
ABŞ və Aİ Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyiblər
11 İyul 2025
ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib.
"Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur", - o deyib.
T.Bryus ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:
"Bildiyiniz kimi, Prezident (Donald-red) Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi", - o, fikirlərini yekunlaşdırıb.
Avropa İttifaqı (Aİ) da Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.
Onun sözlərinə görə, Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir.
“Aİ daha əvvəl 2025-ci ilin martında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb”, - Hipper qeyd edib və vurğulayıb ki, hazırkı görüş regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addımdır.
“Tərəfləri sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez keçməyə çağırırıq. Tərəflər istəyərsə, Aİ əlavə dəstək və ekspertiza təmin etməyə hazırdır”, - Aİ nümayəndəsi bildirib.
Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkə arasında sülh gündəliyinin müzakirəsi üzrə görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.