
Neft-qaz sektorumuza investisiya 24 faiz azalıb
11 İyul 2025
2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8 milyard 73.5 milyon manat , yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.5 faiz az investisiya yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, iyulun 10-da yaydığı məlumatda bildirilir.
Açıqlamaya görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23.8 faiz azalıb, qeyri neft-qaz sektoruna investisiyaların həcmi isə 13.5 faiz artıb.
Müstəqil iqtisadçılara görə, bu, reallıqda ölkə iqtisadiyyatında azalma ilə müşahidə edilir. Neft-qaz sahəsi ölkənin əsas gəlir mənbəyidir.
DSK vurğulayır ki, hesabat dövründə ölkənin sənaye müəssisələri, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 31.2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.9 faiz az sənaye məhsulu istehsal ediblər. Neft-qaz sektorunda məhsul istehsalı 3.1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6.3 faiz artıb.
Ölkə ixracının təqribən 90 faizi neft və qaz sektorunun payına düşür.
Bugünlərdə dövlət başçısı İlham Əliyev deyib ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dolları sərmayə qoyulub. Onun vurğulamasına görə, Azərbaycanda çox müsbət sərmayə iqlimi mövcuddur. Amma bəzi müstəqil iqtisadçılar həmin fikirlə razılaşmırlar. Onların sözlərinə görə, üstəlik, ölkəyə yatırılan sərmayədən səmərəli istifadə edilməyib.