Logo
news content
User
Kateqoriyalar

Analitika

“Alo! Ödəniş nağd şəklindədir, yoxsa kartla..?” 
Azərbaycanın taksi xidməti sahəsində baş verən qanunsuzluqlar niyə həll edilmir?

“Sifarişlərin çoxu kartla olur. Müştərilərə başa sala bilmirik ki, kart yerinə nağd sifariş vursunlar. Çünki biz karta yüklənən məbləği çəkə bilmirik. Bizim də problemlərimiz var. Üstəlik maşına yanacaq da vurmalıyıq. Bütün sifarişlər kartla olduqda əldə pul qalmır. Həm də kartdan pulu çıxarmaq üçün faiz ödənməlidir. Yaxşı ki, son günlər kartla ödəmədə problem yaşanır. Bildiyimə görə, şirkətlər qəsdən kartı ləğv edir. Yeni qaydalar tətbiq ediləndən sonra sertifikatlı sürücülər üçün bu sistem yenidən düzələcək”. 

Bu sözləri old.pressklub.az-a açıqlamasında “Bolt” taksi şirkətinin sürücüsü Z.Əsədov deyib. 

Etiraf edək ki, “Bolt”, “Uber” və digər taksi şirkətləri Azərbaycan bazarına daxil olandan sonra qiymətlər ucuzlaşsa da, xidmətin keyfiyyəti dəfələrlə aşağı düşüb. Altında minik maşını olan istənilən şəxsin yoxlanılmadan sürücü kimi cəlb edilməsi taksi fəaliyyəti sistemində xaosa səbəb olub. Bəzi sürücülərin ümumiyyətlə xidmət göstərdikləri sahə üzrə minimal məlumata malik olmaması, küçələri, ünvanları tanımaması, müştərilərə qarşı kobud və qeyri-etik davranışları insanları təngə gətirib. İndi də bu problemlərin üzərinə nağdsız ödəmədə yaşanan problemlər də gəlib  və müştərilərin səbri tükənir. 

Yəqin ki, taksi xidmətindən istifadə edən hər bir şəxs kartla ödəmə zamanı sürücünün zəng edərək “qardaş, ödəmə kartladır, yoxsa nağd” sualını eşidib. Bəzi “zəhmətkeş” sürücülər ödənişin nağdsız olduğunu biləndən sonra sifarişi ləğv etməyi də tələb edirlər. Təsəvvür edin, müştəri harasa tələsir və təcili taksi lazımdır. Taksi də tez sifarişi qəbul edir və yola çıxır. Bura qədər hər şey əladır. Sürücünün birdən-birə fikrini dəyişənə qədər... Bəhanə isə  odur ki, ya ünvan uzaqdır, ya ünvana görə məbləğ sərf etmir, ya da ki, az öncə qeyd etdiyimiz kimi sifariş kartla edilib. Buna görə sürücü sifarişi ləğv etməsi üçün müştəriyə müraciət edir. Nəticədə müştəri həm vaxt itkisi yaşayır, həm də əsəbi pozulur.

Eyni zamanda, məsələnin başqa bir tərəfi də var ki, sürücülər də çox əziyyət çəkir. Müsahibimizin də dediyi kimi, onların da öz xərcləri var. Müştərilərin ödədiyi məbləği kartdan çəkmək olmur. Ona görə də, haradasa sürücülərə də haqq qazandırmaq olar. Bəs haqlı tərəf, haqsız tərəf kimdir?  Təbii ki, bu məsələdə sürücülərə mənəvi olaraq haqq qazandırmaq mümkün olsa də, onların müştəridən sifarişi nağd  ödəmə şəklində tələb etmələri qanuna ziddir. Çünki sürücü əziyyət çəkir deyə, müştərini incidə, xidmət göstərməkdən imtina edə bilməz.  

Məsələni aydınlaşdırmaq üçün “Bolt” və “Uber” onlayn taksi sifariş xidmətlərinə müraciətimiz belə hallarda olduğu kimi cavabsız qaldı...

'Mövzu ilə bağlı old.pressklub.az saytına danışan nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, taksi şirkətlərinin keyfiyyətinin aşağı olmasının bir neçə səbəbi var.

“Taksi bazarında pandemiya zamanında artım müşahidə olunsa da, xidmətin keyfiyyəti aşağı düşüb. Süni sürətdə qiymətin endirilməsi və “əlçatan” qiymətlər keyfiyyəti aşağı salıb. Qiymətin ucuz olması sərnişinləri cəlb edir. Bu da sürücülərin narazılığına səbəb olur. Çünki daha çox işləməli olurlar. Eyni zamanda, uzaq məsafəyə aşağı qiymətlə getmək sərnişinlərə sərf etsə də, sürücülərə sərf etmir. Nəticədə sürücülərdə aqressiya yaranır, bu da sərnişinlə münasibətdə, davranışda özünü büruzə verir”. 

Ekspertin sözlərinə görə, taksi xidmətinin keyfiyyətinin artırılması üçün bəzi islahatlar nəzərdə tutulub. O, hesab edir ki, “bu gün taksiyə niyə tələb çoxdur” sualı bizi düşündürməlidir: “Bunun da cavabı ictimai nəqliyyatımızın vəziyyətidir. Avtobus zolaqları şəbəkəsi yoxdur. Yalnız lokal olaraq bəzi küçələrdə var və müsbət nəticəsini görürük. Amma bu şəbəkə halında bütün şəhəri əhatə etməlidir. Bu zaman insanlar kütləvi formada taksi şirkətlərinə üz tutmaz”.

Müsahibimiz deyib ki, son zamanlar taksi şirkətlərinə qarşı ciddi narazılıq var. Ödənişlə bağlı da müəyyən problemlər yaşanır, sürücülər pulu nağdlaşdıra bilmirlər. Bu, bəzi aqreqator şirkətlərdə özünü göstərir. Eyni zamanda, insanların taksi xidməti şirkətlərinə şikayətlərinin də nəticəsi yoxdur. Çünki şirkətlərin özündə belə, nizamsızlıq baş alıb gedir və əslində bütün problemlərin kökündə də şirkətlərdə yaranan vəziyyət durur.

“Sürücülərin bu cür davranışları üçün heç bir bəhanə keçərli deyil. Sürücülük edən şəxslər xidmətin şərtlərini yerinə yetirməlidir”. 

Bu sözləri old.pressklub.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünas bildirib ki, sürücünün kart ödənişini qəbul etməməsi, o cümlədən müştəri ilə kobud rəftarı istehlakçı hüquqlarının pozulması deməkdir: “Bu halla rastlaşan vətəndaşlar həmin sürücüdən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilər. Həmçinin, taksi xidmətinin özünə və ya məhkəməyə də şikayət etmək olar”. 

Müsahibimiz hesab edir ki, sürücülük vəsiqəsi avtomobil sürmə qabiliyyətinə görə verilsə də, taksi xidməti göstərən şəxslərdən tibbi arayış tələb olunması, narkoman və ya psixi pozğunluğu olan şəxslərin aşkarlanaraq taksi sürücüsü kimi xidmət göstərməsinə qadağa qoyulması yaxşı olardı. Təəssüf ki, Azərbaycanda bu məsələdə nəzarətsizlik var. 

Son zamanlar tez-tez gündəmi zəbt edən məsələlərdən biri də taksi sürücülərinin davranışı ilə bağlıdır. Sürücülər çox vaxt müştəri ilə dalaşır, nalayiq ifadələrə və qeyri-etik davranışlara yol verir. Sürücünün psixi dayanıqsız, əsəbi, narkoman, kobud və sair kimi mənfi xüsusiyyətlərə sahib olması isə sərnişinlər üçün potensial təhlükə sayılır.

İnsanlar susduqca, bu cür qeyri-etik davranışlar sərgiləyən sürücülərin də “ayağı yer alır”. Ona görə də vətəndaşlar bu cür situasiyalarda lazımi qurumlara şikayətlərini bildirməlidir. Bunun üçün də ilk növbədə, İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanunla tanış olub, öz hüquqlarını bilməlidir. 

Günay Elşən