“Agent” fəaliyyətə başlayıb? – Tramp Putini xilas etməyə cəhd edir...
Ekspertdən Rusiyanın gələcəyi ilə bağlı proqnoz: “Bu prosesi artıq dayandırmaq mümkün deyil”
18 Oktyabr 2026
Donald Trampın Ukraynaya münasibətdə son addımları və ritorikası Avropada, Kiyevdə və digər yerlərdə kəskin tənqidlərə səbəb olub. Onun hərəkətləri Vladimir Putinin maraqlarına birbaşa güzəşt kimi qiymətləndirilib. Tramp administrasiyası ABŞ-da aralıq seçkilər ərəfəsində inflyasiya və yanacağın bahalaşması ilə mübarizə aparmaq məqsədilə kəskin addımlara əl atıb.
Tramp Amerika və dünya bazarları üçün Rusiyadan 300 min ton dizel yanacağının alınmasına dair saziş bağlayıb. Analitiklərin və Avropa liderlərinin, o cümlədən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın qiymətləndirmələrinə görə, bu addım Qərbin uzun illərdir tətbiq etdiyi enerji sanksiyalarının təsirini faktiki olaraq heçə endirir və Putin üçün iqtisadi “hədiyyə”yə çevrilir.
Tramp “enerji atəşkəsi” adlandırılan təşəbbüsü elan edib. Dünya bazarında neftin bahalaşacağı ilə bağlı narahatlıqlar səbəbindən onun administrasiyası Kiyevdən Rusiyanın neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə hücumları dayandırmağı tələb edib.
KİV-lərdə və Ukrayna hökumət dairələrində ABŞ-ın Ukraynanın Rusiya raketlərinin buraxılışları barədə həyati əhəmiyyətli kəşfiyyat məlumatları ilə təminatını məhdudlaşdırdığına dair məlumatlar yayılıb. Buna səbəb Ukraynanın neft emalı zavodlarına zərbələri tamamilə dayandırmaması olub. Bundan əlavə, Rusiyanın hücumları zamanı Starlink şəbəkəsinin modifikasiyası olan Starshield hökumət şəbəkəsinin işində ləngimə qeydə alınıb. Bu da Vaşinqtonun təzyiqi ilə əlaqələndirilir. Tramp özü isə məlumat mübadiləsinin dayandırıldığını açıq şəkildə inkar edir.
ABŞ prezidenti Zelenskini tənqid edərək, onun “əməkdaşlıq etməli insan olmadığını” bildirib, Ukraynanı “prezidentini dəyişməyə” çağırıb və faktiki olaraq onun legitimliyini şübhə altına alıb. Bununla da Kremlin təbliğatının tezislərini təkrarlayıb.
Trampın Vladimir Putinin guya sülhə can atdığı, Volodimir Zelenskinin isə kompromisə maraqlı olmadığı barədə bəyanatları Ukrayna şəhərlərinə davam edən hücumlar fonunda kəskin etirazla qarşılanır.
Trampın hərəkətləri Aİ-də, xüsusilə Berlin və Parisdə şok və dərin məyusluq doğurub. ABŞ-ın Avropadan ayrı, müstəqil addımlar atmağa başlaması səbəbindən Qərb alyansının mövqelərinin zəiflədiyi bildirilir.
Tramp “enerji atəşkəsi” elan etsə də, Rusiya bu təşəbbüs çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymayaraq Kiyev və Xarkovdakı elektrik stansiyalarına kütləvi zərbələr endirib. ABŞ-ın ritorikası isə Moskvanın əl-qolunu daha da açıb.
Kiyev “maskaların artıq yırtıldığını” bəyan edərək ABŞ-ın təzyiqlərinə boyun əyməkdən imtina edib. Zelenski vurğulayıb ki, Rusiya Ukraynanın enerji sistemini dağıtmaqda davam etdiyindən, Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumları bərpa edir və davam etdirəcək.
Trampın addımları Senat və Nümayəndələr Palatasındakı demokrat müxalifət tərəfindən də tənqid olunur. Bəzi müşahidəçilər hesab edirlər ki, prezidentin davranışına seçki kampaniyasının gündəliyi və səsverməyədək ABŞ-dakı yanacaqdoldurma məntəqələrində qiymətləri aşağı salmaq cəhdləri təsir göstərir.
Avropalı ekspertlərin fikrincə, Tramp uzunmüddətli strategiyaya əsaslanmır, “ani media gündəminə və sövdələşmələrə” uyğun hərəkət edir. O, Ukraynanı tam kapitulyasiyaya məcbur edə bilməsə də, atdığı addımlar ölkənin müdafiəsini xeyli çətinləşdirir və transatlantik birliyi sarsıdır.
Bəs, ABŞ administrasiyasının Rusiyanın neft emalı zavodlarına zərbələri məhdudlaşdırmaq cəhdi niyə eskalasiyanın azalmasına gətirib çıxarmadı və Rusiyanın Ukraynanın enerji sisteminə hücumlarının qarşısını almadı? Amerikanın müdafiə sektoru bu addımlara necə reaksiya verir?
Konqresin mövqeyi necə olacaq? Konqres Ağ Evin yuxarıda sadalanan qərarlarının qarşısını ala bilərmi?
Kiyevin hərbi strategiyasına təsir göstərmək üçün kəşfiyyat məlumatlarının ötürülməsinin məhdudlaşdırılması və Starshield şəbəkəsinin işinin ləngidilməsi nə dərəcədə effektiv və məqbul vasitələrdir?
Ukraynanın öz infrastrukturunun dağıdılmasının davam etdiyi bir zamanda, Vaşinqtonun mövqeyinə məhəl qoymayaraq Rusiyanın neft emalı zavodlarına hücumları bərpa etmək qərarı Kiyevin müstəqil qərar vermək imkanlarının hansı səviyyədə olduğunu göstərir?
ABŞ prezidentinin Ukrayna rəhbərliyinin legitimliyini açıq şəkildə şübhə altına alması və hakimiyyət dəyişikliyinə çağırmasının nəticələri necə olacaq?
ABŞ-ın birtərəfli addımları Avropa liderlərinin, xüsusilə Berlin və Parisin mövqelərinə, eləcə də Qərb alyansının ümumi birliyinə necə təsir edəcək? Eyni zamanda, Senat və Nümayəndələr Palatasındakı demokratların tənqidinin Tramp administrasiyanın siyasi kursuna necə təsir göstərə bilər?
Pressklub.az suallarına tanınmış ukraynalı analitik və siyasi texnoloq Taras Zaqorodni cavab verib.

Onun sözlərinə görə, Trampın bütün bu isterik davranışlarının iki səbəbi var. “Rusiya həqiqətən də süquta doğru gedir və amerikalılar özlərinin çoxdankı ənənəsinə uyğun olaraq onu xilas etmək istəyirlər. Ukraynanın Rusiyaya zərbələri ətrafında bütün bu isterik çıxışların səbəbi də budur. Halbuki, bu, iki il ərzində amerikalıları ümumiyyətlə narahat etmirdi, çünki həmin zərbələr Amerika şirkətlərinin maraqlarına uyğun idi. Ümumiyyətlə, Tramp neft lobbisinin nümayəndəsi kimi əslində Rusiyanı məhv edir, onu bütün neft bazarlarından sıxışdırıb çıxarır. Lakin onlar Ukraynanın başqa səviyyəyə keçdiyini gördülər və buna görə də Amerika siyasi elitasının nümayəndəsi olan Tramp şəxsən özü hay-küy salmağa başlayıb.
Neft lobbisinin nümayəndəsi kimi Tramp bir tərəfdən Rusiyanı kifayət qədər uğurla məhv edir və bu prosesi artıq dayandırmaq mümkün deyil. Çünki Amerika şirkətlərinə nə Rusiya neft məhsulları, nə də Rusiya nefti lazımdır. Məsələn, Rusiyanın Braziliyaya bütün ixracını Amerika şirkətləri ələ keçirib.
Məhz buna görə də Tramp siyasətdəki bu ikili yanaşma ilə hərəkət edir. Rusiya dizel yanacağının bazarda olacağını deyəndə, bu, Amerika şirkətlərinin maraqlarına ziddir. Hay-küyün səbəblərindən biri də budur: onlar Rusiyaya nəfəs almaq üçün imkan yaratmağa çalışırlar. Lakin bu, kömək etməyəcək. Çünki Rusiyanı xilas etmək üçün hazırda ona təxminən 100 milyard dollar nağd vəsait vermək lazımdır. Onlar isə nə bunu vermək istəyirlər, nə də verə bilərlər.
Aydındır ki, Tramp konkret olaraq Konqresə seçkiləri uduzur. Əgər Nümayəndələr Palatası ilə yanaşı, Senatda da məğlub olsa, bu, şəxsən onun özü üçün ciddi təhlükələr yaradacaq. Buna görə də, hələ mövcud olmayan dizel yanacağı ilə bağlı bütün bu hay-küy qiymətləri aşağı salmaq cəhdidir. Amma heç nə alınmayacaq. Eyni zamanda, günahı Ukraynanın üzərinə atmağa çalışırlar və müharibənin Baydenin prezidentliyi dövründə başladığına dair süni iddia ilə çıxış edirlər: “Hər şeydə Bayden günahkardır”. Halbuki onun bununla heç bir əlaqəsi yoxdur.
Ukrayna əks-hücuma başlayıb. Məsələn, Zelenski Amerika televiziyalarına çıxaraq bu addımların doğru olmadığını deyir. Yəni o, birbaşa amerikalı seçicilərlə ünsiyyətə başlayıb. Həm Respublikaçılar, həm də Demokratlar Partiyasının tərəfdarları arasında seçicilərin 70 faizi Ukraynaya rəğbət bəsləyir”, – ekspert bildirib.
O qeyd edib ki, Ukrayna münasib məqamı gözləyib, Rusiyanın heç bir öhdəliyə əməl etmək niyyətində olmadığını göstərib və zərbələrini davam etdirir. “Üstəlik, Ukrayna rusların daha bir ağrılı nöqtəsini – məlumat mərkəzlərini tapıb. Ukrayna bütün məlumat mərkəzlərini sıradan çıxarsa, bunun daha pis nəticələrə səbəb olub-olmayacağı hələ məlum deyil. Belə olan halda Rusiyada bank sistemi və dövlət idarəetmə sistemi tamamilə çökə bilər. Ruslar üçün nəyin daha kritik olduğu bilinmir: dizel və benzinin tamamilə tükənməsi, yoxsa dövləti idarə edən, tam funksional İT infrastrukturunun sıradan çıxması. Sonuncu halda dövlətin çökməsi baş verə bilər.
Ukrayna bunun üçün Böyük Britaniyanın dəstəyini alıb. Böyük Britaniya Rusiyanın parçalanmasını dəstəkləyən, demək olar ki, yeganə ölkədir. Digər belə ölkə isə Yaponiyadır. Ukrayna zərbələrini davam etdirir, çünki bu, bizim özünümüdafiə məsələmizdir.
Daha sonra Respublikaçılar Partiyasının öz daxilində müəyyən parçalanmanın şahidi oluruq. Çünki onlar Trampın artıq özlərini də uçuruma apardığını görürlər. Trampdan Qrem–Blumental qanununu tətbiq etməsi tələb olunmağa başlayıb. Trampın seçkilərdən əvvəl bu qanunu tətbiq etməyə məcbur qalması istisna deyil. Bu halda Rusiyadan neft almasına mane olmaq üçün Hindistana zərbə vurulacaq. Hindistan Rusiyanın neft ixracının 50 faizini alır və belə bir addım Rusiyaya əlavə zərbə olacaq. Bu məsələdə neft lobbisi yenə bizim xeyrimizə işləyəcək.
Demokratların qələbəsi nəticəsində dünyadakı vəziyyət dəyişəcəkmi? Çox da dəyişməyəcək. Axı ABŞ prezidentinin səlahiyyətləri və hətta Konqresin mövqeyindən yan keçmək imkanları var. Gələn ilin büdcəsi artıq qəbul ediləcək (əgər hələ qəbul edilməyibsə), amma Trampa təzyiq göstəriləcək. Bundan sonrakı vəziyyət isə Ukraynadan asılıdır. Əlbəttə, zərbələri davam etdirmək lazımdır. Ukraynanı dayandırmaq cəhdlərinin hamısı uğursuzluqla nəticələnib.
Starlinkin fəaliyyətinin dayandırılması administrasiyanın öz daxilindəki təzyiqlər səbəbindən cəmi bir gün davam etdi. Çünki hamı Trampın mövqeyi ilə razı deyil. Dövlət Departamenti və Pentaqon Ukraynanı daha çox dəstəkləməyə meyllidir.
Trampın Ukraynaya təzyiq göstərmək rıçaqları yoxdur. Çünki Ukraynanın artıq öz ballistik raketləri, öz raketləri və ABŞ-ın mövqeyindən heç bir şəkildə asılı olmayan uzaq mənzilli dronları var. Buna görə də Ukrayna müstəqil subyekt kimi hərəkət edə bilər. Zelenski ilə seçkilər barədə mübahisələrə gəlincə, hazırda Konqresin necə formalaşacağı məsələsində Trampın özü Zelenskidən asılıdır. Zelenskinin Trampın impiçmentinin və ya onun vəzifədən getməsinin şahidi olması da istisna deyil.
Rusiya fəlakətə doğru gedir və amerikalılar bunu anlayır, görürlər. Radkliffin Rusiyaya səfəri də bununla bağlıdır. O, ruslara artıq sonlarının çatdığını və müharibəni dayandırmağın vacib olduğunu çatdırmağa çalışıb. Lakin Putin hakimiyyətdə qaldığı müddətdə Rusiya müharibə aparacaq. Ya da Ukraynanın zərbələri nəticəsində çökənədək müharibəni davam etdirəcək”, – Zaqorodni hesab edir.
Rauf Orucov