Logo
news content
User
Kateqoriyalar

Analitika

Ailəsini qətlə yetirən gənc həbs edilməyə bilər...
“Belə olduğu üzə çıxsa, onu həbsə göndərməyəcəklər”

Bakının Xətai rayonunda baş vermiş dəhşətli cinayət - kütləvi qətl hadisəsi cəmiyyəti və mediada hələ də müzakirə olunmaqdadır. Xüsusilə sosial şəbəkələrdə 25 yaşlı gəncin öz ailə üzvlərini qətlə yetirməsi ilə bağlı müxtəlif mülahizələr səslənir, onun psixi durumu barədə müxtəlif məlumatlar verilir.

Qeyd edək ki, fevralın 13-d Əhməd Əhmədov adlı gənc atasını, anasını, qardaşını, bacısını və bacısının 5 yaşlı uşağını qətlə yetirib. Ə.Əhmədov şübhəli şəxs qismində saxlanılıb, istintaq gedir.

Sosial şəbəkələrdə və mediada ən çox müzakirə olunan məsələlərdən biri Əhmədin psixi pozğunluğu olduğu barədə hələ illər öncə həkim rəyi alınmasıdır. Bu iddialar da iki yerə ayrılır: bəzilərində onun illər əvvəl törətdiyi cinayətdən yayındırılması üçün belə bir sənəd alındığı bildirilir, digər qisim isə iddia edir ki, o, idman zamanı aldığı travmadan həqiqətən ruhi pozğunluq keçirib. Bunlar tibbi ekspertizanın və istintaqın müəyyən etməli olduğu məsələlərdir.  

Psixoloq Gülər Məmmədova hadisəni old.pressklub.az-a şərh edərkən deyib ki, bu situasiyada psixi pozuntudan və insanın şəxsiyyət pozuntusundan söhbət gedir. Bu pozuntunun tibbi-elmi adı şizofreniyadır: “Bir ailənin kütləvi şəkildə öldürülməsi bir insanın psixi pozuntudan əziyyət çəkdiyini göstərir. Bir şeyi də qeyd etməliyəm ki, bunu törədən şəxsin bundan öncəki davranışları da göz önündə olub, sadəcə ətrafındakılar onun ağır cinayət törədəcəyinin fərqində olmayıblar”. 

Psixoloq deyir ki, bu tip insanlar daim nəzarətdə olmalı, daim tibbi müayinələrdən keçərək, müalicə almalıdır. Bəzi doğmaları bu vəziyyəti real qəbul etməyib və onun sərbəst gəzməsinə icazə verib, cəmiyyət üçün nə dərəcə də təhlükəli şəxs olmasını gözardı ediblər: “Belə insanlar sağalmır. Sadəcə onların davranışını korreksiya etmək üçün müəyyən dərmanlar qəbul etdirirlər. Həmin şəxs vaxtında müalicə olunsaydı, bu gün öz davranışını tənzimləyə bilərdi. Çünki onların atdıqları addımlara özləri cavabdeh olmurlar və bu cür davranışlar onlardan asılı olmayaraq baş verir”. 

Maraqlıdır, psixoloqun dediyi kimi, Əhməd Əhmədov bu cinayət hadisəsini “özündən asılı olmadan” törədibsə, onu hansı cəza gözləyir, yaxud ümumiyyətlə, cəza gözləyirmi?  

“Törətdiyi cinayət əməlinin xarakterini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz”. Hüquqşünas Şamil Paşayev saytımıza açıqlamasında belə deyib. 

Paşayev deyir ki, istintaq materialları və ekspert rəyi ilə şübhəli şəxsin psixi pozğunluğu aşkar edilərsə, o, həbsə deyil, stasionar müalicəyə göndərilməlidir: “İstintaq müddətində məhkəmə psixiatrik və psixoloji ekspertiza təyin edəcək. Ekspertiza haqqında qanuna əsasən, bunun üçün 1 ay müddət ayrılır. Şəxs hansısa xəstəxanada qeydiyyatdadırsa, özünə və ya ətrafına narahatlıq verirsə, həmçinin dindirilməsi mümkün olmursa, o zaman ekspertiza stasionar qaydada aparılır. Cinayət Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hadisəni törədərkən anlaqsız vəziyyətdə, yəni, kəmağıllıq, xroniki psixi pozğunluq olan, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəsini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz”. 

Hüquqşünas qeyd edir ki, şəxs həqiqətən anlaqsız olsa, bununla bağlı istintaq orqanı cinayət işinin materiallarını toplayır. Bundan sonra şəxsin əməli sübut edilirsə, ittiham aktı tərtib edilmir. Çünki məcburi tibbi xarakterli tədbirlərin seçilməsinə görə, cinayət işini müvafiq qərara əsasən, məhkəməyə göndərirlər: "Bundan əlavə, şəxs barədə məcburi tibbi tədbirlər Cinayət Məcəlləsinin 95-ci maddəsinə əsasən, həyata keçirilir. Həmin tədbirlər məcburi ambulator müşahidə psixiatrik müalicəsi, ümumi tipli psixiatrik stasionar müalicəsi, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında müalicəsindən ibarətdir. Stasionar müalicə alan şəxs 6 aydan bir yoxlanılır. Məcburi müalicənin ləğv edilməsi yalnız müəssisə rəhbərinin təklifi ilə məhkəmə tərəfindən həyata keçirilir”.

Psixoloq Səbinə Bayramova isə baş vermiş hadisəni daha çox ailədaxili tərbiyə ilə əlaqələndirir: “Bu tip davranışlar uşaqlığından ailədə sevgi, dəyər görməyən fərdlərdə müşahidə olunur. Həmçinin ailədə və sosial çevrəsində istənməmə, təcrid edilmə, özgüvən yoxsulluğu çəkən fərdlərin davranışlarında daha çox aqressiv və hücumçu struktura meyl olur. Bir sözlə, bünövrə ailədə qoyulur, daha sonra sosial təsirlər bu vəziyyəti qıcıqlandırıb, dərinləşdirə bilir. Amma öncəlik, təbii ki, ailədaxili tərbiyədən, ailə içində fərdə, uşağa qoyulan davranışlardan irəli gəlir. Belə olduğu təqdirdə də onlar cinayətə meylli davranışlar sərgiləyə bilirlər”.

Psixoloq bildirir ki, ölkəmizdə valideynlər uşaqlarını daha çox təhsil fokuslu böyüdürlər. Amma diqqət və qayğılarını uşaqdan əsirgəyirlər. Belə böyüyən uşaqlar savadlı, amma cinayətə meylli, potensial cinayətkar olurlar.

Beləliklə, hüquq və tibb ictimai rəy qarşısında öz sözünü deməlidir. Tibbi nəticələr qatilin anlaqsız olduğunu təsdiqləsə, o zaman ümumi ictimai qınaq və aqressiv rəy hüququn gəldiyi nəticə ilə barışacaqmı? Gözləyək...

Mədinə Useynova