Ay mənim ana Kürüm...
01 İyul 2020
Kürün səviyyəsinin azalması və Xəzərin sularının çaya qarışması səbəbindən Neftçala və Salyan rayonlarında yaranmış problemlər haqqında məlumat vermişdik. Azərbaycan üçün strateji əhəmiyyəti yüksək olan şirin su mənbəyində nə baş verir? Dövlət orqanları problemlərin həlli üçün hansı işləri görürlər?
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin katibi Dilqəm Şərifov bildirdi ki, Xəzərin Kürə qarışması ilə bağlı problemdən xəbərdardırlar:

Şərifov qeyd etdi ki, Kür çayında suyun səviyyəsinin düşməsi dövlətin diqqətindədir. Su ehtiyatlarının səmərli istifadəsi ilə bağlı komissiya yaradılıb.
Kürdə suyun səviyyəsinin düşməsi mövsumi xarakter daşıyır, yoxsa bu il yaranan problemdir? Bu barədə sualımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev cavablandırdı.
Verdiyev bildirdi ki, son vaxtlar iqlim dəyişikliyi şəraitində yağıntıların miqdarının nəzərəçarpacaq dərəcədə azalması, ilin isti aylarında quraqlıq dövrünün davamiyyətinin artması nəticəsində ölkə çaylarında sululuğun aşağı düşməsi müşahidə edilir:

A.Verdiyev qeyd etdi ki, iyun ayında Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsinin azalması davam etsə də, Mingəçevir su anbarından buraxılan suyun miqdarının bir qədər artırılması ilə əlaqədar aşağı axında suyun səviyyəsinin tərəddüdü müşahidə edilib:
“Ümumiyyətlə, çoxillik müşahidələrə görə, yay dövründə Kürün aşağı axınında hava şəraitinin yağmursuz və isti keçməsi, eyni zamanda, suya olan tələbatla əlaqədar ayrı-ayrı illərdə səviyyənin azalması müşahidə edilib. Builki azalma ötən illərlə müqayisədə bir qədər çox olsa da, buna yaxın və oxşar vəziyyət 2001-ci ildə də qeydə alınıb. Suya olan tələbatın ödənilməsi üçün Gürcüstan və Türkiyədə, eləcə də Azərbaycanda çoxlu miqdarda su ehtiyatından istifadə olunması Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da mövcud vəziyyətə təsir göstərir. Təəssüf ki, biz hər yerdə şirin sudan texniki məqsədlər üçün istifadənin şahidi oluruq. Kürün suyu azalır, nəticədə onun axarının sürəti də azalır ki, bu da öz növbəsində, xüsusilə şimai-şərq küləyi gücləndiyi zaman, dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur. Kür çayı Türkiyə və Gürcüstanın ərazisindən axaraq çirklənməyə məruz qalır. Su ehtiyatlarından istifadə olunması ilə bağlı problemin həll üçün hər bir region dövləti tərəfindən beynəlxalq tələblərə cavab verən sutəmizləyici qurğuların tikilməsi və suqoruyucu texnologiyaların tətbiqi ilə bağlı tədbirlərin görülməsi vacibdir”.
Mütəxəssis xatırlatdı ki, ölkə prezidentinin sərəncamına əsasən su ehtiyatlarının idarə olunması üzrə dövlət komissiyası yaradılıb:
“Bu qərar su ehtiyatları ilə bağlı məsələnin ciddiliyini göstərməklə bərabər, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasına təkan yaradacaq. Bu gün biz çaylarımızın suyunun azalmasını qeyd edirik ki, bu da sudan qənaətlə və səmərəli istifadənin zəruriliyinə bir siqnal olmalıdır”.
Ülviyyə Şahin