Logo
news content
User
Kateqoriyalar

Analitika

Ağdamda Rusiya-Türkiyə Mərkəzi fəaliyyətə başlayır

Müəllif: Şahin Cəfərli

Sabah – yanvarın 30-da Qarabağda atəşkəs rejiminə nəzarət üzrə Rusiya-Türkiyə monitorinq mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə “RİA Novosti” agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb. Mərkəz üçün işğaldan azad olunmuş Ağdamda bina inşa edilib.

Mərkəzdə hər iki ölkədən bərabər sayda – 60 rusiyalı və 60 türkiyəli hərbçi fəaliyyət göstərəcək. Heyətlərə rəhbərliyi vahid komandanlıq yox, hər ölkənin öz zabiti həyata keçirəcək. Onlar ərazidə monitorinq məqsədilə pilotsuz uçuş aparatlarından da istifadə edəcəklər.

Türkiyə hərbçiləri artıq bir müddətdir Azərbaycandadır. Rusiyadan da bu gün əlavə 60 hərbçi göndərilib və beləliklə, Azərbaycan ərazisindəki Rusiya hərbi qulluqçularının sayı 2020-yə çatıb. (Xatırladaq ki, Qarabağda Rusiyanın 1960 nəfər sülhməramlı əsgəri var.)

Mərkəzin yaradılması ötən il Azərbaycan və Ermənistan arasındakı müharibəni bitirən 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapıb. Bəyanatın 5-ci maddəsində deyilir:

“Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.

Burada Türkiyənin adı olmasa da, Azərbaycan prezidenti Bəyanatın imzalanmasından dərhal sonra xalqa müraciətində orada Türkiyənin də iştirak edəcəyini söyləmişdi. “Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq”, - deyə prezident vurğulayıb.

Bəyanatın imzalanmasından 1 gün sonra – noyabrın 11-də Ankarada Rusiya və Türkiyə müdafiə nazirləri arasında məsələ ilə bağlı Memorandum imzalanıb.

Bəs, Mərkəz hansı işi yerinə yetirəcək və onun səlahiyyətləri, funksiyaları nədən ibarət olacaq?

Əslində istər 10 noyabr bəyanatında, istərsə də Rusiya tərəfinin sonrakı açıqlamalarında bu suala cavablar var. Söhbət atəşkəs rejiminə nəzarət edəcək strukturdan gedir. Yəni prioritet vəzifə atəşkəsin qorunmasıdır. Atəşkəs pozuntusu baş verərsə, Mərkəzin əməkdaşları bunu hansı tərəfin etdiyini müəyyənləşdirib, müvafiq tədbir görəcəklər.

Lakin 10 noyabr razlaşması açıqlandıqdan sonra Azərbaycan ictimaiyyətində belə rəylər yayılmağa başladı ki, türk əsgərləri də rusiyalılarla bərabər sülhməramlı əməliyyatda iştirak edəcək. Hətta eyni sayda (1960 nəfər) “Mehmetcik”in “İvan”la eyni səlahiyyətlərlə Qarabağda yerləşdiriləcəyi iddia olunurdu. Təkcə sıravi sosial media istifadəçiləri deyil, bir sıra siyasətçilər, jurnalistlər də bunu söyləyirdilər, bəzi saytlarda bu barədə yazılar, faktoloji əsası olmayan xəbər və şərhlər dərc edilirdi. Əksini deyənlər, 10 noyabr razılaşmasında Türkiyənin Rusiya ilə eyni hüquq və səlahiyyətlərlə Qarabağdakı sülhməramlı əməliyyatda iştirakının nəzərdə tutulmadığını nəzərə çatdıranlar, ümumən 10 noyabr Bəyanatından narahatlığını ifadə edənlər virtual linçə məruz qalırdı. Lakin qısa müddət sonra aydın oldu ki, bu cür iddia və gözləntilər doğru deyil və sülhməramlı əməliyyat istisnasız olaraq Rusiya tərəfindən təkbaşına həyata keçiriləcək.

Sonra eyni çevrələr iddia etməyə başladılar ki, atəşkəsə nəzarət mərkəzindəki türk zabitləri sülhməramlıların fəaliyyətinə nəzarət edəcək, sülhməramlı əməliyyatı idarə edəcək və Rusiya hərbçilərinin Azərbaycanın maraqları əleyhinə yönəlmiş addımlarının qarşısını almaq imkanına malik olacaqlar. Bu fikri ifadə edənlər, buna inananlar hələ də var. Halbuki belə bir məsələ razılaşmada əksini tapmayıb. Digər tərəfdən, adi məntiq də deyir ki, Rusiya türk zabitlərinin onun əsgərlərinə komandanlıq etməsinə, sülhməramlı qüvvənin işinə müdaxiləsinə razı olmaz. Sülhməramlılara general rütbəli Rusiya zabiti komandanlıq edir və o, birbaşa Moskvaya – Rusiya müdafiə nazirinə tabedir.

Bütün bunlarla bərabər, atəşkəsə nəzarət mərkəzində türkiyəlilərin təmsil olunması faktı, hər halda, yaxşıdır. Bu, o deməkdir ki, Rusiya həmin struktur daxilində birtərəfli qaydada hərəkət edə bilməyəcək və Türkiyə də prosesin içindədir. Amma nəzərə almaq lazımdır ki, bu Mərkəz texniki strukturdur və siyasi sahədə səlahiyyətləri yoxdur. Türkiyənin rolunu gücləndirən amil onun bu Mərkəzdə təmsil olunması yox, Azərbaycanla sıx əməkdaşlığı və müttəfiqliyidir. Rusiya tərəfi də bu faktorla müəyyən qədər hesablaşır. Digər yandan, Moskvanın uzağa gedən strateji məqsədləri də var. Sirr deyil ki, Rusiya Ərdoğan hökumətinin Qərblə münasibətlərinin gedişini çox diqqətlə izləyir və tərəflər arasında narazılığın dərinləşməsində, son nəticədə Türkiyənin Qərbdən qopmasında maraqlıdır. Putin Ərdoğanın bölgədə ABŞ-la bərabər deyil, müstəqil hərəkət etməsini bəyənir və bunu yüksək qiymətləndirir. Məhz bu səbəblə, Rusiya və Türkiyənin dövlət maraqları Cənubi Qafqazda toqquşsa da, Moskva Ankaranın aktivliyinə dözümlü yanaşır, hətta buna ehtiyatla da olsa, şərait yaratmaqla Türkiyəni Avrasiya xəttinə yönəlməyə təşviq edir.