Logo
news content
User
Kateqoriyalar

Analitika

“Atam xalq düşməni deyil...”
Eldar Həsənovun qızı prezident və vitse-prezidentə müraciət etdi: “Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin, bizə kömək edin..."

Keçmiş baş prokuror və səfir Eldar Həsənovun məhkəməsi davam edir. Prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Oktyabrın 25-də məhkəmədə keçmiş səfirin qudası (qızının qayınatası) Rabil Hüseynov dindirilib. O, Türkiyədəki şərab zavodunda E.Həsənovun pay sahibi olub-olmadığı barədə danışıb. 

Cinayət işinin materiallarında iddia olunur ki, Eldar Həsənov da həmin zavodda pay sahibidir. Lakin qudası məhkəmədə bunu təkzib edib. O bildirib ki, sözügedən zavodun tikintisinə 2006-cı ildə Türkiyədə bankdan kredit götürməklə başlayıb: 

“Pulum olmadığı üçün zavodu 10 ilə başa çatdırdım. Banklardan nə qədər kredit götürmüşdüm. Nəhayət, 2016-cı ildə işə başladım. Əvvəlcə zavodun səhmlərinin 90 faizi özümə, 10 faizi isə iş adamı Qulam Ələkbərova məxsus idi. Sonradan səhhətimlə əlaqədar səhmləri Qulam Ələkbərovun ailə üzvlərinin adına keçirdim. Hazırda zavodu həmin ailə idarə edir. Eldar Həsənovun o zavodda payı yoxdur. Nə tikintisinə 1 manat xərcləyib, nə də oradan 1 manat qazanc götürüb. Eldar Həsənov heç o zavodun qapısını tanımır”.

75 yaşlı Rabil Hüseynovun istintaqa ifadəsi isə fərqlidir. Elə bu ziddiyyətə görə onun istintaqdakı ifadəsi də elan olunub. Sözügedən ifadədə bildirilir ki, zavodun inşasına başlayanda ilkin 400 min dollardan 300 minini Rabil Hüseynov özü, 100 minini isə qudası qoyub. Ona görə də səhmlərin 10 faizi Eldar Həsənova verilib. Amma ona aid səhmlərin rəsmi sahibi əmisi oğlu olub.

Tikintinin gedişində Rabil Hüseynovun daha 4 milyon 600 min dollar pul xərclədiyi, zavod fəaliyyətə başlayanda ilkin mərhələdə 20 milyon dollar gəlir əldə olunduğu da istintaqdakı ifadədə əksini tapıb. Qeyd olunub ki, Rabil Hüseynov Eldar Həsənova müraciət edərək ilkin 20 milyonluq gəlirdən tikintiyə xərclədiyi 4 milyon 600 min dolları götürmək istədiyini bildirib. Eldar Həsənov buna etiraz etməsə də, səhmlərin 50 faizinə şərik çıxıb. Səhmlərinin 25 faizi isə Qulam Ələkbərovun adına olub.

"Müstəntiq zəng eləyib təcili çağıranda Qusardan gəlirdim. Həmin gün əsəbi idim, problem var idi. O vəziyyətdə gəldim, nə yazmışdılarsa, qol çəkib, təcili Qusara qayıtdım. Müstəntiq də mənim o vəziyyətimdən istifadə edib, qərəzli yanaşıb. Eldar Həsənov şərikim olsaydı, ondan pul alsaydım, daha niyə banklardan kredit götürüb faiz verirdim, zavodu 10 ilə tikirdim? Müstəntiq mənim əsəbi olmağımdan və tələsməyimdən sui-istifadə edib, nəyə istəyib, qol çəkdirib”, - deyə keçmiş səfirin qudası söyləyib.

Eldar Həsənov 2001-2012-ci illərdə Azərbaycanın Rumıniyada səfiri olduğu dövrdə orada işləmiş Samir Həmidov da istintaqda ondan ifadə almış müstəntiqdən şikayətlənib. O deyib ki, müstəntiq onun adından demədiyi fikirləri yazıb. Samir Həmidovun istintaqa ifadəsində yazılıb ki, Eldar Həsənov ona dəfələrlə qanunsuz tapşırıqlar verib, müəyyən sənədləri imzalamağa məcbur edib. Lakin məhkəmədə S.Həmidov bildirib ki, E.Həsənov heç vaxt heç bir işçiyə qanunsuz göstəriş verməyib, əksinə, onlardan qanuna əməl etmələrini istəyib. “Müstəntiq mənim fikirlərimi kontekstdən çıxarıb. Mən bu ifadədən imtina edirəm”, - deyə şahid vurğulayıb.

Keçmiş səfirin işi üzrə məhkəmə araşdırmaları oktyabrın 29-da davam edəcək.

Foto “Qafqazinfo”nundur

Eldar Həsənovun qızı Səbinə Hüseynova prezident və vitse-prezidentə müraciət edib. Səbəb atasının məhkəmə zalında huşunu itirərək yıxılması, təcili tibbi yardım vasitəsilə xərəkdə aparılmasıdır. Bu hadisə oktyabrın 25-də, axşam saat 18.00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. Məhkəmədə prokurorla E. Həsənov arasında mübahisə yaranıb və bu zaman onun durumu kəskin pisləşib. "Var gücümlə qışqırırdım, ağlayırdım, kömək istəyirdim. Səsimə tökülüşüb gəldilər. Atamı xərəyə qoyub apardılar. İndi vəziyyəti necədir, bilmirəm...", - Səbinə Hüseynova məhkəmə zalında baş verənləri belə təsvir edib.

Eldar Həsənovun durumunun həbsdə saxlanılmasına imkan verməsi haqda arayışları xatırladan Səbinə Hüseynova vurğulayıb ki, səhhətində ciddi problemi olmayan şəxsin qan təzyiqi 220-240-a yüksəlməz, huşunu itirib yıxılmaz: "Atam ziyalıdır, alimdir, diplomatdır. Onunla qatı cinayətkarla rəftar edirmiş kimi niyə davranırlar? Xalq düşməni deyil mənim atam! Bu xalqı, bu dövləti canından artıq sevən bir azərbaycanlıdır. Dövlət başçısına sayğısını, sevgisini, sədaqətini əminəm ki, onu tanıyan hər kəs bilir".

S.Hüseynova məktubunu prezident və vitse-prezidentə müraciətlə bitirib: 

"Atamın huşunu itirmələri, özündən gedib, yıxılmaları bir gün son ola bilər. Biz atamı itirə bilərik. Onun səhhəti çox ağırdır. Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin, atamın həyatda qalıb-qalmaması Sizlərdən asılıdır. Çox rica edirəm, bizə kömək edin, ədaləti bərpa edin..."

Gülər