Logo
news content
User
Kateqoriyalar

Analitika

“4-cü respublika” tələsi: Ermənistan nəyə hazırlaşır?
Bakıdan reaksiyalar, keçmiş nazir Paşinyana sual ünvanlayır

Ermənistan hökuməti parlamentə təqdim etməyə hazırlaşdığı yeni 5 illik (2026–2031) fəaliyyət proqramında balansı bərpa edən xarici siyasət kursu yürüdəcəyini bəyan edib.

Sənəddə xarici dəstəyə ehtiyac qalmadan regionda təhlükəsiz və rahat yaşayış mühitinin yaradılması əsas məqsəd kimi göstərilir. Paşinyan hökumətinin Azərbaycanla münasibətlərdə əsas prioritetləri sülh sazişinin imzalanması, ratifikasiyası və sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsidir.

Türkiyə istiqamətində diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması və ən azı iki müasir keçid məntəqəsinin fəaliyyətə başlaması hədəflənir. Sənəddə konkret tarixlər və məntəqə adları açıqlanmasa da, İrəvanın artıq Margara keçid məntəqəsində modernləşdirmə işləri apardığı məlumdur.

Moskvanın Avrasiya İqtisadi Birliyində (Aİİ) qalmaqla bağlı referenduma dair təzyiqləri fonunda, İrəvan qurumla effektiv əməkdaşlığı davam etdirəcəyini vurğulayıb. Proqramda mal, xidmət, kapital və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin ediləcəyi bildirilir.

Qərb istiqamətində də iddialı addımlar nəzərdə tutulur:

ABŞ: Əlaqələr Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində inkişaf etdiriləcək, energetika və dəmiryolu altyapısını əhatə edən TRIPP layihəsi icra olunacaq.

Avropa İttifaqı: 2025-ci ildə Aİ-yə qoşulma prosesi haqqında qanuna əsasən standartlar Avropa normalarına uyğunlaşdırılacaq və 5 il ərzində vizasız rejim prosesi yekunlaşacaq.

Fransa: Siyasət strateji tərəfdaşlıq səviyyəsinə qaldırılacaq.

İrəvan Çin, Hindistan, İran və Gürcüstanla da strateji tərəfdaşlığı dərinləşdirməyi planlaşdırır. Xüsusilə Hindistanla hərbi-sənaye, İranla isə Şimal-Cənub və Fars körfəzi–Qara dəniz nəqliyyat koridorları üzrə enerji və logistika əməkdaşlığının genişləndirilməsi ön plana çəkilir.

Politoloq Fərhad Məmmədov Ermənistan Baş nazirinin parlamentdə təsdiqlənməsi gözlənilən yeni Hökumət Proqramını təhlil edib.

Politoloq bildirib ki, Ermənistan hökumətinin qarşıdakı beşillik fəaliyyətini əhatə edən Proqram İrəvanın gələcək strategiyası barədə mühüm ipuçları verir. Ekspertin sözlərinə görə, sənədin preambulasında postseçki dövrünün "Dördüncü Respublika" kimi səciyyələndirilməsi və ərazinin 29 743 kvadratkilometr çərçivəsində göstərilməsi "Real Ermənistan" ideyasının rəsmi xəttə çevrildiyini nümayiş etdirir.

F.Məmmədov vurğulayıb ki, proqramda Azərbaycanla münasibətlər məsələsi bir neçə müstəvidə yer alıb. Bunlara sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin müəyyənləşdirilməsi, TRIPP layihəsinin reallaşdırılması, həmçinin vətəndaş cəmiyyəti, işgüzar dairələr və energetika sahəsində əməkdaşlıq daxildir. O qeyd edib ki, yeni Konstitusiya layihəsinin müzakirəsi və referenduma çıxarılması məsələsi də sülhün institusionallaşdırılması kontekstində göstərilir.

Diqqətçəkən məqamlardan birinin xarici siyasətdə "regionçuluq" prinsipinin seçilməsi olduğunu deyən politoloq əlavə edib ki, sənəddə bu anlayış "xarici dəstək olmadan öz ətrafında rahat yaşamaq" kimi izah olunur. Politoloq diqqətə çatdırıb ki, Türkiyə ilə sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və iqtisadi əməkdaşlıq prioritetlər sırasındadır. İran, Gürcüstan, Aİ, ABŞ, Çin və Fransa ilə münasibətlərdə "strateji tərəfdaşlığın dərinləşdirilməsi" vurğulansa da, Rusiya bölməsində "strateji" terminindən imtina olunub və yalnız tərəfdaşlığın transformasiyası nəzərdə tutulub. Həmçinin hərbi sahədə Rusiya hərbi bazası və birləşmiş HHM sisteminin adı çəkilmir, sərhəd xidmətinin isə yenidən təşkil olunacağı qeyd edilir.

Ekspert bəyan edib ki, Aİ ilə inteqrasiya məsələlərinə və standartların tətbiqinə toxunulsa da, sənəddə Aİ-yə üzvlük hədəfi yer almır. İrəvan MDB və ŞƏT formatlarında qalmağı, eyni zamanda kilsə islahatları, AES-in gələcəyi (2027-ci ilin sonuna qədər qərar) və nəqliyyat kommunikasiyalarının yenidən qurulmasını qarşıya məqsəd qoyub.

Fərhad Məmmədov sonda bildirib ki, bu sənəd ümumilikdə Ermənistan hökumətinin növbəti beş ildəki istəklərini əks etdirir, lakin bu hədəflərdən hansının reallığa çevriləcəyini zaman göstərəcək.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə Ermənistanın yeni proqramına və Paşinyanın "Dördüncü Respublika" ideyasına sərt reaksiya verib. Sabiq diplomat bildirib ki, 1991-ci ildə qurulan "Üçüncü Respublika" ideoloji baxımdan radikal millətçiliyə və ərazi iddialarına söykənirdi.

T.Zülfüqarovun sözlərinə görə, Paşinyan indi “Üçuncü Respublika”nın varisi olaraq, "Dördüncü Respublika" adı altında hüquqi olaraq ərazi iddialarından tam imtina etmədən, sovet dövründə Azərbaycanın əleyhinə verilmiş qərarları qanuniləşdirməyə və Bakıya qəbul etdirməyə çalışır.

Keçmiş nazir vurğulayıb ki, 2020-ci il məğlubiyyətindən sonra İrəvanın Azərbaycanın tarixi torpaqları hesabına hər hansı ərazi güzəşti və ya "bonus" əldə etmək xəyalları tamamilə əsassızdır və Bakı bu yanaşma ilə heç vaxt razılaşmayacaq.

Turqut