İki İrlandiyanın birləşməsi ilə bağlı referendum keçirilməsi istisna deyil - Tramp
14 Sentyabr 2026
ABŞ Prezidenti Donald Tramp gələcəkdə İrlandiya Respublikasının Birləşmiş Krallığın tərkibinə daxil olan Şimali İrlandiya ilə birləşməsi məsələsinə dair referendumun keçirilə biləcəyini istisna etməyib.
Bu barədə Tramp İrlandiyadakı qolf klubunda jurnalistlərə açıqlamasında, əvvəllər belə bir referendumun keçirilməsini istisna edən Böyük Britaniyanın Baş naziri Endi Börnhemin sözlərini şərh edərkən bildirib.
"Hamı belə deyir, sonra isə nəsə baş verir. Şimali İrlandiya var və İrlandiya var. Mənə elə gəlir ki, tarixdə ən təbii addımlardan biri onların birləşdirilməsi olardı", - Amerika lideri bildirib.
Olsterdə "Şinn feyn" milli-respublikaçı partiyasının seçki uğurları fonunda İrlandiyanın mümkün birləşməsi barədə müzakirələr daha tez-tez səslənməyə başlayıb. 2022-ci ildə "Şinn feyn" tarixində ilk dəfə olaraq Şimali İrlandiyada keçirilən regional seçkilərdə qalib gəlib.
2024-cü ildə Britaniya parlamentinin İcmalar Palatasına keçirilən seçkilərdə də partiya ilk dəfə olaraq Olsterin bütün siyasi qüvvələri arasında ən yaxşı nəticə göstərib.
Bununla yanaşı, formalaşmış ənənəyə görə "Şinn feyn" Vestminsterdə parlamentin işində iştirak etmir: partiya üzvləri səs vermir və qanunverici orqanda öz yerlərini tutmurlar, çünki deputatlar üçün məcburi olan Britaniya monarxına and içmək istəmirlər.