Logo
news content
User
Kateqoriyalar

Analitika

Avropa Parlamentinin üçüncü qərəzli cəhdi...
Azərbaycana qarşı qətnamələr Avropa İttifaqının mövqeyini dəyişə biləcəkmi?

Dünən Avropa Parlamenti (AP) növbəti dəfə Azərbaycana qarşı qətnamə qəbul edib. Bu, son aylarda avropalı pamentarilərin qəbul etdiyi üçüncü sənəddir ki, orada Avropa İttifaqı (Aİ) rəhbərliyinə rəsmi Bakıya qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etmək tövsiyə olunur. Qətnamənin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində ikigünlük müzakirələri ərəfəsinə təsadüf etməsi diqqət çəkir. Qeyd edək ki, AP-nin iclasında İtaliya və Almaniyadan olan deputatlar xüsusi ilə fəallıq ediblər, onların çıxışlarında Azərbaycanın ünvanına sərt ifadələr səslənib.

Qətnamədə yer alan əsas məsələlər bunlardır: 

“Azərbaycan hakimiyyətini erməni əhalisinin Dağlıq Qarabağa təhlükəsiz qayıtmasına imkan verməyə və onların hüquqlarının müdafiəsi üçün möhkəm təminat verməyə çağırır;

Dağlıq Qarabağda erməni mədəni, tarixi və dini irsinin YUNESKO standartlarına və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq qorunmasını tələb edir;

Dağlıq Qarabağa qarşı son hərbi əməliyyat və de-fakto etnik təmizləmə nəticəsində ciddi şəkildə əngəllənən Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarını dəstəkləyir;

Hər iki ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyən layiqli və davamlı regional sülhün sabitlik üçün zəruri şərt olduğunu vurğulayır;

Vəziyyətlə bağlı parlamentin çoxsaylı xəbərdarlıqlarının Aİ-nin Azərbaycana qarşı siyasətində heç bir dəyişikliyə səbəb olmadığını vurğulayır;

İsrar edir ki, Aİ-nin Azərbaycanla münasibətlərinin hər hansı dərinləşməsi ölkənin insan hüquqları, qanunun aliliyi, demokratiya və əsas azadlıqlar, o cümlədən etnik azlıqların müdafiəsi sahəsində əhəmiyyətli irəliləyişdən asılı olaraq qalmalıdır;

Aİ-ni Azərbaycana qarşı dərhal sanksiyalar tətbiq etməyə və Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumunu dayandırmağa çağırır...”

Milli Məclisdən sərt reaksiya

Azərbaycan Milli Məclisi (MM) dərhal Avropa Parlamentinin qətnaməsinə kəskin reaksiya verib. MM-nin bu gün yaydığı bəyanatda qeyd olunur ki, sənəddə əskini tapan qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirləri kəskin şəkildə qınayır və buna qətiyyətlə etiraz edir.

Parlament hesab edir ki, qeyd olunan sənəd həm də Avropa Parlamentində Azərbaycanafob və İslamafob təfəkkürün, şovinist və irqçi ideologiyanın getdikcə daha da güclənməkdə olduğunu göstərir: “Bu zərərli tendensiyaların ardıcıl və davamlı şəkildə nümayiş etdirilməsi məsələsində Avropa Parlamentinin Avropa Şurası Parlament Assambleyası ilə açıq rəqabətə girdiyi aşkar sezilməkdədir”.

MM hesab edir ki, Avropa Parlamentinin bu hesabatı Cənubi Qafqaz regionundakı mövcud reallıqları nəinki təhrif edir, həm də cərəyan edən proseslər baxımından kifayət qədər təhlükəli xarakter daşıyır:

“Məhz Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylər, Ermənistanın isə ötən dövr ərzində sülh prosesinə zərbə vuran siyasi-hərbi təxribatları, şərti sərhəddə yaratdığı gərginliklər Avropa Parlamenti tərəfindən nədənsə bilərəkdən görməzdən gəlinir.

Digər tərəfdən Almaniyada sülh danışıqlarının davam etdiyi bir vaxtda qəbul edilmiş bu qətnamə və irəli sürülən absurd iddialar ciddi suallar doğurur: Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında həqiqətən də maraqlıdırmı? Azərbaycana qarşı qəti addımların atılmasına, sanksiyaların tətbiqinə çağıran avropalı parlamentarilər üçün Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Ermənistanın suverenliyi və ərazi bütövlüyündən daha az əhəmiyyətlidirmi?”

Milli Məclisin cavabında vurğulanıb ki, hesabatda Ermənistanın silahlandırılmasının zəruriliyinə dair yer alan fikirlər isə regiondakı vəziyyəti gərginləşdirmək, sülh prosesini əngəlləmək niyyətini bariz şəkildə əks etdirir.

“Görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib, Makron və Borrel kimi “siyasətçilər”in konkret məqsədlərə xidmət edən düşüncələrini özünə siyasi xətt kimi seçib. Bu düşüncələri sülh, təhlükəsizlik və demokratiya səyləri ilə pərdələməkdən isə çəkinmirlər.

Avropa Parlamenti başa düşməlidir ki, daha əvvəl qəbul etdiyi qətnamələr kimi, bu sənəd də Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç kim tərəfindən şübhə altına alına bilməz. Heç kim Azərbaycana təzyiq göstərə bilməz”.

Milli Məclis Avropa Parlamentinin regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərilən səylərə zərbə vurmaq niyyətini qəti şəkildə qınayır, bu cür cılız təxribatlarla deyil, Avropanı narahat edən ciddi və təxirəsalınmaz məsələlərlə məşğul olmağı tövsiyə edir.

Politoloq Fərhad Məmmədov qətnaməni old.pressklub.az-a şərh edərkən deyib ki, sənəddə yenilik yoxdur, yenə Azərbaycana qarşı əsassız ittihamlar, Avropa Birliyinin icraedici qoluna tövsiyələr ünvanlanıb. “Tövsiyələrdə sanksiyalar, Azərbaycanla bağlı fəaliyyətin məhdudlaşdırılması yer alıb”, - o əlavə edib. 

F.Məmmədov hesab edir ki, Avropa Parlamenti Avropa Birliyinin qurumları arasında ən çox anti-Azərbaycan mövqedən çıxış edən bir institutdur: 

Əsas məqsəd sülh danışıqlarında Ermənistanın mövqeyini gücləndirməkdir. Fransa birbaşa maliyyə, siyasi və hərbi dəstəyini həyata keçirir. Avropalı institutları arasında harada həmfikir tapırlarsa, onların vasitəsi ilə... Məsələn, Jozef Borrellin xarici siyasət komissarlığı və Avropa Parlamenti cütlüyü təşəbbüsü öz üzərlərinə götürüblər”. 

Ekspert hesab edir ki, bu qətnamə ümumi Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərəcək. “Biz hələ onu müşahidə edirik ki, Avropa İttifaqı Avropa Parlamentinin tövsiyələrini nəzərə almır, Şarl Mişel və AB-in aparıcı ölkəsi olan Almaniya səviyyəsində öz praqmatik siyasətini davam etdirmək niyyətindədir. Onun məntiqi nəticəsi də dünən və bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşüdür. Azərbaycan Aİ ilə sahəvi əməkdaşlıqda maraqlıdır, - əsasən enerji, nəqliyyat-kommunikasiya və başqa komissarlıqlar və institutlar səviyyəsində. O institutlar ki, Azərbaycanın maraqlarını və mövqeyini heçə sayır, anti-Azərbaycan mövqeyində dayanıb, onlarla fəaliyyət ya dondurulur, ya da ki, hər hansı əhəmiyyət verilmir. Hal-hazırkı durum bundan ibarətdir”. 

F.Məmmədovun sözlərinə görə, ümid onadır ki, yayda Avropa Parlamentinə keçiriləcək seçkilərdən və yeni icraedici qurumların formalaşmasından sonra ortamüddətli münasibətlərin hansı formada inkişaf edəcəyini daha aydın bilmək mümkün olacaq. 

Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir”. 

Bunu isə millət vəkili Vüqar Bayramov qətnaməyə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, Avropa Parlamentinin sonuncu iclasında italiyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı, ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər: 

Öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanın anti-terror əməliyyatlarını “hərbi aqresiya” kimi qələmə vermək nəinki ədalətsiz və qərəzli mövqedir, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir. Azərbaycan öz suveren hüquqları çərçivəsində ərazi bütövlüyünü bərpa edib. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bir daha təsdiq etdi ki, qalib xalq Ali Baş Komandanının siyasətini tam dəstəkləyir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir”. 

V.Bayramov avropalı parlamentarilərə Azərbaycan dövlətinin istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündə olduğunu unutmamağı tövsiyə edir:

Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz”.

Turqut