Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanın ən böyük güzəşti...
İrəvan Bakının yaratdığı yeni fürsətləri dəyərləndirməlidir

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüş dalana dirənmiş danışıqlar prosesinə töhfə verə bilərmi?

Bu sual hər iki ölkənin ictimaiyyətini, eləcə də prosesin bütün iştirakçılarını düşündürür. Hər halda, Azərbaycanda keçirilmiş prezident seçkisindən sonra rəsmi Bakının bu istiqamətdə ilk mesajı müsbət oldu. Azərbaycanın yenilənmiş şərtlərindən dolayı Ermənistanda və bəzi Qərb dairələrində yaranmış pessimist əhval-ruhiyyəyə baxmayaraq, Prezident İlham Əliyev prosesin bu müstəvidə aparılmasına “davam” dedi. Tərəflər Münhendə bildirdilər ki, xarici işlər nazirlərinə və delimitasiya komissiyasına görüşmək və müzakirələri davam etdirmək tapşırığı veriblər. 

Deməli, qarşıdakı həftələrdə, ola bilsin, aylarda normallaşma prosesi nazirlərin və komissiya üzlərinin görüşlərindən ibarət olacaq. Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistan XİN rəhbərləri iyun ayının sonunda ABŞ-da bir araya gəliblər, daha sonra Laçın yolu ilə bağlı yaranmış gərginlik, sentyabrda Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı təmasların dayanmasına səbəb olub. Maraqlıdır, nazirlərin bu dəfə görüş yeri hara olacaq? 

Delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yer problemi yoxdur, onlar dövlət sərhədində bir araya gəlib, müzakirə apara bilirlər. Sonuncu belə görüş bu ilin 31 yanvarında Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində baş tutub. Bundan sonra da “sərhəd danışıqları elə sərhəddə olsa yaxşıdır” məntiqi ilə görüşlərin həmin ünvanda keçirilməsi mümkündür.

Nazirlərin statusu və sülh gündəliyini müzakirə etməsi müzakirə ünvanının seçilməsini bir qədər mürəkkəbləşdirir. Çünki tərəflərin mövqeyində fərqlər var: Azərbaycan prosesin geosiyasi ziddiyyətlərin predmetinə çevrilməsini istəmədiyini deyərək, Ermənistana vasitəçilərin iştirakı olmadan ikitərəfli danışıqlar təklif edir. İrəvan isə hər vəchlə normallaşma prosesinin Qərbin egidası altında olmasında maraqlıdır. Ermənistan üçün artıq Rusiya variantı gündəlikdən tamamilə çıxıb, bu da Azərbaycan üçün bir qədər rahatlıq yaradıb. Amma rəsmi Bakı Avropa İttifaqı və ya Birləşmiş Ştatların da danışıqlarda aktiv iştirakını istəmir. Burada başlıca məqam Rusiyanın neqativ münasibəti, habelə Azərbaycanın qoyduğu tələblərin Qərb vasitəçiləri tərəfindən süngü ilə qarşılanmasıdır. 

Ehtimal etmək olar ki, xarici işlər nazirlərinin növbəti görüşü neytral ölkədə, məsələn, Gürcüstan paytaxtında baş tutsun. Azərbaycan indiki məqamda Qərbin istəklərini tam şəkildə yerinə yetirməyəcək, Brüssel və Vaşinqton hələ bir müddət Azərbaycanın Münhendə müzakirələrə razılıq verməsi və dialoqu bərpa etməsi ilə kifayətlənməlidirlər. 

Müzakirələrin gündəliyə gəlincə, bu, artıq yayda xarici işlər nazirləri arasında Vaşinqtonda günlərlə davam etmiş  iki görüşün gündəliyindən kəskin fərqlənir. Çünki yerdə vəziyyət kəskin dəyişib, Azərbaycan Qarabağdakı qondarma rejimi ləğv edib, erməni sakinlər bölgədən köçüb və buna bağlı mübahisəli məsələlər kökündən həll olunub. 

Ermənistanın israr etdiyi Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə beynəlxalq qarantiyalar mövzusu artıq yoxdur. Erməni əhalinin geri qaytarılması da danışıqlar predmeti deyil. İrəvanın əsas istəyi Azərbaycanın 29.8 min kv.km daxilində Ermənistanın ərazi bütövlüyünü tanıması, 1991-ci il sərhədləri əsasında delimitasiya və demarkasiya işlərinə başlanılması, anklavlar probleminin, habelə Azərbaycan ordusunun nəzarətində keçmiş ərazilərin bu kontekstdə müzakirə olunmasıdır. Nikol Paşinyan hökuməti sərhəd boyu yüksəliklərdə mövqe tutmuş Azərbaycan Silahlı Qüvvələrinin geri çəkilməsini də istəyir. İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ondan ibarətdir ki, bu, ikitərəfli razılaşma çərçivəsində həll olunmalı, Rusiyanın prosesdə iştirakına imkan verilməməlidir, habelə Azərbaycana tam nəzarətsiz dəhliz verməkdən söhbət gedə bilməz, ölənin giriş-çıxışında avtomobillər texniki vasitələrlə yoxlanılmalıdır. Bu şərtlərin yerinə yetirilməsi halında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımağa, bir daha ərazi iddiasına düşməyəcəyinə dair öhdəliklər götürməyə hazır olduğunu bildirir.   

Azərbaycanın sülh gündəliyi isə daha genişdir və münaqişənin tarixi aspektlərinə əsaslanır. Rəsmi Bakı malik olduğu hərbi-siyasi üstünlükdən istifadə edərək, problemin maksimum Azərbaycanın milli maraqları daxilində, tarixi ədalətin bərpası və davamlı mübahisəsiz sülh müqaviləsinə imza atacağını bəyan edir. 

Əvvəla, Ermənistanın tələb etdiyi kimi, ordunu şərti sərhəddəki yüksəkliklərdən geri çəkməyəcəyini bəyan edir, daha sonra anklavlar məsələsinin İrəvanın dediyi qaydada deyil, iki mərhələdə həllini tələb edir. Anklav olmayan, işğal edilmiş 4 kəndin boşaldılması, daha 4 kəndin məsələsinin komissiyada müzakirəsi təklif olunur. 

İkincisi, Azərbaycan sovet işğalından sonra ölkə ərazilərinin Ermənistana pay verildiyini əsas gətirərək, Naxçıvana nəzarətsiz dəhliz verilməsini tələb edir. Bakı 10 noyabr 2020-ci il bəyanatına əsaslanaraq, Rusiya FTX-nın dəhlizə nəzarət etməli olduğunu bildirir ki, bu da Ermənistanda və onun Qərb tərəfdaşlarında qıcıq yaradır.

Üçüncüsü, sərhədlərin hansı xəritələr əsasında dəqiqləşdirilməsi mövzusunda da Bakı və İrəvanın mövqeləri kökündən fərqlənir. Azərbaycan rəsmiləri bildirirlər ki, sovet işğalı dövründə Ermənistanın ərazisi cəmi 9 min kvadrat kilometr olub, 70 il ərzində bu ərazi Azərbaycandan tamamilə qanunsuz formada qoparılmiş 20 min kvadrat kilometr ərazi hesabına böyüdülüb. Sovet İttifaqının dağıldığı ərəfədə Ermənistan etnik münaqişəyə başlayıb və bu da 30 ildən çox çəkib, nəticədə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməyib. İrəvanın istinad etdiyi xəritələrin heç biri Azərbaycan üçün hüquqi əhəmiyyətə malik deyil, çünki onlar Ermənistanı süni şəkildə böyüdən sovet rejiminin bölgüsünə əsaslanıb.

Dördüncü vacib məsələ Azərbaycana qarşı onilliklər ərzində davam etmiş ərazi iddialarının Ermənistanı hüquqi və siyasi dalana salmasıdır. Ölkənin Müstəqillik Bəyannaməsi, Konstitusiyada ona verilən istinadı, 1991-ci ildə imzalanmış Alma-Ata bəyannaməsinə Qarabağla bağlı qoşduğu şərtlər və bir sıra başqa hüquqi aktlar Azərbaycanla potensial sülh müqaviləsini mübahisə predmetinə çevirir. 

Beşinci məqam Ermənistanın sülh müqaviləsinə ABŞ və ya Avropa İttifaqının timsalında beynəlxalq qarantorlar axtarmasıdır. Azərbaycan bildirir ki, indiki geosiyasi ziddiyyətlər fonunda bu axtarışlar regionda əlavə gərginlik mənbəyi yaradır və sülh perspektivinə zərbə vurur. Bakı ikitərəfli danışıqlar təklif edir və Ermənistan hələ ki, buna razılıq verməyib. 

Beləliklə, normallaşma prosesinə yenidən start verilsə də, ziddiyyətlər kifayət qədər böyük və çoxşaxəlidir. Qısa müddətdə ortaq nöqtələr tapmaq və uzlaşmaq çətindir. Amma vəziyyət o qədər də ümidsiz deyil. Tarixdə ən mürəkkəb münaqişələrin həlli yolları var və bu qarşılıqlı kompromislərə və tərəflərin razı qaldığı ədalətli formula əsaslanır.   

Münaqişənin tarixinə və Azərbaycan üçün nəticələrinə baxdıqda Bakının tələblərini bir qədər yumşaq adlandırmaq mümkündür. 30 il ərzində Azərbaycanın böyük bir hissəsi işğalda qalıb, bütöv şəhərlər, kəndlər məhv edilib, on minlərlə insan həlak olub, yaralanıb, milyona yaxın vətəndaş onilliklər ərzində dövlətin xərcləri hesabına çadırlarda, yataqxanalarda ağır şəraitdə yaşayıb. Bakı tam haqlıdır ki, münaqişəni həll edərkən yalnız 44 günlük müharibənin nəticələrinə baxmaq doğru deyil. Heç olmasa, dönüb 30 ildə Azərbaycanın işğaldan aldığı maddi, mənəvi ziyana diqqət etmək vacibdir. Ölkə rəhbərliyinin ən böyük güzəşti Ermənistanı bu tarixi cinayətlərə görə divara dirəməməsidir.

İrəvan və onun dəstək verən beynəlxalq qüvvələr məhz Ermənistanın 70-80 illik tarixində Azərbaycan hesabına qazandıqlarına və Qarabağ münaqişəsi zamanı Azərbaycana vurduğu ölçüyəgəlməz zərbələrə baxıb qərar verməlidirlər:

Naxçıvana rahat, nəzarətsiz gəliş-gediş üçün dəhliz Azərbaycanın tam qanuni haqqıdır;

Ermənistanda sülhü mübahisələndirəcək qanunların, Konstitusiyanın dəyişdirilməsi vacibdir, əks halda, regionda heç vaxt davamlı, möhkəm sülh olmayacaq;

Anklavlar dərhal qaytarılmalıdır və Azərbaycan məhz Ermənistanın təcavüzkar keçmişinə görə öz ordusunu indiki mövqelərdə saxlamalıdır.

Sülh müqaviləsi bu şərtlər altında imzalana bilər və əslində bu da Ermənistan üçün ən böyük mükafat sayıla bilər. Dönüb bir balaca tarixə baxanda elə görünür...

Turqut