdən bəhs edərkən, daha çox “Ukrayna məsələsi” üzərində fokuslanırdılar. İşğaldan əziyyət çəkən digər dövlət – Azərbaycana isə marağın azaldığını gördük. Dağlıq Qarabağ münaqişəsi nə üçün əvvəlki qədər diqqət çəkmir, prioritet deyil? 

- Rusiya Krımı anneksiya etdi. Donbas böhranı başlayandan bəri on mindən çox insan həlak olub. Bu böhran həll olunmamış qalıb. Beləliklə, Rusiya və Ukrayna arasında Almaniya və Fransanın köməyi ilə aparılan danışıqların vacib və zəruri olduğuna razı olacağınızı düşünürəm.

Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin əvvəlkindən daha az əhəmiyyətli və ya prioritet olmadığını söyləyəndə, sizinlə razılaşmıram. Danışıqlar aktiv şəkildə davam edir. Azərbaycan və Ermənistan nazirləri ilin əvvəlindən bir neçə dəfə ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəstəyi ilə danışıqlarda iştirak etdilər. Görüşlər hətta COVID-19 pandemiya dövründə də davam etdi. Aprelin 21-də nazirlər Məmmədyarov, Mnatsakanyan və Minsk qrupunun həmsədrləri videokonfrans yolu ilə müzakirələr apararaq məsləhətləşmələrin davam etdirilməsinə qərar verdilər. Bu müzakirələr məhsuldardır, gərginliyi azaltmağa, insanları sülhə hazırlamağa kömək etməyə, münaqişə tərəfləri arasında mövqeləri yaxınlaşdırmağa imkan verir. Fransa, ABŞ və Rusiyanın fəaliyyəti qüsursuzdur. Ümumi dil tapmaq üçün həmsədrlər daim səylər göstərirlər. Birtərəfli həllər və sərt çıxışlar hər zaman ən ağıllı yol deyil.

- Fransanın xarici siyasəti haqqında bir sual ünvanlamaq istərdik. Konkret Türkiyə  ilə bağlı. Fransa bu dövlətin Aİ üzvlüyü əleyhinə çıxış edir. Fransanın Türkiyədən gözləntiləri nədən ibarətdir? 

- Türkiyənin son illərdə etdiyi seçimlərin, təəssüf ki, onu Avropa İttifaqından bir az uzaqlaşdırdığını müşahidə edirik. Buna görə Türkiyə ilə üzvlük danışıqlarının yalnız ölü nöqtədə olduğunu qeyd edə bilərik. Lakin Türkiyə bir çox sahələrdə namizəd ölkə və Avropa üçün çox vacib tərəfdaş olaraq qalır: terrorizm, miqrasiya, enerji və s. Buna görə Avropa İttıfaqı ilə Türkiyə arasında ortaq maraq doğuran bütün bu mövzularda, fikir ayrılığı yaradan mövzulardan çəkinmədən, müntəzəm və tələb olunan yüksək səviyyəli bir dialoqun qorunmasının tərəfdarıyıq.

- Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər barədə fikirləriniz də maraqlıdır. Məlumdur ki, rəsmi Bakı ilə Aİ arasında tərəfdaşlıq müqaviləsi hələ də imzalanmayıb. Belə olan halda, münasibətlərin perspektivini necə görürsünüz? 

- Azərbaycana gəlincə, Avropa İttifaqı ilə əməkdaşlıq potensialı böyükdür. Buna görə 27 üzv dövlət Avropa İttifaqının Azərbaycanla gələcək tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi barədə danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verdi. İcazənizlə onu deyim ki, bu, mənim üçün çox mühüm əhəmiyyətə malikdir, çünki bu, Azərbaycan ilə Avropa arasındakı münasibətləri gələcək illərə istiqamətləndirəcək sənəddir. Bunun mühüm siyasi və iqtisadi əhəmiyyəti var. Ümid edirəm ki, yaxın zamanda müqavilə bağlanacaq. Bilirsiniz ki, Şərq Tərəfdaşlığının digər üzvləri – Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə belə müqavilələr artıq bağlanmışdır. Ölkənizin Avropanın enerji təhlükəsizliyində vacib iştirakçıya çevrilməsinə baxmayaraq, Azərbaycanla müqavilə bağlanmaması təzadlı olardı.

- Bir il öncə dünyanın nadir tarixi incilərindən biri, xeyli azərbaycanlının da sevdiyi Notrdam kilsəsində yanğın oldu. Koronavirusa görə mart ayında bərpa işlərinə fasilə verildi. Zəhmət olmasa, işlərin gedişatı ilə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırın. Abidə indi nə vəziyyətdədir, onun bərpası ilə bağlı məsələ nə yerdədir? 

- Bu suala görə təşəkkür edirəm, çünki Notre-Dame kilsəsi bütün fransız xalqının ürəyindədir. Kilsədəki yanğından sonra ölkəm həmrəylik və rəğbət ifadələri ilə  mütəəssir olmuşdu. Bərpası üçün kafedralın içərisinə qoyulmuş və yanğın zamanı əriyən böyük metal konstruksiyalar tezliklə sökülməlidir. Bu vacibdir, çünki həmin strukturlar binanın təhlükəsizliyinə problem yaradır. COVID-19 pandemiyası işlərin gedişatını bir qədər ləngitdi, lakin bərpa işinin beş il ərzində başa çatmasını şübhə altına almadı. Bu, fransızları, o cümlədən Avropa və dünya memarlıq irsinin abidəsini sevənləri bir araya gətirən geniş bir layihədir.