Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan-Avropa münasibətlərində böyük çat
Daha praqmatik, təmkinli, ölçülü-biçili siyasətə ehtiyac var…

Azərbaycan Avropa Şurasına üzv olduğu 24 il ərzində (25 yanvar 2000-ci ildən bəri) ilk dəfə təşkilatın sərt sanksiyalarına məruz qala bilər. Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının açılış iclasında Azərbaycanın nümayəndə heyəti “sürprizlə” üzləşib.

Almaniyadan olan deputat Frank Şvabenin təşəbbüsü ilə deputatlar böyük səs çoxluğu ilə "təşkilatın prinsiplərini pozduğuna görə" Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına tərəfdar olublar. O, öz bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini göstərib. Şvabe 2023-cü ildə Bakının AŞPA məruzəçilərini Laçın yoluna buraxmaqdan imtina etdiyini də vurğulayıb.

Bu təklifin qiymətləndirilməsilə təşkilatın Monitorinq Komitəsi məşğul olacaq. Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var. Bundan sonra AŞPA bu məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək. Azərbaycan nümayəndə heyəti bu məsələ üzrə səsvermədə iştirak edə bilməz. Ekspertlərə görə, bu, artıq həll edilmiş məsələdir, Azərbaycan nümayəndə heyəti səsvermə hüququndan məhrum edilə bilər. 

Qeyd edək ki, AŞPA-nın dünənki iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.

Azərbaycanın AŞPA-dakı keçmiş təmsilçilərindən olan Gültəkin Hacıbəyli baş verən hadisənin səbəbini izah edərkən deyib ki, qurum hər ilin yanvar ayında üzv dövlətlərin nümayəndə heyətlərinin mandatını yenidən təsdiq edir:

“Etiraz yoxdursa və bu etiraz 5 ölkədən ən azı 30 nəfər AŞPA deputatı tərəfindən dəstəklənmirsə, ölkələrin mandatı ümumi qaydada təsdiqlənir. 

Dünən AŞPA-nın açılış sessiyasında manatlarların ənənəvi təsdiqi proseduru zamanı Almaniyadan olan Sosialist Qrupunun üzvü Frank Şvabe Azərbaycan nümayəndə heyətinin mandatını mahiyyət üzrə mübahisələndirdi. Onun etirazına 5 ölkədən ən azı 30 deputat dəstək verdiyi üçün etiraz qəbul edildi və prosedura uyğun olaraq, AŞPA-nın iki Komitəsinə yönləndirildi. AŞPA-nın Monitorinq Komitəsi etirazla bağlı hesabat, Prosedur və Qaydalar Komitəsi isə rəy hazırlayaraq, yanvarın 24-ü, axşam saatlarında AŞPA-nın plenar iclasının müzakirəsinə çıxaracaq”.

G.Hacıbəyli xatırladır ki, Frank Şvabe Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqi proseduruna etirazını dörd başlıca səbəblə əsaslandırmışdı:

Azərbaycanda siyasi məhbusların olması;

Dağlıq Qarabağdan əhalinin zorakılıqla (?-red.) köçürülməsi;

2023-cü ildə AŞPA nümayəndələrinin ən azı üç dəfə Azərbaycana buraxılmaması;

Azərbaycanın AŞPA-na 7 fevral prezident seçkilərini müşahidə etmək üçün dəvət göndərməməsi.

Keçmiş deputat hesab edir ki, Azərbaycan nümayəndə heyəti ilə bağlı yekun qərar üç istiqamətdə ola bilər:

Nümayəndə heyətinin mandatı təsdiqlənəcək;

Nümayəndə heyətinin mandatının təsdiqindən imtina ediləcək;

Nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırılacaq (onlar müəyyən müddətə səsvermə və ya məruzəçi təyin edilmək və ya rəhbər orqanlara seçilmək hüququndan məhrum ediləcəklər). 

Gültəkin Hacəbəyli güman edir ki, üçüncü varianta üstünlük verəcəklər. “Avropalılar bununla Azərbaycan hakimiyyətinə ölkəmizlə bağlı narazılığın çox ciddi olduğunu çatdırmaq istəyir. Ancaq cənab Şvabenin əsaslandırması birinci bənd (siyasi məhbuslar) istisna olmaqla yanlışdır və Azərbaycan hökumətinin əlinə oynayır”.

Keçmiş deputat fikrini belə əaslandırıb: 

“Qarabağdan əhali könüllü olaraq köçüb, onları heç kim buna məcbur etməyib və BMT missiyası heç bir zorakılıq faktı qeydə almayıb;

2023-cü ildə AŞPA-nın missiyasının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsilə bağlı olub və buna görə təəssüf doğurur”.

G.Hacıbəyli hesab edir ki, AŞPA, Rusiyadakı kimi, Azərbaycanda 7 fevralda keçiriləcək prezident seçkilərini qeyri-legitim hesab etməlidir. 

Səməd Seyidovun AŞPA vitse-prezidenti seçilməsinə gəlincə, G.Hacıbəyli bunu qurumun hələlik qərarının olmaması ilə əsaslandırır. “Vitse-prezidentlər rotasiya qaydasında təyin edilirlər. Əgər Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilsə, Səməd Seyidov bu postdan uzaqlaşdırılacaq”, - eks-deputat vurğulayıb.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov old.pressklub.az-a açıqlamasında bildirib ki, AŞPA-nın bu addımının səbəbi ölkənin xarici siyasəti ilə bağlıdır, elan olunduğu kimi, daxili vəziyyətlə əlaqəsi yoxdur.

“İstənilən ölkədə keçirilən seçkilərdə nöqsanlar olur. Burada müxtəlif mövqelər ola bilər, əlbəttə, bu, daxilə yönələn prosesdir. Təəssüf ki, hazırkı mərhələdə bu kimi məsələlər Azərbaycana kömək etmək üçün yox, təzyiq vasitəsi kimi istifadə olunur. Seçkilərin nəticələrinin necə olacağı bəllidir, bildiyim qədər, Prezidentin nüfuzunun hansı səviyyədə olduğunu müxalifət də inkar eləmir. Tarixi baxımdan da bu, vacib məsələdir. Ötən ilin 19 sentyabrından 30 ildir davam edən münaqişəyə son qoyulub, artıq Azərbaycanın daxilində münaqişə üçün hər hansı mühit yoxdur. Bundan sonra gərginlik olsa belə, gərək sərhəddə baş verin, ona görə də biz Ermənistanla Azərbaycan arasında mövcud təmas xəttinə şərti sərhəd deyirik. 30 il ərzində münaqişədən qaynaqlanan problemlərdən təzyiq vasitəsi kimi istifadə edib öz istəklərinə nail olmaq istəyən Qərb siyasətçiləri üçün belə imkan indi yoxdur. Biz onu da görmüşük ki, ötən illərdə Ermənistana qarşı belə təzyiqlər olmayıb, baxmayaraq ki, seçkilərdən sonra küçələrdə insanları güllələyiblər”.

T.Zülfüqarov vurğulayır ki, cəmiyyətdə bu cür münasibətlərə artıq immunitet var: “Təkcə bizdə yox, dünyanın hər yerində beynəlxalq təşkilatların nüfuzu aşağı düşüb. Mən bu cür təşkilatları “bəyanatlar fabriki” adlandırmışam. Bəyanat verirlər, bir-iki gündən sonra hamının yadından çıxır”. 

Xatırladaq ki, Azərbaycanla Fransa arasında gərginlik pik həddədir. Fransa Senatının sanksiya tələb edən qətnaməsinə Azərbaycan parlamenti adekvat cavab verib. Rəsmi Paris Senatın qərarını dəstəkləyərsə, o zaman Azərbaycan bu ölkə ilə siyasi, iqtisadi əlaqələrinə yenidən baxacaq. 

Dünən Avropa İttifaqının (Aİ) Nazirlər Şurasının iclasında da Azərbaycan-Ermənistan arasında normallaşma prosesi müzakirə olunub. Tədbirdən sonra brifinq keçirən Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın tənqid edən açıqlamalar verib. 

“Prezident Əliyevin son  ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq. Aİ üzvü olan ölkələr hesab edir ki, Azərbaycan Ermənistanla substantiv danışıqlara və münasibətlərin normallaşmasına qayıtmalıdır”. O, həmçinin qeyd edib ki, Aİ ölkələri diplomatları qovulmuş (Azərbaycandan) Fransa ilə həmrəylik ifadə edir.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Borrelin açıqlamasında səslənın iddialara kəskin etiraz edib. Qurumun sözçüsü Ayxan Hacızadə bildirib:

“Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.

Bundan əlavə, Aİ nümayəndəsinin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilə olmaqla yanaşı, Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa bərabərdir. Belə qərəzli bəyanat, Azərbaycanın Fransadakı diplomatlarına qarşı əsassız tədbirlərə məhəl qoymamaqla yanaşı, diplomatik davranışın bütün qayda və təlimatlarına açıq-aşkar etinasız yanaşan, iş üzrə araşdırma aparmaqdan imtina edən bəzi dövlətlərin bu quruma necə mənfi təsir göstərdiyini nümayiş etdirir.

Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır”.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, həm AŞPA, həm də Avropa İttifaqından Azərbaycana qarşı qərarlarıını yanlış olaraq Bakının Rusiyaya yaxınlığının nəticəsi kimi dəyərləndirilir:

“Bu yanaşma kökündən qüsurludur. Olayın gerçək səbəbi birbaşa Ermənistanla bağlıdır və Fransanın başını çəkdiyi Avropa qurumları Azərbaycanın öz ərazilərini güc tətbiq edərək bərpa etməsi ilə barışa bilmir. Bunu görməmək korluq olar.

AŞPA-da irəli sürülən iddiaları bir-bir ələ aldıqda, birinci məsələ istisna olmaqla, digərlərinin illərlə mövcud olduğunu görürük.

Azərbaycanda siyasi məhbus sayı həmişə yüksək olub və bu ədalətsizlik çarxı daim dönüb. Hətta 2014 və sonrakı illərdə vətəndaş cəmiyyətinə qarşı səlib yürüşü zamanı çox qabarıq olub. Amma AŞPA bunu əsas götürüb, dünənki addımı atmamışdı.

Azərbaycanda insan haqları pozuntuları AŞ-a üzvlükdən bu günə davam edən 22 ildə aşağı-yuxarı dalğalanaraq davam edib, seçkilər demokratik olmayıb, media azadlığı pozulub, jurnalistlər öldürülüb, həbs olub, həbs olunanlara işgəncə verilib. Bunları təsdiqləyən onlarla AİHM qərarı mövcud olub. AİHM qərarlarının əksəriyyəti icrasız qalıb, amma dünənki addım atılmayıb.

Azərbaycana AŞPA rəsmilərinin yaxud həmməruzəçilərin, yaxud seçki müşahidəçilərinin dəvəti ilə bağlı əvvəllər də müxtəlif çaplı problemlər olub. Hətta bugünkündən daha əhəmiyyətli seçkilər dönəmində də bu olub. Üstəlik, bu yuxarıda sayılanlar fərqli-fərqli dönəmlərdə olmayıb, eyni zamanda - paralel olub. Amma dünənki addım o hadisələrə görə atılmayıb.

Yalnız əvvəllər nə olmayıb? Azərbaycanın işğalçılara qarşı güc tətbiqi olmayıb. Laçın yolunda Fransanın tırları daha öncə durdurulmayıb, Aİ-dan müşahidəçilərin sərhədlərə nəzarət istəməsi önlənməyib... Yəni, erməni silahlıları tərəfindən ölkəmizin ərazilərinin bir hissəsi işğalda olanda yuxarıdakı insan hüquqları pozuntuları, siyasi məhbuslar, seçki pozuntuları və s. dünən irəli sürülən “təşkilatın prinsiplərinin pozulması olmayıb". İndi olub”.

Hüquqşünas vurğulayır ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin açıqlamasından da aydın görünür ki, problemin kökü erməni işğalçılarını güc tətbiq edərək kənara atmaqla bağlıdır. Daha bir neçə gün öncə Azərbaycan tərəfindən yüksək səviyyədə Ermənistanın suverenliyinə, ərazisinə Azərbaycanın hər hansı müdaxiləsinin olacağına dair iddiaların əsassız və sübutu olmayan uydurma olduğu vurğulandı. Azərbaycanın belə bir hazırlığının və niyyətinin olmadığı açıq dillə bildirildi.

“Yalnız İlham Əliyev Zəngəzur koridoru ilə bağlı məsələdə Ermənistan tərəfin 2020-də öhdəlik götürdüyünü və bunu icra etməli olduğunu bildirdi. Bu, yeni məsələ deyil, artıq 4-cü ildir ki, imzalanmış öhdəliklərdəndir.

Amma buna baxmayaraq, Azərbaycan tərəfi İranla müqavilə imzaladı və bu yola alternativ yolun inşasına start verərək, əslində bu planın reallaşmasını özü üçün ikinci dərəcəli hala saldı. Yəni Azərbaycan bu məsələdə israrçı deyil. Bunu həm açıq bəyan edib, həm də atdığı addımla göstərib.

Anlaşılan budur ki, Borrellin yaddaşı da yoxdur. Çünki onun təmsil etdiyi qurumun prezidenti Şarl Mişelin 15 dekabr 2021-ci ildə öz bəyanatında "2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə" çağırış etmişdi. Onun çağırış etdiyi sənəddə Zəngəzur yolunun açılması və həmin yola Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nəzarət edəcəyi yazılıb. Bu gün də bu məsələni Azərbaycandan daha qabarıq qaldıran Rusiyadır. Bunu görməmək yenə korluq olar”.

Ə.Məmmədlinin sözlərinə görə, Şarl Mişel bunu deyəndə Ermənistanın suverenliyi təhdid olunmur, Azərbaycan bunu təkrarlayanda təhdid olur?

“Odur ki, olayları doğru oxumaq, obyektiv olmaq lazımdır. Bu gün AŞPA-nın da, Aİ-nin də yanaşması Azərbaycan cəmiyyətində daha qərəzli və ikrah doğurucu görünür. Halbuki, Azərbaycanda pozulan insan hüquqları, siyasi təqiblər, mediaya və jurnalistlərə basqılar, seçkilərin azad və demokratik keçiirlməməsi səbəblərindən zamanında hansısa obyektiv addım atılsa və olayı yeganə Azərbaycanın haqlı olduğu məsələyə - işğala, təcavüzə son qoymaya bağlamasalar, o zaman cəmiyyət tərəfindən daha inandırıcı və dəyərli qəbul olunardılar”, - hüquqşünas vurğulayıb.

Bəzi müstəqil ekspertlər bütün qərəzli yanaşmalara rəğmən, diplomatiyaya üstünlük verilməsini zəruri sayır, Avropa strukturları ilə münasibətləri gərginləşdirməyin əleyhinədirlər. Onlar hesab edirlər ki, inkişaf etmiş ölkələrlə qarşıdurma ancaq Rusiya və Ermənistanın xeyrinə işləyir. Xüsusən, Moskva Qərbdəki müxtəlif alətləri ilə postsovet ölkələri ilə beynəlxalq təşkilatlar arasında uçurum yaratmağa çalışır. 

Paralel olaraq, Azərbaycanın əsas iqtisadi, ticarət tərəfdaşının Avropa ölkələri olduğu qeyd olunur. Məsələn, ötən il 33,9 milyard dollarlıq ixracın 63%-i (21,5 milyard dollar) Avropanın 10 ölkəsinin payına düşüb. Azərbaycan neft və qazının əsas alıcıları Avropa ölkələridir. 

Ekspertlərə görə, ötən ilin ikinci yarısında Bakı-Paris münasibətlərinin gərginləşməsindən sonra Fransa Azərbaycandan neft məhsulları almaqdan imtina edib. Halbuki, ilin birinci 5 ayında Fransız şirkətləri Azərbaycandan 120 milyon dollar dəyərində məhsul alıblar.  

Qeyd olunur ki, gərginlik artacağı təqdirdə, Avropanın digər ölkələri də bu məhdudiyyətlərə qoşula bilər ki, bu da Azərbaycanın maraqlarına ziddir. Daha praqmatik, təmkinli, ölçülü-biçili siyasətə ehtiyac var…

Turqut