Logo
news content
User
Kateqoriyalar

Analitika

9 fevral seçkiləri: namizədlər danışır

Müəllif: Ülviyyə Şahin

“Seçkilərdən tam razı qaldım. Heç bir qanun pozuntusuna rast gəlinmədi. Biz bilirdik ki, builki seçkilərə həm beynəlxalq, həm də yerli müşahidəçilər tərəfindən maraq çox böyükdür. Opponentlər öz siyasətlərini seçicilərlə işləmək üzərində yox, daha çox nöqsan tapmaq istiqamətində qurmuşdular. Bir çox insan əlində telefon, nöqsan axtarmaqla məşğul idi. Şükürlər olsun ki, seçkilər qanuna uyğun şəkildə, hər hansı bir nöqsan olmadan başa çatdı.”

Bu sözləri 9 fevral - növbədənkənar parlament seçkiləri ilə bağlı sualımızı cavablandıran 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd, MSK-nın məlumatına əsasən həmin dairədə rəqiblərindən daha çox səs toplamış Yeni Azərbaycan Partiyasının namizədi Nəsib Məhəməliyev bildirdi.

O qeyd etdi ki, seçici aktivliyi əvvəlki parlament seçkilərinə nisbətən daha yüksək olub: “Səmimi etiraf edim ki, səhər yuxudan qalxıb hər tərəfin qar olduğunu gördükdə düşündüm ki, fəallıq aşağı səviyyədə olacaq. 109 saylı dairəni əhatə edən məntəqələri gəzdikdə isə tam əks mənzərənin şahidi olduq. Münasib hava şəraitinin olmamasına baxmayaraq, insanlar kütləvi şəkildə seçki məntəqələrinə axışırdı. Builki seçkilər əvvəlki seçkilərdən ilk növbədə bu cəhətinə görə fərqlənirdi. Göstərdikləri münasibətə görə rayonumuzun bütün seçicilərinə bir daha dərin təşəkkürümü bildirirəm.”

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru, bitərəf Günel Səfərova isə tam əksinə, 9 fevral seçkilərini Azərbaycanın müstəqillik  tarixindəki ən saxta seçkilərdən biri kimi qiymətləndirdi.

“Bizim nəinki müşahidəçilərimiz, jurnalistlər və nümayəndələrimizin hər biri məntəqələrdə baş verən qanun pozuntuları, seçki qanunvericiliyinə əməl olunmaması halları ilə bağlı onlarla akt tərtib ediblər. Bunlar arasında “karusel” faktları, topa bülletenlərin atılması və başqa ərazidə yaşayan inasanların səs verməsi faktları var. Bizim dairəmizdə 37 məntəqə mövcuddur. Bunların hamısında qanun pozuntuları oldu. Məsələn, 100 saylı məktəbdə yerləşən 5 saylı məntəqə barədə məlumat verim. Orada böyük biabırçılıq baş verirdi. Özüm ora getmişdim. Jurnalistlərin, müşahidəçilərin prosesi izləməsinə maneçilik törədilirdi. YAP müşahidəçiləri, məntəqə sədrləri və məntəqə üzvləri insanlara qarşı çox kobud davranırdılar. 115 sayılı məktəbdə yerləşən 14 -cü məntəqədə isə nəinki müşahidəçilərin, hətta namizədlərin də döyülməsi faktı var, bu kimi hallar 24 -cü məntəqədə də təkrarlanıb. Ümumilikdə sizə deyim ki, indiyədək  ən saxta keçirilən seçki bu seçkidir”, - deyə G. Səfərova əlavə etdi.

O, qanun pozuntularına dair faktları və sənədləri videoçəkilişlərlə birlikdə DSK-ya təqdim edəcəklərini söylədi: “Daha sonra məhkəməyə müraciət edəcəyik, ehtiyac olsa, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyik. Eyni zamanda mən seçki saxtakarlığını diqqətə çatdırmaq üçün müxtəlif aksiyalara qoşulacağam, müxtəlif kampaniyalar keçirəcəyəm. Prezident dedi ki, əgər narazılıq varsa, biz bunu eşitmirik, namizədlər narazılıqlarını ifadə etsinlər. Mən də öz narazılığımı ifadə etmək üçün müəyyən bir kampaniyaya başlayacağam.”

35 saylı Xətai III seçki dairəsindən namizəd və MSK-nın məlumatına əsasən həmin dairədə qalib olan “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu seçkinin nəticələrindən razıdır.

“Düşündüyüm kimi oldu və hədəflədiyim nəticəni aldım. Beş mindən yuxarı fərqlə rəqibimə qalib gəldim.  Bunu ciddi komanda ilə böyük əzmlə həyata keçirdiyim fəaliyyətə borcluyam. Seçicilərimə də borcluyam, çünki onlar mənə inandılar. Əsas rəqibim İqbal Ağazadənin ilk gündən mənə qarşı çirkli kampaniya aparmasına, Qusar rayonundan bir tüfeyli şəxsin - Abbasov Rauf Çərkəz oğlu adlı birinin mənim  “dublikat”, “klon” namizədim kimi dairəyə, seçki kampaniyasına soxuşdurulmasına, öyrədilmiş qadınların  təxribatlarına baxmayaraq, mənim kampaniyam keyfiyyətli şəkildə həyata keçirildi. Bir sözlə, mənə qarşı bütün çirkli texnologiyalardan istifadə edilməsinə rəğmən uğurlu bir kampaniya aparıb qalib gəldik”, - deyə R.Arifoğlu söylədi.

Onun sözlərinə görə, həmin dairədə səsvermə prosesi demokratik keçib: “Hakimiyyət orqanları, inzibati orqanlar, DSK tərəfindən heç bir qanunsuz müdaxilə olmadı. Seçkini pozmaq cəhdləri ancaq rəqiblərimdən birinin cəhdləri ilə baş verdi. Nəticədən çox razıyam. Seçicilərimə minnətdaram, bu, bizim halal haqqımızdır. Bütün fəaliyyətimiz hazırda da sosial mediada qalır və hər kəs bizim bir aydan çox davam edən kampaniyamızı ilk gündən başlayaraq, sonuna qədər izləyə bilər.”