Logo
news content

Razılaşma kimin axırına çıxacaq?
SEPAH-ın qapısı bağlanır...

ABŞ və İran rəsmilərinin İsveçrədə keçirilməsi nəzərdə tutulan görüşü keçirilməyəcək. Tərəflər 14 maddəlik Qarşılıqlı anlaşma memorandumunun elektron formatda imzalanması ilə kifayətləniblər.

Sənədi ABŞ-nin dövlət başçısı Prezident Donald Tramp və İran hökumətinin başçısı, Prezident Məsud Pezeşkian imzalayıb. Bunu xüsusi vurğulamaqda məqsədimiz onların statuslarının eyni olmadığına diqqət yetirməkdir. Çünki İran Prezidenti ali rəhbərdən sonra ikinci şəxsdir. Dövlətin həyati əhəmiyyətli məsələləri ali rəhbərin, indiki şəraitdə Müctəba Xamenenin təsdiqindən sonra qüvvəyə minir. İslam Respublikası Məsud Pezeşkianın imzasından bu səbəbdən istənilən vaxt imtina edə bilər.

Odur ki, Müctəba Xamemeninin məsələyə münasibəti sənədin icrasında tərəddüdləri aradan qaldırardı. Bu baxımdan, İslam Respublikası liderinin adından yayılan açıqlama maraqlıdır. Ötən gün onun adından yayılan açıqlamada bildirilib: “İran ilə ABŞ arasında əldə edilən razılaşmanı, ehtiyatlara baxmayaraq, təsdiqlədim”. O, bunun gələcəkdə üz-üzə keçiriləcək danışıqlarda ABŞ-nin fikirlərinin qəbul ediləcəyi mənasına gəlmədiyini də vurğulayıb.

O, Prezident Məsud Pezeşkiana “İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına, ABŞ-nin həddindən artıq tələblərinə boyun əyilməyəcəyinə dair zəmanət verməsinin və məsuliyyəti öhdəsinə götürməsinin” ardından imza atmaq üçün icazə verdiyini ifadə edib.

Bütün hallarda, sənədi Müctəba Xamenei imzalamayıb. Tehran bununla manevr etmək imkanlarını özündə saxlayıb.

İran İslam Respublikasının lideri ayətullah Xomeyni 1988-ci ildə İraqla atəşkəsə dair sazişi imzalayarkən “zəhər işirəm” deyə, bildirmişdi.

2015-ci ildə Seyid Əli Xamenei ABŞ-nin o vaxtkı Prezidenti Barak Obama administrasiyası ilə danışığa getməyəcəklərini vurğulayırdı. Ancaq 2015-c il iyulun 14-də Barak Obama ilə Əhatəli Razılaşma üzə Fəaliyyət Planının imzalanmasını “qəhrəmancasına güzəştə getmək” adlandırmışdı. ABŞ həmin plandan geri çəkildiyi üçün Seyid Əli Xamenei Donlad Trampa inanmadığını, onunla danışıqlara getməyəcəyini bildirirdi. O, ABŞ Prezidentini SEPAH generalı Qasım Süleymaninin “qatili” adlandıraraq, qisasını alacaqlarını iddia edirdi: “Amerika ilə danışıqlar qadağandır!”

Ancaq hər günün öz hökmü var. Müctəba Xamenei, bütün etirazlara rəğmən, anlaşmanın imzalanmasına razılıq verib, onu təsdiqləyib.

Razılaşmanın şərtləri reallaşmağa başlayıb. ABŞ Prezidenti Donald Trampın fərmanı ilə Hörmüz boğazının blokadası götürülüb. Vitse-prezident Vens iyunun 18-də bildirib ki, boğazdan artıq 12,5 milyon barrel neft keçib.

ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına əsasən, Ştatlar İran limanlarına istiqamətlənən və ya oradan çıxan gəmilərin keçidinə mane olmur: “ABŞ silahlı qüvvələrinin blokadanın təmin edilməsinə yönəlik bütün fəaliyyətləri dayandırılıb”. Bildirilib ki, ABŞ-nin hərbi gəmiləri əldə edilən razılaşmanın bütün müddəalarına tam həcmdə riayət olunmasını və icrasını təmin etmək üçün bölgədə qalacaq.

Bundan əlavə, Vensin sözlərinə görə, İran tərəfi "ikinci gecə ardıcıl olaraq heç bir gəmini atəşə tutmayıb".

Deməli, imzalandıqdan iki gün sonra müddəalar həyata keçməyə başlayıb. Bu isə tərəflər arasında memorandumda nəzərdə tutulan başqa maddələrin reallaşmasına, yaxud o istiqamətdə məsələlərin incələnməsinə ümidləri artırır.

Yeri gəlmişkən, Qarşılıqlı anlaşma memorandumu bütün istiqamətlərdə, o cümlədən Livanda atəşkəs, Tehrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi, İranın bərpası üçün fondun təsis edilməsi, 60 günlük atəşkəs rejiminin tətbiqini özündə ehtiva edir.

Sənədə əsasən, 30 gün ərzində ABŞ İran limanlarının blokadasını dayandıracaq, bu müddətdən sonra Ştatlar qüvvələrini İslam Respublikası sərhədlərindən geri çəkiləcək, Hörmüz boğazı 60 gün ərzində gəmilərin rüsumsuz keçidi üçün açılacaq. Keçidlə bağlı uzunmüddətli razılaşma bundan sonra təkcə İran və Oman tərəfindən deyil, həm də Körfəzə daxil olan başqa dövlətlərlə əməkdaşlıq çərçivəsində həyata keçəcək.

Sənəddə İranın enerji daşıyıcılarının satışına qoyulan embarqonun aradan qaldırılması da əks olunub.

Bundan əlavə, saziş ölkənin bərpası üçün İrana özəl investisiya fondundan 300 milyard dollar ayrılmasını, 24 milyard dollar İran aktivlərinin blokdan çıxarılmasını və nüvə dosyesi üzrə yekun sazişin hazırlanması üçün 60 günlük danışıqlar dövrünü təsbit edir. İran nüvə silahı hazırlamamaq öhdəliyini üzərinə götürüb. Zənginləşdirilmiş uranın İslam Respublikası ərazisində utilizasiyası üçün ABŞ ilə əməkdaşlıq da sənəddə nəzərdə tutulub.

Yeri gəlmişkən, oxşar şərait 11 il əvvəldə yaşanmışdı. Onda “altılıq”la Tehran arasında razılaşma imzalananda qlobal miqyasda gərginliyin aradan qalxacağına ümid edilirdi. Nəzərə almaq lazımdır ki, həmin illərdə ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməmişdi. Başqa sözlə, tərəflər arasında etimad mühiti indiki kimi kövrək deyildi.

Odur ki, 2015-ci il iyulun 14-də ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çinlə İran arasında imzalanmış Birgə Əhatəli Fəaliyyəti Planına da nəzər yetirmək yerinə düşər.

Həmin Plana əsasən, Tehran nüvə proqramının müstəsna olaraq dinc xarakter daşıdığına zəmanət verərək, aşağıdakıları öhdəsinə götürürdü:

-15 il ərzində sərəncamında 300 kiloqramdan çox olmayan aşağı səviyyədə zənginləşdirilmiş uran (3,67%-ə qədər) saxlamaq;

-yüksək zənginləşdirilmiş uran və silah keyfiyyətli plutonium istehsal etməmək;

-nüvə sentrifuqalarının sayını 19 mindən 6,1 minə endirmək;

-Fordodakı yanacaq zənginləşdirmə zavodunu nüvə fizikası elmi-tədqiqat mərkəzinə çevirmək;

-Ərakdakı nüvə reaktorundan yalnız dinc məqsədlərlə istifadə etmək;

- Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini  nüvə obyektlərinə buraxmaq.

Plana əsasən, AEBA 20 il müddətinə İranın bütün nüvə obyektlərinə çıxış əldə edəcəkdi ki, bu da ona İslam Respublikasının nüvə proqramının müstəsna olaraq dinc xarakter daşımasına nəzarət etməyə imkan verəcəkdi.

Onda ABŞ başda olmaqla bir sıra müttəfiq dövlətlərin şirkətləri İslam Respublikası ilə müqavilələr imzaladı. Ancaq ABŞ-nin bu plandan çıxması ilə bütün fəaliyyət donduruldu.

Həmin illərdə Seyid Əli Xamenei başda olmaqla mühafizəkarlar, habelə İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) bu planı pisləməyə başlamışdı. Hətta o vaxtkı prezident Həsən Ruhani  və xarici işlər naziri Məkəmməd Cavad Zərif “vətən xaini” adlandırıldı. Onlar danışıqların və sənədin imzalanmasının Seyid Əli Xamenenin nəzarəti, tapşırığı ilə reallaşdırdıqlarını bildirdilər.

Budəfəki danışıqlar aparan heyətə isə parlamentin sədri Məhəmmədbaqer Qalibaf başçılıq edib. O, SEPAH-ın keçmiş komandanlarından olub. Bu baxımdan, demək olar ki, qvardiya əldə edilən razılaşmanın müdafiəçilərindəndir. Bu, həm də mühafizəkarların uzun illərdir arzuladıqları və həyata keçirməyə can atdıqları ideya idi. Memorandumda Livandakı “Hizbullah” qruplaşmasının müdafiə edilməsini də SEPAH-ın səyinin nəticəsi saymaq olar.

Əsas məsələ də budur. ABŞ bu qruplaşmanın Livanda İsrailin təhlükəsizliyini təhdid etməyə razılıq verəcək, yaxud buna dözəcək? Əlbəttə, xeyir. Çünki Yaxın Şərqdəki əməliyyatlar həm də İsrailin təhlükəsizliyinin təmin olması üçündür.

Belə ehtimal etmək olar ki, SEPAH-ın maraqlarını təmin edən maddələr, şərtlər müvəqqətidir. Əsas hədəf hansısa hərbi qruplaşmanın maraqlarını müdafiə etmək deyil.

Əsas məqsəd Tehran hakimiyyətini danışıqlara cəlb etməkdir. Fikrimizcə, bu da alınır. Digər tərəfdən, İran rəhbərliyinin başqa çıxış yolu da görünmür.

Ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşır. Buna aid örnək bir məlumatı qeyd etmək istərdik. Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri Urmiyada çörəyin qiyməti 70-100% artırıb. Yeni tariflər iyunun 25-dən “Nanino” sisteminə daxil edilib. Yeni qiymətlərə əsasən, subsidiyalı maşınla hazırlanmış lavaş 1700 tümən, ənənəvi lavaş 2500, səngək 8500, bərbəri isə 6750 tümənə satılır.

Bildirilib ki, bu artımın səbəbləri işçilərin əməkhaqqı, sığorta, xammal və icarə xərclərinin, eləcə də ümumi inflyasiyanın yüksəlməsidir. 

ABŞ dollarının azad bazardakı məzənnəsi 153 min tüməndir. Hər qram 18 əyarlı qızıl 15,767 milyon, “İmami” adlı sikkə isə 159,5 milyon tümən olub.

Bu, İranda sosial-iqtisadi vəziyyətə dair çox qısa məlumatdır. Bütün sahələrdə bahalıq, işsizlik, susuzluq, elektrik enerjisinin fasilələrlə verilməsi, çoxsaylı sosial, mədəni problemlər, müsəlman və qonşu ölkələrlə ziddiyyətli, münaqişəli münasibətlər, hakimiyyətdaxili qarşıdurma, qruplaşma və başqa bu kimi amillər Tehran hakimiyyətini razılaşmaya vadar edib.

Memorandumun imzalanmasını müəyyən mənada qərblə danışıqların tərəfdarı olanların uğuru da saymaq olar. Bu, “islahatçı” adlanan xəttin daha doğru yolda olduğunu isbatlayan amillərdəndir.

Ona görə də belə qənaətə gəlmək olar ki, SEPAH-ın qapısı yavaş-yavaş bağlanır. Tehran hakimiyyəti daxilində ABŞ ilə İran arasında yaxınlaşmaya, danışıqlara münasibət heç vaxt birmənalı olmayıb. Hələ İslam Respublikasının ilk illərində mövcud olan yanaşma dəyişməyib. Bir qrup, xüsusən SEPAH ABŞ ilə danışıqların əleyhinə çıxıb. Bu dəstə vaxtı ilə Xomeyni xəttinin tərəfdarları olaraq Ştatların Tehrandakı səfirliyinə hücum etmiş, diplomatik missiya əməkdaşlarını 444 gün girovluqda saxlamışdılar. Həmin basqınçı dəstə sonralar SEPAH yaradılarkən onun əsasını təşkil etdi.

Qvardiya Xomeyninin inqilab doktrinasının ixracını həyata keçirir, “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarı ətrafında fəaliyyət göstərir.  

Onlar Yaxın Şərqdə - Fələstində, Qəzza zolağında, Bəşər Əsədin prezidentliyi dövründə Suriyada, İraqda, Yəməndə, Livanda və başqa yerlərdə “Hizbullah”, husi kimi müxtəlif silahlı qruplaşmalar adı altında mövcudluqlarını davam etdiriblər.

HƏMAS-ın İsrailə hücumundan sonra İranın regionda ovcu açıldı. Bu silahlı qruplaşmanın Qəzza zolağında uğursuzluğu domino daşları kimi İranın proksi qüvvələrinin bir-bir aşması ilə müşahidə olundu.

Memorandumu SEPAH-ın sonunun başlanması kimi də qiymətləndirmək olar. Çünki regionda proksilərin sıradan çıxarılması, yaxud zəiflədilməsi qvardiyanın, onun “Qüds” qoşunlarının zərərsizləşdirilməsi anlamına gəlir. Bu baxımdan, ehtimal etmək olar ki, Qərb gələcəkdə SEPAH-sız İranla daha tez anlaşa bilər. ABŞ-İran danışıqları davamlı xarakter alarsa, qvardiyanın statusu, fəaliyyət dairəsi və funksiyasının da dəyişəcəyi qənaətinə gəlmək olar. Bir vaxtlar SEPAH İslam Respublikasında “günah keçisi” axtarardı. İndi, deyəsən, zamanın çarxı onlar üçün geriyə fırlanır. Bu gedişlə SEPAH-ın “günah keçisi” olacağı gün uzaqda deyil…