Logo
news content
User
Kateqoriyalar

Analitika

“Azərbaycana yeni müharibə elan edilib”
Ekspert: “Rusiya Qarabağda yeni siyasi xətt tutub və bölgədə qalmaqda israrlıdır”

Bu həftə Xankəndidəki oyuncaq rejimin “parlament rəhbəri” seçilən Daşnaksütyun partiyasının üzvü David İşxanyan, “seçkidən” əvvəl əsas nitqlə çıxış edib. O, nitqində açıq şəkildə Qarabağ ermənilərinin “müstəqillik hüququnun” reallaşması üçün mübarizə aparacağını bildirib.

1988-ci il “Qarabağ hərəkatı”nın fəal iştirakçısı olan İşxanyan İrəvanı Qarabağ məsələsində “aradan çıxmaqda” ittiham edib və “yeni yollar və tərəfdaşlar axtarmalı olduqlarını” bildirib.

“Lakin bizim bütün səylərimiz 1988-ci ildə formalaşmış mühüm strateji məqsədin həyata keçirilməsinə yönəldiləcək”, - o, qeyd edib.

Daha sonra o, “Qarabağın və onun xalqının təhlükəsizlik sisteminin əsas qarantı olan Qarabağ ordusunun” qorunub saxlanmasının və gücləndirilməsinin vacibliyini vurğulayıb.

İşxanyan Ermənistanla Qarabağ arasında münasibətlərin pisləşdiyini etiraf edərək, “parlamentlərarası əlaqələri” gücləndirməyə çağırıb.

Qeyd edək ki, İşxanyanın “parlament rəhbəri” seçilməsi Qarabağda birmənalı qarşılanmayıb. İşxanyanın özünün dediyinə görə, onun namizədliyi üçün hazırkı “prezident” Arayik Arutyunyan, eləcə də separatçıların əvvəlki iki lideri Bako Saakyan və Arkadi Qukasyan kampaniya aparıblar.

İşxanyanın açıqlamalarından belə nəticəyə gəlmək olar ki, separatçı liderlər əhalini yeni müharibəyə hazırlayır və rəsmi İrəvandan fərqli olaraq, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq niyyətində deyillər.

Belə çıxır ki, vəziyyət getdikcə daha da pisləşir. Əvvəlcə Araik Arutyunyan böyük bir televiziya müsahibəsi verir və bu müsahibədən hiss olunur ki, o, regionda yeni reallıqları qəbul etməkdən və ən azı bir qədər konstruktivlik nümayiş etdirməkdən xeyli uzaqdır. İndi isə “parlamentin rəhbəri” kimi barışmaz separatçı peyda olub və Qarabağ ermənilərinin bundan sonra yaşamalı olduğu yeni şərtlərə dözmək istəmir. Separatçı elitanın bu minvanla hara getdiyi ciddi sual doğurur. Yaşananlara az-çox rasional izah verərək belə nəticəyə gəlmək olar ki, onları fantastik bəyanatlar səsləndirməyə Moskva sövq edir, əvəzində şəxsi təhlükəsizlik və nəsə baş verdiyi təqdirdə Qarabağdan çıxarmaq zəmanət verir. Yeri gəlmişkən, sərt çıxışları ilə Azərbaycan hakimiyyətini qıcıqlandıran İşxanyan və Arutyunyan belə bir “nəsənin” baş vermə ehtimalını daha da yaxınlaşdırırlar. Bəs bütün bunlar kimə lazımdır və bütün bunlar sonda necə bitə bilər?

“Biz lap əvvəldən bu barədə danışırıq: zaman keçdikcə vəziyyət daha da pisləşəcək və Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingenti Ermənistan hakimiyyəti və Xankəndi ilə razılaşdırılmış siyasət apararaq, münaqişənin həllinin son nöqtəsinə çatmağa imkan verməyəcək”

Bunu Press Kluba açıqlamasında politoloq, təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl deyib. “Ona görə də, 44 günlük müharibə başa çatdıqdan sonra biz təzyiqlərin artırılmasının və Xankəndi məsələsinin qalib dövlət mövqeyindən həllinin vacibliyini xüsusilə vurğulayırdıq”.

Onun fikrincə, son hadisələr - Araikın dünya birliyinə müraciəti, daşnak İşxanyanın qondarma “parlament sədrliyinə” gətirilməsi yeni strateji hədəflər olduğunu göstərir. “Hətta deyərdim ki, Araikin “təcili xəbərdarlıq çağırışı” Azərbaycana müharibə elanı idi. Xəbərdarlığın tonu, Azərbaycanı “humanitar fəlakətin yaradıcısı” kimi qələmə verərək beynəlxalq ictimaiyyət tərəfindən təzyiq cəhdi və Azərbaycanı bilərəkdən təxribata cəlb etmək müharibə elan etməyə bərabərdir.

Bu, təkcə separatçı rejimin liderlərinin deyil, Rusiyanın da mövqeyidir”, - politoloq hesab edir. 

“Ermənistanda hakimiyyəti dəyişdirə bilməyən Rusiya Xankəndinə Paşinyana müxalifətdə olan daşnak partiyasının üzvünü parlamentə gətirir. Baş nazir Paşinyanın daşnak partiyasının xaricdə fəaliyyət göstərən bəzi üzvlərinə Ermənistana girişi qadağan etdiyi bir vaxtda Xankəndinə parlamentə daşnakın təyin edilməsi sadə siyasi gediş deyil. Bu o deməkdir ki, Xankəndində Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan daşnak bürosunun üzvü hakimiyyətə gətirilir, Qarabağ məsələsində Azərbaycana beynəlxalq təzyiqlər artır, rəsmi İrəvandansa, diasporla əməkdaşlıq etmək daha məqsədəuyğun hesab olunur. Bu, Rusiyanın rəhbərlik etdiyi separatçı rejimin yeni siyasi xəttidir və bunu onun strateji hədəflərinin dəyişməsinin əlaməti kimi qiymətləndirmək lazımdır. Araik Aruyunyanın İrəvana deyil, dünyanın aparıcı siyasi qurumlarına, o cümlədən BMT-yə, ABŞ, Fransa və Rusiya dövlət başçılarına son təcili müraciəti və beynəlxalq qüvvələrdən kömək istəməsi (əslində bu, istək deyil, tələbdir) yeni xəttin canlı nümunəsi hesab edilə bilər. Araik müraciətində Ermənistana mesaj göndərdi ki, “bizim sizə elə də böyük ehtiyacımız yoxdur, amma “Artsax” haqqında danışanda daha ağıllı olun”. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları Xankəndi separatçıları üçün o qədər də önəmli deyil. Hətta iki ölkə arasında sülh sazişi imzalansa belə, onların “öz müqəddəratını təyinetmə” uğrunda mübarizəsi, daha doğrusu, müharibəsi davam edəcək”, - ekspert qeyd edib.

İlham İsmayıl hesab edir ki, bu prosesə ən ciddi təsir göstərə biləcək bir tərəf, bir qüvvə var - Azərbaycan. “Azərbaycan bir-birinin ardınca siyasi və hərbi təzyiq göstərməli, qarşı tərəfi çıxılmaz vəziyyətə salmalıdır. Ən azından neytrallaşdırmaq baxımından Türkiyənin Rusiyaya təzyiqini artırmaq lazımdır.

Erməni sərt təpki görməsə gedəcək məxluq deyil. Bir daha təkrar edirəm: Ermənistan silahlı qüvvələrinin ərazimizdən çıxarılmasının şərtləri müəyyən və elan edilsin; keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıtması üçün zəruri siyasi və diplomatik addımlar gündəmə gətirilsin; Rusiya sülhməramlıları ilə təcili danışıqlar aparılsın və humanitar yüklərin Ağdam yolu ilə çatdırılması məsələsi həll edilsin; düşmənin son çağırışına qarşı beynəlxalq ictimaiyyət qarşısında informasiya təbliğatı aparılsın.

Sonda bu proses nəyə gətirib çıxara bilər? Azərbaycan 2025-ci ilə qədər məsələni həll edə bilməsə, tamamilə mümkündür ki, gələcəkdə beynəlxalq şərtlər və konyuktura bizim əleyhimizə işləsin. O zaman hesab edə bilərik ki, Rusiya Qarabağda qeyri-müəyyən müddətə qalmaq siyasətini davam etdirəcək”, - ekspert yekunlaşdırıb.

Rauf Orucov