Azərbaycan Şuşadakı tədbirin qarşısını ala bilərdimi?
20 May 2020
Mayın 21-də Dağlıq Qarabağdakı oyuncaq rejimin yeni rəhbərinin andiçmə mərasimi keçiriləcək. Bu dəfə ermənilər tədbiri Şuşa şəhərində keçirməyə qərar veriblər.
Ermənilər niyə mərasimi məhz Şuşada keçirir? Azərbaycan dövləti bunun qarşısını ala bilərdimi və almaq üçün zəruri addımları atıbmı?
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu sualımıza cavab olaraq bildirdi ki, Şuşa hər zaman Qarabağın ürəyi, şah damarı olub:
“Şuşa Azərbaycan üçün çox önəmli bir yerdir, müqəddəsdir, mədəniyyətimizin beşiyidir. Ermənilər bu tədbiri orada təşkil etməklə Azərbaycanın yaralı yerinə toxunurlar. Azərbaycan xalqının iradəsini, ümidini yox etmək məqsədilə nümayiş etdirirlər ki, biz Şuşanı almışıq, oturmuşuq və bayramımızı, inaqurasiyamızı da burda keçiririk. Yəni bu, Azərbaycana çox ağır mesajdır. Bir vətəndaş, keçmiş döyüşçü olaraq xəcalət çəkirəm, utanıram... Müdafiə nazirinin, xarici işlər nazirinin, Azərbaycanın xüsusi xidmət orqanlarının, Azərbaycanın prezidentinin, Milli Məclisinin - hamsının yerinə mən özüm xəcalət çəkirəm ki, Şuşa, Qarabağ hələ də işğaldadır. Torpaqlarımız azad olunmalıdır. Bunun üçün Azərbaycanın gücü-qüdrəti var. Yetər ki, ali baş komandan siyasi qərar, əmr versin, biz də keçmiş döyüşçülər kimi gənc zabit və əsgərlərimizə ruh, dəstək verməklə, torpaqlarımızı azad edək. Bu məsələ bitsin.”
R.Kərimoğlu qeyd etdi ki, bu gün - 20 may tarixi - hələ də gec deyil və Azərbaycan dövləti bu tədbirin Şuşada keçirilməsinə mane ola bilər:
“İllər öncə “Yeni Müsavat” qəzetində Kəlbəcərdə ermənilərin qızıl mədəni tikib, torpaqlarımızdan qızıl çıxardıqları barədə məsələyə münasibətimi soruşdular. Azərbaycanla Ermənistan arasında 1994-cü ildə imzalanan müvvəqəti atəşkəs sazişində elə bir maddə yoxdur ki, ermənilərə Kəlbəcərdə qızıl çıxarmaq, Laçında, Cəbrayılda ev tikmək, məskunlaşma aparmaq hüququ versin. Biz atəşkəs imzalamışıq, amma qarşı tərəf atəşkəsin bütün şərtlərini pozub. Həmin ərazilərə hərbi zərbə endirmək mümkündür. Qızıl zavodu tikiləndə və xaricilər orada iştirak edəndə, heç qəlpəli yox, tüstü buraxan bircə raket atılsaydı, heç bir xarici orada işləməzdi. Bu gün inauqurasiya keçiriləcək Şuşaya bir tüstü buraxan raket atılsa, kifayət edər və ermənilər bir daha orada tədbir keçirməz. Etmirlər. Niyə etmirlər? Çünki ali baş komandanın ətrafında qorxaqlar, yaltaqlar toplaşıb. Elmar Məmmədyarov heç öz doğma dilində - Azərbaycan dilində danışa bilmir, bu adam Azərbaycanın marağını, mənafeyini, hüquqlarını necə qoruya bilər? Azərbaycan hərbi sistemində Rusiyaya işləyənlər var, onlar torpaqları necə geri ala bilər?!”
R.Kərimoğlunun sözlərinə görə, Azərbaycan güclü ordusu var, yetər ki, ortada siyasi iradə olsun:
“Ali baş komandanımız iradə göstərməlidir. Ətrafı onu inandırmalıdır. Amma ətrafında yaltaq, qorxaq, rüşvətxor, hətta xəyanətkar adamlar var. Onlar tədricən bir-bir aşkarlanıb, ortaya çıxarılır. Eldar Mahmudov Azərbaycan təhlükəsizlik sistemini darmadağın etdi, onu həbs etmədilər. İndi isə Əli Nağıyev gəlib, Allah yardımçısı olsun, peşəkardır, qurub yaratmağa çalışır. Tofiq Yaqublu kimi vətən fədaisini, Qarabağ döyüşçüsünü, heç nəyə görə dörd dəfə həbsə atıblar. Onun kimi bir insanın həbsə atılması, Akif Çovdarov kimi bir caninin isə azadlığa buraxılması Azərbaycan xalqına, millətinə təhqirdir. Şuşa, Qarabağ həm də buna görə işğaldadır. Bax, səbəbləri budur. Belə olmaz! Bu millət, bu xalq yazıqdır...”
Təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl isə bəyan etdi ki, ermənilərin andiçmə mərasimini Şuşada keçirməsi məqsədyönlüdür:“Şuşanın bizim üçün hansı dəyərdə olduğunu bilirlər. Onsuz da zədələnmiş qürurumuzu bir daha zədələmək, Azərbaycan xalqında təslimçilik əhval-ruhiyyəsini və “biz çox zəifik” düşüncəsini gücləndirmək üçün tədbiri qəsdən Şuşada keçirməyə qərar verdilər. Sabah Şuşanı paytaxt elan etsələr, heç təəccüb etmərəm, bunu əvvəllər də söyləmişəm. Azərbaycanın heç bir əks-reaksiyasını görməyəndə onlar lap Bakıya qədər də gəlməyi düşünə bilərlər. Çünki bizim cavab tədbirimiz yoxdur...”
Azərbaycan dövləti bu tədbirin Şuşada keçirilməsinin qarşısını ala bilərdimi və ala bilərdisə, hansı yolla? İ.İsmayıl hesab edir ki, qarşısını ala bilərdi. Onun fikrincə, bunun iki yolu var idi - hərbi və diplomatik:
“Çox sərt bəyanat verilib, deyilməliydi ki, Şuşa bizim üçün böyük mənəvi dəyəri olan bir yerdir. Bugünkü qərarınızdan çəkinməyi tələb edirik, əks təqdirdə, atəşkəs pozulacaq. Bu bəyanatdan sonra davam etsəydilər, atəşkəsi pozmaq olardı. Səhər saatlarından elə bir şərait yaratmaq olardı ki, qarşı tərəf tədbiri keçirməyə imkan olmadığını görsün. Mən inanıram ki, bu sərt tədbir görülsəydi, həmsədrlərə də deyilsəydi ki, tədbir keçirilsə, heç bir sənədə imza atılmayacaq, nəticə verərdi. Amma Azərbaycan buna getmədi və sabah Şuşada böyük bir atəşfəşanlıq olacaq...”