Azərbaycana qarşı səlib yürüşü – Şiff nəyə ümid edir?
Ekspert: “Sənəd qəbul olunsa, bu, ABŞ-Azərbaycan əlaqələrinin kəsilməsi demək olacaq”
20 Sentyabr 2024
Xəbər verdiyimiz kimi, erməni lobbiçisi, konqresmen Adam Şiff Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən düz bir il sonra ölkəmiz əleyhinə qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Şiffin təqdim etdiyi ikipartiyalı qanun layihəsində deyilir:
▪️ Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat vermələri tələb edilsin. Prezident, qanunun qəbul edildiyi gündən sonra 60 gün müddətində bu aktivlərlə bağlı əməliyyatları bloklamalı, bloklandığı gündən 90 gün ərzində isə onları müsadirə etməlidir.
▪️ Müsadirə edilmiş Azərbaycan aktivlərini alacaq “Artsax” gəlirlərinin bərpası Fondu yaradılsın və sonra bu vəsait Azərbaycanın “hərbi hücumu nəticəsində “Artsaxdan” didərgin düşmüş, əmlaklarından, bizneslərindən və iş yerlərindən əldə etdikləri gəlirlərə görə kompensasiya almaq hüququ olanlar” üçün istifadə edilsin.
▪️ “Artsaxa” hərbi hücumda iştirak edən və ya dəstəkləyən yüksək rütbəli Azərbaycan məmurlarına və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq edilsin və onların ABŞ-dakı şəxsi aktivləri müsadirə edilsin.
▪️ Köçkün ermənilərə Fonddan kompensasiya almaq üçün müraciət etməkdən ötrü sadələşdirilmiş prosedur yaradılsın.
Qanun layihəsi Nümayəndələr Palatasının aşağıdakı üzvləri tərəfindən dəstəklənib:
Frank Pallone (demokrat - Cersi), Anna Eshoo (demokrat - Kaliforniya), Qeyb Amo (demokrat - İllinoys), Coys Bitti (demokrat - Ohayo), Cim Kosta (demokrat - Kaliforniya), Coş Qottaymer (demokrat - Cersi), Duq LaMalfa (respublikaçı - Kaliforniya), Set Magaziner (demokrat - İllinoys), Ceyms MakQovern (demokrat - Massaçusets), Qreys Menq (demokrat - Nyu York), Kevin Mullin (demokrat - Kaliforniya), Qreys Napolitano (demokrat - Kaliforniya), Eleanor Holms Norton (demokrat - Kolumbiya), Yan Schakovski (demokrat - İllinoys), Linda Sanchez (demokrat -Kaliforniya), Bred Şerman (demokrat - Kaliforniya), Dina Titus (demokrat - Nevada) və Lori Trahan (demokrat - Massaçusetsd).
Yəni, Şiff təklif edir ki, Birləşmiş Ştatlar hansısa “Artsax” gəlirlərinin bərpası Fondu yaratmaq üçün Azərbaycanın aktivlərini müsadirə etməyə başlasın. Şiff bu fondun vəsaitlərini Qarabağ ermənilərinin “kompensasiyasına” sərf etməyi təklif edir. Bundan əlavə, konqresmen bəyan edib ki, Azərbaycan “atdığı addımlara görə cavab verməlidir” (görünür, ərazi bütövlüyünü bərpa etdiyinə görə), erməni “qurbanlar” isə “təzminat almalıdır”.
Maraqlıdır, erməni lobbiçinin amerikalı konqresmenlərin əksəriyyətini belə bir qanunun qəbul edilməsinin zəruriliyinə inandıra biləcəkmi? Bəs sənəd qəbul olunarsa, ABŞ-Azərbaycan münasibətlərini hansı nəticələr gözləyə bilər?
Beynəlxalq məsələlər üzrə ekspert, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
Vəlizadə ilk olaraq onu qeyd edib ki, bu, məzmununa görə tamamilə savadsız qanunvericilik təşəbbüsüdür, hətta ötəri ekspert təhlilindən belə, keçməyəcək. “Çünki orada beynəlxalq hüquq, ABŞ-ın öhdəlikləri, Amerika və Azərbaycan arasında münasibətləri müəyyən edən hüquqi sənədlərlə açıq-aşkar uyğunsuzluq var. Buna görə də, Şiff kimi insanlar, bu cür qanunvericilik təşəbbüsündən sonra ümumiyyətlə ABŞ-ın xarici siyasətinə aid olan istənilən qərar qəbul etmək və ya qanun layihəsi hazırlamaq təşəbbüsündən kənarlaşdırılmalıdırlar. Yəni bu, açıq-aydın təhrif, hörmətsizlikdir”, - ekspert qeyd edib.
Qanun layihəsinin mətninin özünə gəlincə, o, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını qeyd edib. “Onlar da Azərbaycan kimi BMT-nin prinsiplərini, o cümlədən başqa dövlətin daxili işlərinə qarışmamaq prinsipini və s. tanıyırlar. Lakin görünür, Şiff sifarişçilərinin rəğbətini qazanmaq qərarına gəlib və bu cür şərtlərə əhəmiyyət vermir. Onun üçün əsas bu deyil - əsas odur ki, var olduğunu, çörəyini boşuna yemədiyini, erməni lobbisinin ümidlərini doğrultduğunu göstərməlidir. Bu qanun layihəsinin qəbul ediləcəyini düşünmürəm. Hətta onun Konqresdə ilk oxunuşu zamanı çox böyük problemlər yarana bilər. Amma necə olmasından asılı olmayaraq, bu vəziyyət erməni lobbisinin və onun təşkilatlarının ABŞ-ın qanunvericilik sistemində nə qədər dərin kök saldığını göstərir. Onların “vəkilləri” ilə əlaqələri necə möhkəmdir. Onlardan biri artıq həbsdədir, cəzasını çəkir - bu, Bob Menendesdir. Düzdür, o, başqa əməllərinə görə həbsdədir. Lakin bu və ya digər şəkildə ABŞ-da lobbiçilik fəaliyyətinin pozulması ilə bağlıdır”, - politoloq xatırladıb.
Onun sözlərinə görə, bu yeni qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarının əməkdaşlarının belə insanların nə etdikləri və bu cür təşəbbüslərin haradan yarandığına diqqət yönəltməsi üçün səbəbdir. “Fakt budur ki, belə qanun layihələri elə-belə ortaya çıxmır. Belə bir maraq Şiff kimi insanların erməni xalqına, ermənilərə platonik hissləri ilə izah oluna bilməz.
Bu sərsəm fikirlərin Amerika parlamentindən keçməsinə gəlincə, mən işin o dərəcəyə çatacağına inanmıram. Çünki bu kağız parçası qəbul olunarsa, əslində Birləşmiş Ştatlarla Azərbaycan arasında əlaqələrin kəsilməsi demək olacaq. Düşünmürəm ki, kimsə məsələnin bu səviyyəyə çatmasına imkan versin. Lakin gələcəkdə də özünə erməni lobbisinin səxavətli hədiyyələrini təmin etmək üçün Şiffə bu təşəbbüs uyğundur”, - deyə Vəlizadə yekunlaşdırıb.
Rauf Orucov