Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanın xarici siyasətində nə baş verir? - TƏHLİL
Şərqə yaxınlaşmaq, Qərbdə görüşmək...

Uzun illərdir Rusiya və Qərb arasında balanslı siyasət aparmağa çalışan Azərbaycan hazırda geosiyasi qarşıdurmanın şiddətləndiyi dövrdə konkret seçimini edirmi? Son iki həftədə prezidentin və onun komandasının iş qrafiki kifayət qədər zəngin, bir qədər də kontrastlı olub. Səfərlər, görüşlər imzalanan sənədlər rəsmi Bakının xarici siyasət prioritetlərinin istiqamətlərinə işıq salır, amma yenə də konkret nəticə çıxarmaq çətindir. 

Beləliklə;

İyunun 21-də ABŞ Dövlət katibi Entoni Blinken İlham Əliyevə zəng edib, ardınca ayın 27-də öz müavini Ceyms Obraynı Bakıya göndərib. Prezident və xarici işlər nazirləri ilə danışıqlarda əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması olub. Azərbaycan iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun 75 illik yubiley sammitinə iştiraka dəvət olunub. Bu çərçivədə hərbi ittifaqla tərəfdaş ölkələrin ayrıca toplantısı keçiriləcək. Rəsmi Bakı dəvətə aydın cavab vermir...

İlham Əliyev Blinkenə, həm də onun müavininə sülhün əsas şərtinin Ermənistan konstitusiyasına dəyişikliklər olduğunu bildirir.

İyulun 2-3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusda səfərdə olub. Səfər çərçivəsində Z.Həsənov Minsk şəhərində keçirilən bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib.

Həmin gün - iyulun 2-də müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ilə görüşüb. Baş Qərargah rəisi qonağa NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib. Görüşdə Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə qeyd edilib.
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini bildirən K.Vəliyev, bunun yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.
General-mayor S.Fiks isə öz növbəsində Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İyulun 3-də Azərbaycan Ordusunun bayraqdarlar heyəti Belarusun Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak edib. Paradda Rusiya, Qazaxıstan və Çin ordularının parad heyətləri də qatılıb.

Prezidenti İlham Əliyev iyulun 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən görüşündə iştirak edib. Prezident çıxışında bildirib ki, Azərbaycan bu təşkilatda öz statusunu artırmaq niyyətindədir. 

Həmin gün ilham Əliyev Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər ikitərəfli münasibətləri və regiondakı durumu müzakirə edib, əlaqələrin səviyyəsindən məmnun qaldıqlarını bildiriblər. 

İyulun 3-də Astanada Prezident İlham Əliyev Çin rəhbəri Si Cinpin ilə görüşüb. Görüşdən sonra iki ölkə arasında Strateji Tərəfdaşlığa dair birgə Bəyannamə imzalanıb. Sənəddə Azərbaycanın Çinin lideri olduğu BRİKS təşkilatına üzvlük niyyəti dəstəklənib.  

Nəhayət, bu gün iyulun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun yubiley sammitində iştirak etmək üçün Vaşinqtona gedib. 

Beləliklə, Azərbaycan Şərq blokunun aparıcı ölkələri ilə təmasları kəskin artırsa da NATO və Qərblə bu günə qədər əldə olunmuş münasibətlər səviyyəsini aşağı salmaq niyyətində olmadığını nümayiş etdirir. Fərq ondadır ki, Bakı Rusiya və Çinlə birinci şəxs səviyyəsində, ABŞ və NATO ilə daha aşağı səviyyələrdə təmas qurur.  

Politoloq Fərhad Məmmədov Azərbaycanın ABŞ-də keçirilən NATO sammiti ilə yanaşı iyulun 18-19-da Londonda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammitində iştirak edəcəyini bildirir. Onun sözlərinə görə, Bakı həmişə NATO sammitlərində iştirakçısı olduğu proqramlarla bağlı iştirak edib. Bu, ABŞ-ın konkret olaraq Azərbaycana xüsusi dəvəti, jesti deyil:

“ABŞ, sadəcə olaraq, bunu elə çərçivəyə saldı ki, guya bu dəvət Vaşinqtonun Azərbaycana lütfüdür. Üstəlik, onlar dəvəti Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözləntisi ilə çərçivələyiblər. Nəyə görə? Axı bu, digər paytaxtlarda qıcıq yaradır! Almaniyada, Qazaxıstanda nümayəndə heyətləri görüşür və hər şey, proses sakit gedir”

F.Məmmədov onu da xatırladır ki, bir ay əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə NATO ilə məsləhətləşmələrdə iştirak edib.

Britaniyada keçiriləcək Avropa Siyasi Sammitinə gəlincə, politoloq ona ölkənin yeni Baş nazirinin ev sahibliyi edəcəyini bildirir: “EPC maraqlı platformadır, Avropada keçirilir, amma Avropa Şurası, Avropa Birliyi və ya ATƏT deyil. EPC-nin heç bir qaydaları, nizamnamələri və öhdəlikləri yoxdur. O, hələ başlanğıc mərhələdədir və Fransanın təşəbbüsü ilə Brüssel danışıqlar formatının dəfn olunduğu sonuncu Qranada sammiti istisna olmaqla, Azərbaycan onun bütün sammitlərində iştirak edib. Deməli, “Qərbə dönüş, Qərb platformalarında iştirak 9-11 iyul NATO sammiti, 18 iyul EPC sammitinə qatılmaqla məhdudlaşır”. Azərbaycan heç vaxt ikitərəfli münasibətləri üçüncü tərəflərin girovluğunda saxlamayıb, əgər üçüncü tərəflər özləri böhran yaratmasalar”, - o vurğulayıb.

Qeyd edək ki, NATO sammiti çərçivəsində Ceyhun Bayramovun ABŞ-də bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Bu gün Ağ ev təsdiqlədi ki, Vaşinqtonda dövlət katibi Entoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Beləliklə, Dövlət katibinin müavini Obreynin Bakıda və İrəvanda qaldırdığı əsas məsələ reallaşır, nazirlər növbəti dəfə ABŞ-ın vasitəçiliyi ilə bir araya gəlirlər. 

Görüşdə sülh müqaviləsi və onun ətrafında regionda münasibətlərin noprmallaşdırılması, kommunikasiyaların açılması müzakirə olunacaq. ABŞ ümid edir ki, tərəflər COP-29-a qədər sülh haqqında çərçivə sazişi imzalayaraq bir addım irəli gedə bilərlər, amma Bakı buna bir şərtlə razıdır: Ermənistan Konstitusiyasını dəyişməlidir.

Ermənistanda Demokratiya və Təhlükəsizlik üzrə Regional Mərkəzin prezidenti Tiqran Qriqoryan yerli mətbuata deyib ki, Azərbaycan son aylarda ikitərəfli formatda danışıqlar prosesini irəli aparıb və Mirzoyan-Bayramov ikitərəfli görüşü Vaşinqtonda baş tutsa belə, çətin ki, ciddi irəliləyiş olsun. “Ümumiyyətlə, aydındır ki, Bakı Qərbin vasitəçiliyi ilə aparılan danışıqlarda maraqlı deyil”, - deyən Qriqoryan əlavə edib ki, Azərbaycan hələ bir müddət əvvəl sülh sazişi imzalamağı qarşısına məqsəd qoymayıb.

Azərbaycan lideri sülh müqaviləsinin əsas prinsipləri ilə bağlı yaxın vaxtlarda razılığın əldə olunmasını və onların paraflanmasını, sonra isə mətn üzərində işləməyi davam etdirməyi mümkün hesab edib. Yəni sülh müqaviləsi yalnız bundan sonra imzalana bilər. Tiqran Qriqoryanın fikrincə, belə bir sənədin imzalanmasından Ermənistan heç nə əldə etməyəcək. Əvəzində Bakı İrəvan vasitəsilə hazırki status-kvonu qanuniləşdirəcək.

Beləliklə, Blinken nazirləri bir araya gətirsə belə, tərəflərin mövqelərində ziddiyyətlər qalır. Bakının şərtlərini yerinə yetirmək üçün Ermənistanda uyğun siyasi şərait, ən əsası, zaman yoxdur. Ona görə də, Paşinyan komandasının ev tapşırığı qarşıdakı aylarda cəmiyyətə sülh ideyasını daha dərindən aşılamaq, ona qarşı çıxan revanşist qüvvələri tamamilə ram etməkdir.   

Turqut