Logo
news content
User
Kateqoriyalar

Analitika

Avropa Birliyi Lukaşenkonu tanımadı və Belarus xalqına yardım ayırdı

Avropa Birliyinin videokonfrans formatında keçirilən fövqəladə zirvə toplantısında Belarusda baş verən hadisələr müzakirə olunub.

AB-yə sədrlik edən Almaniyanın federal kansleri Angela Merkel Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrini tanımadıqlarını bəyan edib. O bildirib ki, seçkilər azad və ədalətli olmayıb: “Bu səbəbdən seçkilərin nəticələri tanına bilməz.”

Merkel qeyd edib ki, kütləvi qanun pozuntularının baş verməsinə heç bir şübhə yoxdur: “Biz insanlara qarşı amansız zorakılığı qınayırıq. Bütün siyasi məhbuslar şərtsiz buraxılmalıdır. Milli səviyyədə dialoq zəruridir. Biz dinc nümayişçilərlə bir yerdəyik”.

AB Şutasının sədri Şarl Mişel isə Belarusda saxtakarlığa və zorakılığa məsul olan xeyli sayda şəxsə qarşı sanksiya tətbiq edəcəklərini, siyahının yaxın günlərdə təqdim olunacağını açıqlayıb:

“Avropa Birliyi yaxın günlərdə seçki saxtakarlığı və repressiyalara, zorakılıqlara görə məsuliyyət daşıyan önəmli sayda adamlara sanksiya tətbiq edəcək”.

Həm Merkel, həm də Mişel ümid etdiklərini bildiriblər ki, Belarusdakı hadisələrə xarici müdaxilə olmayacaq. Rusiya da analoji mövqeni sürəkli təkrarlayır. AB xarici müdaxilə dedikdə Rusiyanı, Moskva isə AB-ni nəzərdə tutur.

Avropa Birliyi, həmçinin, Belarus xalqına 53 milyon avro (63 milyon dollar) yardım ayrılması barədə qərar qəbul edib. Avropa Komissiyasının sədri Ursula fon der Lyaen bu məbləğin 3 əsas istiqamətə yönələcəyini deyib: vətəndaş cəmiyyətinə kömək; etiraz aksiyaları zamanı zorakılığa və repressiyalara məruz qalanlara yardım; koronavirusla mübarizə. U. fon der Lyaen Belarusda hakimiyyətin dinc, demokratik yolla ötürülməsinə dəstək verməyə hazır olduqlarını vurğulayıb: “Biz təməl azadlıqlar və demokratiya istəyən Belarus xalqını dəstəkləyirik”.

Press Klub