Logo
news content

Yeni qaydaları olan biznes: Sağ qalmağı öyrənirik, amma böyümürük
Azərbaycanda kiçik biznesin adaptasiya səviyyəsində qalmasının səbəbləri...

Azərbaycanda istənilən sahibkardan “işlərin necə gedir” soruşsanız, çox güman ki, o, “işləyirik” deyə qeyri-müəyyən cavab verəcək.

Bu, universal biznes indikatorudur. Bu bir sözdə hər şey var: ehtiyatlı optimizm də, yorğunluq da, şikayət etməmək vərdişi də.

Amma bu mədəni təmkinliyi kənara qoysaq, aydın görünər ki, ölkədə kiçik biznes artıq xüsusi janrı mənimsəyib – inkişaf kimi maskalanmış sağ qalma üsulu. Və bunu kifayət qədər inandırıcı şəkildə edir.

Müxtəlif hesablamalara görə, kiçik və orta biznes ölkədə məşğulluğun 60–70%-dən çoxunu təmin edir, lakin onun ÜDM-də payı xeyli aşağıdır – təxminən 15–20% səviyyəsində qalır.

Sadə desək, sektor çox sayda iş yeri yaradır, amma əlavə dəyərin formalaşmasında payı azdır. İri şirkətlər və ya daha inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə bir işçiyə düşən iqtisadi nəticə aşağıdır.

Bunun bir neçə səbəbi ola bilər: aşağı məhsuldarlıq, texnologiyalara məhdud çıxış, qeyri-formal fəaliyyətin yüksək payı. Amma nəticə eynidir – iqtisadiyyat məşğulluq qazanır, lakin adekvat artım əldə etmir.

Əsas paradoks da buradadır: bu sektorda insanlar çoxdur, amma iqtisadi çəkisi gözləniləndən azdır. Və aydın məsələdir ki, problem ideyaların çatışmazlığından qaynaqlanmır.

Planlaşdırma? Təşəkkür edirik, istəmirik
Bəzi dərsliklərdə hələ də 3–5 illik strateji planlaşdırma barəsində yazırlar. Azərbaycan reallığında isə bu, Marsda hava proqnozu kimi səslənir.

Nəzəriyyədə biznes uzunmüddətli strategiyalar qurur. Praktikada isə sağ qalmağı planlaşdırır. Hər şey yaxşı gedirsə – plan bir ay üçündür. Qeyri-sabitdirsə – bir həftəlikdir. Bu artıq zəiflik deyil, yeni rasionallıqdır.

Son illər Bakıda çoxlu sayda “zalı olmayan mətbəxlər” yaranıb. Dünən bu, mərkəzdə icarəsi olan kafe idi, bu gün isə yalnız çatdırılma ilə işləyən, şəhərin kənarında yerləşən kompakt məkandır. Ən ağır xərc maddəsi – icarə – sadəcə yoxa çıxıb.

Nəticədə biznes təkcə sağ qalmır – daha səmərəli olur. Amma bu, xüsusi tip səmərəlilikdir: xərcləri azaldır, lakin miqyası nadir hallarda böyüyür.

Dayanıqlılıq artıq “möhkəm dayanmaq” deyil, “daha tez uyğunlaşmaq” deməkdir. Və bəzən bu, ən yaxşı biznes planıdır.

Qənaət yoxsulluq kimi deyil, strategiya kimi

Azərbaycan biznesində həmişə qənaət etməyi bacarıblar. Amma indi bu, demək olar incəsənətə çevrilib. Maliyyəyə çıxış hələ də məhduddur: kreditlər bahadır, girov tələbləri isə yüksəkdir. Avropanın bir çox ölkəsində kiçik biznes daha aşağı faizlərlə və qismən dövlət zəmanəti ilə kredit ala bilir. Bu, riskləri azaldır və böyümək haqqında düşünməyə imkan verir. Azərbaycan reallığında isə kredit çox vaxt inkişaf aləti yox, əlavə təzyiq mənbəyinə çevrilir. Bu artıq təkcə sahibkarların problemi deyil, ümumi mühitin xüsusiyyətidir.

Pul böyüməyə kömək etməyəndə, onun yoxluğu intizam formalaşdırmağa başlayır. Kiçik geyim brendləri bir “showroom”-u iki-üç yerə bölüşür. Onlayn mağazalar isə çox vaxt anbarsız işləyir: məhsul müştərinin sifarişindən sonra alınır.

Aksessuar sahəsində çalışan sahibkar bunu sadə şəkildə ifadə edir: “Mənim anbarım – tədarükçümdür”. Digəri isə daha dəqiq deyir: “Mən daha çox qazanmıram – sadəcə daha az xərcləyirəm”.

Bir mühasibin bir neçə biznes üçün işləməsi artıq istisna deyil, normadır.

Bu, ideal model deyil. Amma işləyir – çünki riskləri minimuma endirir və gəlirin qeyri-sabit olduğu şəraitdə belə yaşamağa imkan verir.

Onun limiti isə investisiya ehtiyacının başladığı yerdədir: genişlənmə, işçi heyəti, keyfiyyət.

Və ilk sıradan çıxan məhz böyümə olur. Çünki hər bir genişlənmə cəhdi dərhal riskləri artırır, bu model isə buna hazır deyil.

Instagram – ölkənin əsas ticarət mərkəzi

Əgər əvvəllər biznes üçün şəhərdə fiziki məkan lazım idi. Bu gün isə internet və telefon kifayətdir. Evdə işləyən şirniyyatçılar, dizaynerlər, geyim satıcıları artıq çoxdan seçim ediblər: icarə gedib, sosial şəbəkələr gəlib.

Əslində, Instagram ölkənin əsas ticarət mərkəzinə çevrilib. Burada hər şey satılır – evdə hazırlanmış paxlavadan tutmuş, mebelə qədər.

Bakıda bir şirniyyatçı kiçik obyektini bağlayıb və tamamilə onlayna keçib. İndi onun “ofisi” – mətbəx, telefon və kuryerdir. Sifarişlər bir həftə qabaqcadan dolur. O, bu barədə belə deyir: “Divarlara görə pul ödəməyi dayandırdım və qazanmağa başladım”.

Bu, sadəcə rahatlıq deyil. Bu, iqtisadi modelin dəyişməsidir.

Amma vacib bir nüans var: əgər bazar miqyasın böyüməsi hesabına yox, girişin sadələşməsi hesabına genişlənirsə, o zaman bu, böyümə olmadan rəqabətə çevrilir. Bazara daxil olmaq asanlaşır – böyümək isə çətinləşir.

Fəaliyyət dairəsi nə qədər dar olarsa, problem də o qədər az olur

Kiçik biznes artıq “hamıya xoş gəlməyə” çalışmır. Bu, çox bahadır. Ona görə də dar fəaliyyət dairəsinə çəkilir. Bəzən o qədər dar olur ki, elə bilirsən müştəri hətta bir stulun icarəsinə də çatmaz. Amma çatır.

“Düzgün qəhvə dənəsi” sevənlər üçün qəhvəxanalar. Yalnız lokal məhsullar satan mağazalar. Fərdi hədiyyələr layihəsi – qravüradan tutmuş xüsusi hazırlanmış setlərə qədər. Kütləvi bazar? Həddindən artıq risklidir. Öz auditoriyan? Daha etibarlıdır.

Bu, yüksək rəqabət şəraitində çox vaxt qiymətdən daha vacib olur.

Amma dar fəaliyyət dairəsinin də həddi var – o, demək olar böyüyə bilmir.

Əlaqələr – yeni “valyuta”

Ucuz maliyyə və böyük büdcələr olmayanda, prosesə etibar daxil olur. Daimi müştərilər, tövsiyələr, şəxsi əlaqələr – bunlar artıq biznesə əlavə deyil, onun əsasını təşkil edir.

Bir çox ölkədə buna “networking” deyirlər. Azərbaycanda isə daha sadədir: “bu adamı tanıyıram”. Və bu işləyir.

Amma burada genişlənmənin əsas məhdudiyyətlərindən biri gizlənir.

Etibar kiçik miqyasda yaxşı işləyir – hamının bir-birini tanıdığı yerdə. Amma o, böyümür. Etibar institutları – müqavilələri, zəmanətləri, şəffaf qaydaları – əvəz etməyə başlayanda, biznes “öz çevrəsi”ndə qalır.

Bu çevrədən çıxmaq, ora daxil olmaqdan daha çətin olur.

Nəticədə bazar özünü təkrar istehsal edir: yeni iştirakçılar gəlir, amma ümumi miqyas yavaş artır.

Hibrid modellər: hər şey birdən – və bu normaldır

“Təmiz” biznes modellər dərsliklərdə gözəl görünür. Reallıqda isə biznes universal olur.

Fitnes məşqçisi dərs keçir və onlayn proqramlar satır.
Restoran həm yemək verir, həm də kulinariya dərsləri keçir.
Qəhvəxanalar barista kursları açır.

Məntiq sadədir: bir gəlir mənbəyi – riskdir, bir neçəsi – sistem.

Bu, dayanıqlılığı artırır. Amma nadir hallarda miqyas yaradır.

Azərbaycan üslubunda innovasiya

İnnovasiya” sözü gurultulu səslənir. Amma praktikada bu, çox vaxt kiçik və dəqiq dəyişikliklərdir. Gözəl qablaşdırma. İnsan kimi yanaşma. Müştəriyə danışa biləcəyin hekayə.

Şirniyyat istehsalçılarından biri qutulara reseptlərin tarixçəsi olan açıqcalar əlavə etməyə başladı. Xərc azacıq artdı – satış isə nəzərəçarpan dərəcədə. Bəzən innovasiya sadəcə diqqətdir. Bu, biznesi daha yaxşı edir.

Amma daha böyük etmir.

Problem təkcə biznesdə deyil

Bunu açıq demək lazımdır: problem təkcə sahibkarlarda deyil. Kreditlər bahadırsa, qaydalar dəyişkəndirsə, uzunmüddətli proqnozlaşdırma məhduddursa – biznes illəri deyil, həftələri düşünməyə məcbur olur.

Belə şəraitdə çeviklik artıq inkişaf strategiyası deyil, sağ qalma üsuludur. Bu şərtlər daxilində kiçik biznes həqiqətən güclüdür. Amma çox vaxt ona görə ki, sistem onun böyüməsinə kifayət qədər şərait yaratmır.

Əsas dəyişiklik – düşüncə tərzindədir

Ən vacib dəyişiklik sahibkarların düşüncəsində baş verir. Onlar artıq ideal şərait gözləmir. Minimum sərmayə ilə layihələrə başlayır, tez test edir və işləməyənləri eyni sürətlə bağlayırlar.

Bir sahibkar iki il ərzində üç istiqamət dəyişib. Bu, uğursuzluq hekayəsi deyil – normal axtarış prosesidir. Tədricən yeni norma formalaşır: səhv son deyil, təcrübədir.

Nəticə nədir: sağ qalmaq, yoxsa inkişaf?

Ən maraqlısı odur ki, hər ikisi düzgün cavab.

Azərbaycanda kiçik biznes məhz sağ qalmaq məcburiyyətində olduğu üçün inkişaf edir. Mühitin təzyiqi onu çevik, sürətli və ixtiraçı edib. Bu olmasaydı, bəlkə daha rahat olardı – amma effektivliyi xeyli azalardı.

Lakin bu modelin də həddi var. Artım üçün miqyas lazımdır.

Miqyas isə proqnozlaşdırıla bilən mühit və kapital tələb edir. Bu iki amil isə kifayət qədər deyil. Nəticədə sistem yenə də “kiçik olmadığı” seçir – çox sayda sabit, amma kiçik bizneslər yaranır.

Artıq bölünmə “uğurlu” və “uğursuz” arasında deyil. İki tip sahibkar var: şəraitin yaxşılaşmasını gözləyənlər və mövcud reallıqda işləməyi öyrənənlər.

Görünən odur ki, ikinci qrupun sayı artır.

Burada əsas paradoks yaranır: Azərbaycanda inkişaf, həqiqətən də sağ qalma formasına çevrilib. Amma iqtisadiyyat yalnız o zaman böyüyür ki, sağ qalmaq əsas strategiya olmaqdan çıxır.

Bu isə o vaxt baş verir ki, genişlənmə üçün əlçatan maliyyə yaranır, etibar təkcə şəxsi əlaqələrə deyil, işlək institutlara əsaslanır. Bu baş vermədiyi müddətdə çeviklik həm üstünlük, həm də tavan olaraq qalır.

Çünki sağ qalmağı bacaran biznes – artıq nailiyyətdir.
Amma sağ qalmaq strategiya kimi qalırsa, artım istisna edilir.