İranda nə baş verəcək?
Ölkə daxilində və xaricində radikallaşma meylləri güclənəcək
20 May 2024
Bu faciə beynəlxalq siyasi ziddiyyətlərin və qarşıdurmanın nəticəsi ola bilərmi?
Bu hadisə regionda və dünyada geosiyasi vəziyyətə necə təsir edəcək?
Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bununla bağlı fikirlərini Pressklub.az-a bölüşüb.
“Düzünü desəm, qonşu dövlətin prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və bir sıra digər rəsmilərin həlak olduğu qəzanın səbəbləri üzərində dayanmaq istəməzdim. Daha doğrusu, fikrimi bunun səbəbləri üzərində cəmləşdirmək istəməzdim, çünki bütün hallarda bunlar yalnız versiya olacaq. Versiyalar isə müxtəlif komplo elementləri ilə müşayiət oluna bilər”, - ekspert bildirib.
O, qeyd edir ki, ən yaxşısı mövcud faktlara etibar etməkdir.
“İran hakimiyyətində yüksək vəzifə tutan iki mühüm şəxs həlak olub. De-fakto, dövlətin ikinci və üçüncü şəxsləri. Təbii ki, bu vəziyyətdə nəticələr müxtəlif ola bilər. Beynəlxalq aləmdə vəziyyətin gərginləşməsi baş verə, İranda daxili siyasi mübarizə daha da sərtləşməyə başlaya bilər.
Bu hadisənin beynəlxalq vəziyyətə müəyyən təsiri olacaqmı? Şübhəsiz, olacaq.
İran daxilində siyasi mübarizə də mütləq kəskinləşəcək - buna əminəm. Çünki buna qədər mübarizə ölkənin ali dini liderinin kürsüsü uğrunda gedirdisə (hazırkı dini lider ayətullah Əli Xamneyinin 85 yaşı var), indi bu rəqabətin arenası genişlənir. Mübarizə təkcə ən yüksək ruhani post uğrunda deyil, həm də əsas siyasi vəzifələr, siyasi hakimiyyət uğrunda gedəcək. Yəni, düşünürəm ki, İran hökuməti daxilində mötədil və mühafizəkar qruplar arasında rəqabət başlayacaq. Kimin islam dəyərlərinə, yaxud İran şiəliyinin dəyərlərinə daha sadiq olması uğrunda mübarizə olacaq. Təbii ki, yeni şəraitdə hər iki tərəf maksimum radikallıq nümayiş etdirəcək. Və bu, şübhəsiz ki, İranın həm xarici, həm də daxili siyasətinə təsir göstərəcək”, - deyə mərkəz direktoru bildirib.