Logo
news content
User
Kateqoriyalar

Analitika

ABŞ Rusiyanın Liviyaya göndərdiyi hərbi təyyarələrin fotolarını yaydı

ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı (AFRİCOM) Rusiyanın Liviyaya göndərdiyi hərbi təyyarələrin fotolarını yayıb. Fotolar peyk vasitəsilə çəkilib.

AFRİCOM-dan bildirilib ki, təyyarələr Rusiyadan havaya qalxıb və əvvəlcə Suriyaya – Hmeymim aviabazasına enib. Burada təyyarələrin Rusiyaya məxsus olduğunu gizlətmək üçün onları boyayıblar. AFRİCOM-dan qeyd ediblər ki, hərbi təyyarələr Haftar qüvvələrinə və onların tərəfində döyüşən Rusiyanın “Vaqner qrupu”nun muzdlularına dəstək verəcək.

ABŞ-ın Afrikadakı qüvvələrinin komandanı, general Stefen Taunsend deyib ki, Rusiya uzun müddətdir Liviyada davam edən savaşdakı rolunu inkar edirdi: “Artıq inkar edə bilməz.”

ABŞ Dövlət Departamentinin Yaxın Şərq işləri üzrə Bürosunun rəsmi nümayəndəsi Henri Vuster Haftar qüvvələrinin Tripoliyə hücumuna qarşı olduqlarını bildirib.

Qeyd edək ki, BMT tərəfindən tanınmış Liviya Milli Razılıq Hökumətinin qüvvələri son həftələrdə Türkiyənin dəstəyi ilə Tripoli ətrafında Xəlifə Haftar qüvvələrinə ciddi zərbələr endiriblər və onları paytaxtdan uzaqlaşdırıblar. ABŞ-ın Liviyadakı səfiri Riçard B.Norland Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sərrac ilə telefon danışığında onların terrora qarşı mübarizədə və sülhün əldə olunmasında uğurlarından məmnun olduqlarını söyləyib. Məhz bu uğurlardan sonra Rusiya Xəlifə Haftara dəstək üçün Liviyaya 4 ədəd MiQ-29 və 2 ədəd Su-24 hərbi təyyarəsi göndərib. Səfir Norland Rusiya və digər xarici ölkələrdən gələn muzdluların Liviyada sabitliyi pozan fəaliyyətlərinə qon qoyulmasının və onların ölkədən ayrılmasının zəruriliyini vurğulayıb.

Press Klub