Yola saldığımız il: “Gurultulu sözlər və xırda şriftlər ili”
Şrift o qədər kiçikdir ki, onu yalnız “lazım olanlar” görə bilir – siyasi mikroskop altında
15 Dekabr 2025
Yeni il müraciəti əvəzinə – ilin sonunda kiçik müşahidə.
2025-ci il sona yaxınlaşır: sazişlər imzalanıb, QHT nümayəndə heyətləri qarşılıqlı şəkildə Bakı və İrəvana səfər ediblər, təbəssümlər genişdir, bəyanatlar gurultuludur, ümidlər isə adəti üzrə “məqbul həddi” keçmir. Elə gəlir ki, ili sülh və sakitliklə başa vurmağın tam zamanıdır. Amma Ermənistan öz təqvimi ilə hərəkət etməyi seçib: əsas məsələlərin hamısı – seçkilər, konstitusiya dəyişiklikləri və ehtimal ki, yeni geosiyasi sürprizlər 2026-cı ilə saxlanılıb.
Biz də ili regionun sülh bəyanatlarından daha çox sevdiyi felyeton janrında yekunlaşdıraq.
Vaşinqton: böyük bəyanatlar və xırda dəqiqləşdirmələr şəhəri
Vaşinqtonda hər şey adətən belə başlayır:
“Biz tarixi razılaşmaya nail olduq” və sakit bir cümlə ilə bitir:
“Amma bu dəqiq deyil”.
Burada dünyanı bəladan qurtarmaq qəhvə süzməkdən daha tez-tez baş verir: bəyanat verilir və artıq sənə elə gəlir ki, bəşəriyyət rahat nəfəs alacaq. Sənə elə gəlir… amma yalnız elə gəlir.
Amerikanın dünya xəritəsi: siyasi mikroskop üçün şrift
Vaşinqton növbəti dəfə dünya xəritəsini masa üzərinə qoyub. Xəritə ABŞ-ın təsir memarlığını bir qədər “düzəldə” biləcəyi, müttəfiqləri azca qabağa itələyib, rəqibləri ehmalca kənara çəkə biləcəyi istiqamətləri göstərir.
Xəritədəki şrift isə adəti üzrə o qədər xırdadır ki, onu yalnız “lazım olanlar” görə bilir – özü də mütləq siyasi mikroskop altında.
Amerika sülh tərəfdarıdır – amma silahlı sülh daha yaxşıdır
Amerika həmişə sülhün tərəfdarıdır. Sadəcə, elə sülhün ki, hamının Amerika lisenziyalı silahı olsun.
Buna “strateji sabitlik” deyirlər. Əslində isə bu konstruksiyada həqiqətən sabit olan ABŞ-ın müdafiə büdcəsidir.
Sülh prosesi irəli gedir, amma hamı irəli getmir
Avqust razılaşmalarından sonra tərəflər guya sülhə doğru hərəkət etməyə başladılar. Daha dəqiq desək, Azərbaycan hərəkətə başladı.
Ermənistan isə... Marşrutlara baxsaq, o, yolunu Naxçıvana yox, harasa Hindistana yaxın istiqamətdə çəkir.
Hindistan: böyük ambisiyaları olan raket satıcısı
Hindistan regionda mövqe axtarır və məmnuniyyətlə silah kataloqlarını təqdim edir. Ermənistan isə yeni silah alışları üçün çekləri uzadır.
Beləcə, iki “tənha” bir araya gəlib: biri raket istehsal edir, digəri təşəkkür məktubları.
Bakı buğda tranzitinin qapısını açıldığı vaxtda, İrəvan növbəti silah kataloqunun qatını açır. Tarazlıq aptek dəqiqliyi ilə qurulub:
bir vaqon çörək ora – bir reaktiv qurğu bura.
Ermənistana ilk qatar min ton buğda apardı.
Çörək ilk xoşməramlı səfir oldu. Eyni vaxtda hindistanlı mühəndislər İrəvan üçün Akash-NG komplekslərini yığırdılar.
Sülh erməni interpretasiyasında belə səslənir:
“Biz sülh tərəfdarıyıq, amma sülh himayə altında olsun”.
Erməni siyasəti: Paşinyanın ikili həyatı
Paşinyan gündüz sülhdən danışır, gecə isə daha çox “Hərbi təlimlər”in yeni mövsümünün ssenarisini xatırladan sənədlərə imza atır.
Səhər – sülh bəyanatları, axşam – raket tenderləri.
Ermənistan prezidenti vaxtında ortaya çıxdı və… heç nə demədi. Bunu ideal şəkildə etdi. İrəvanda buna “neytral mövqe”, Vaşinqtonda isə “strateji sükut” deyirlər.
Serj Sarqsyan da diqqətdən kənarda qalmadı: antikorrupsiya məhkəməsinin dəhlizlərindən çıxan kimi bildirdi ki, sülhə zəmin görmür. Əslində, onun baxış bucağından baxanda, doğrudan da nəsə görmək çətindir.
Erməni büdcəsinin paradoksları və Bakının rasional yanaşması
İrəvanda Hindistan istehsalı olan Su-30MKI qırıcılarının alınması ilə bağlı danışıqlar gedir. Paralel olaraq hökumət hərbi xərclərin 16 faiz azaldıldığını elan edir. Yeni formula belədir:
“Sülhə qənaət edirik – raketlərə xərcləyirik”.
Bu fonda Azərbaycan şübhəli dərəcədə rasional görünür: poza vermir, şüar söyləmir – sadəcə tranzit.
İrəvanda raketin buraxılış məsafəsi müzakirə edilən zaman, Bakıda taxılın təchizat məsafəsi hesablanır.
Sülhə gedən iki yol: dəmir yolu və “Pinaka”
Məntiq sadədir: sülh haqqında sözlər nə qədər gur səslənirsə, raket sazişləri də bir o qədər çox imzalanır. Hər kəsin öz yolu var:
Azərbaycan dəmir yolu çəkir, Ermənistan “Pinaka” alır.
Final: çörək, raketlər və xırda şrift
Vaşinqton dünyaya sülh dərsi keçir, eyni zamanda, “əgər sülh istədiyimiz kimi olmasa...” ehtiyatını da əlində saxlayır. Hindistan çek imzalamağa hazır olan hər kəsi silahlandırır – sülh “strateji cəhətdən zəngin” olmalıdır. Ermənistan “sülh tərəfdarıyıq, amma qoy himayə altında olsun” prinsipini nümayiş etdirir, Azərbaycan isə sakit və rasional şəkildə dəmir yolları çəkir və hamı əmindir ki, guya sülhü yaxınlaşdırırq.
2025-ci ili böyük vədlərin, gurultulu sözlərin və xırda dəqiqləşdirmələrin ili kimi yaşadıq. Regionda vacib olan hər şeyin yalnız siyasi mikroskop altında oxunduğu bir il.
Ona görə də bu ili tərəddüdsüz “Gurultulu sözlər və xırda şriftlər ili” adlandırmaq olar.