Logo
news content

Pentaqon rəhbərinin Gürcüstan və Ukrayna səfəri
Cənubi Qafqazın “geosiyasi baxımdan bölünmüş region” mənzərəsi davam edəcək

Həftənin önəmli hadisələrindən biri ABŞ müdafiə nazirinin postsovet məkanına, o cümlədən Cənubi Qafqaza səfəri idi. Avropa səfərinə çıxan Pentaqon rəhbəri Lloyd Ostin (Lloyd James Austin III) əvvəlcə Gürcüstanı, sonra Ukraynanı ziyarət edib, oradan Rumıniyaya getdi. Turne Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşündə iştirakla yekunlaşıb. 

Şübhəsiz ki, bizim üçün daha önəmli olan Vaşinqtondan gəlmiş yüksək səviyyəli emissarın qonşu Gürcüstanda səsləndirdiyi bəyanatlar və ABŞ-ın bölgə siyasəti ilə bağlı verdiyi ipucları idi. Ötən il Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədən sonra sülhmərmalı adı altında öz hərbi kontingentini Qarabağa yerləşdirən Rusiya imzalanan üçtərəfli anlaşmalarla sülh və əməkdaşlıq prosesinin yeganə moderatoru qismində regionda mövqelərini daha da möhkəmləndirib. Qərbdən olan vasitəçilər ABŞ və Fransa isə formal olaraq ATƏT-in Minsk Qrupunda Rusiya ilə bərabərhüquqlu vasitəçi kimi qalsalar da, real olaraq bu prosesdə ikinci dərəcəli oyunçuya çevriliblər. Parisin bu durumdan məmnun olmadığı, zaman-zaman hadisələrin gedişinə müdaxilə arzusu və cəhdləri nəzərə çaprsa da, Vaşinqtonda xüsusi bir narahatlıq hiss olunmur. General Ostinin səfəri göstərdi ki, Cənubi Qafqazın “geosiyasi baxımdan bölünmüş region” mənzərəsi davam edəcək. ABŞ Gürcüstanı Azərbaycan və Ermənistandan ayrı tutur, onun Tiflislə münasibətlərinin tamam fərqli strateji səviyyəsi var.   

Pentaqon başçısı Gürcüstanın 3+3 formatında iştirakına isti baxmadıqlarını açıq ifadə etdi. Tiflisdə bu mövzuda sualı cavablandıran Lloyd Ostin bildirdi ki, Gürcüstan ərazilərini işğal etmiş Rusiya yeni platformadan danışmazdan əvvəl 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasını yerinə yetirməlidir. Cənubi Osetiya savaşının yekununda imzalanmış həmin anlaşmada Rusiya ordusunun müharibədən əvvəlki mövqelərə geri çəkilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, Rusiya Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb və orada hərbi bazası var. 2008-ci il sazişinin yerinə yetirilməsi isə qazandıqlarından imtina anlamına gələcəyindən, Rusiyanın buna razı olacağı inandırıcı görünmür. Uzun sözün qısası, bu şərtlərdə işğalçı ilə işğalın qurbanının eyni əməkdaşlıq formatında yer alması çətin məsələdir. İran-Azərbaycan münasibətlərində yaranmış gərginlik və Bakı ilə Tehran arasında qarşılıqlı etimadsızlığın dərinləşməsi, paralel olaraq, Orta Şərqdəki Türkiyə-İran rəqabətinin Cənubi Qafqaza proyeksiyası, İranın “Zəngəzur dəhlizi”nin reallaşmasını özünün milli təhlükəsizliyinə təhdid kimi qəbul etməsi də 3+3 formatı çərçivəsində səmərəli və səmimi əməkdaşlığın mümkünlüyü ilə bağlı suallar yaradır. 

ABŞ müdafiə nazirinin turnesinə qayıdaq. Öncə səfər trayektoriyası diqqəti cəlb edir. Rusiyanın Krımın ilhaqından sonra Qara dənizdə möhkəmlənməsi NATO-nun ciddi narahatlığına və öz strategiyalarını dəyişdirməsinə səbəb olub. Bu səbəblə, ilhaqdan bu yana NATO dənizdə patrul fəaliyyətlərinə start verib - mütəmadi olaraq ABŞ, Britaniya və ittifaqın Qərbdən olan digər böyük dövlətlərinin hərbi gəmiləri dənizə daxil olur, Odessa və Poti limanlarına yanaşırlar. ABŞ və NATO Qara dənizin bir “Rus gölü” halına gəlməsinə imkan vermək istəmir. Məlum olduğu kimi, ABŞ talassokratik dövlətdir, yəni dəniz gücüdür. Vaşinqtondakı qərarvericilər bəzən bunu sanki unutsalar da (məsələn, Əfqanıstanda 20 il qalmaq), ABŞ hegemoniyası dünya okeanına – dəniz yollarına nəzarətə əsaslanır. Dünya okeanı yer səthinin 70 faizini əhatə edir, dünya ticarətinin – daşımaçılığın 80 faizindən çoxu isə dənizlər vasitəsilə həyata keçirilir. Yəni, dünya okeanına kim hökm edirsə, dünyaya da o hokm edir, bu səbəbdən ABŞ qurudan keçən dəhlizlərə xüsusi önəm vermir, çünki bu dəhlizlər də son nəticədə gəlib dənizlərə dirənir. ABŞ-ın postsovet məkanında Ukrayna və Gürcüstana xüsusi diqqəti onların məhz dənizə çıxışa malik olmasından qaynaqlanır.   



Lloyd Ostin Tiflisdə “Gürcüstanın müdafiəsinin gücləndirilməsi təşəbbüsü”nü elan etdi. Konkret detallar hələ məlum olmasa da, iki ölkə hərbi əməkdaşlığının yeni səviyyəyə qaldırıldığını söyləmək mümkündür. Amma bu, hələlik Gürcüstanın təhlükəsizlik qarantiyası alması demək deyil, belə bir təminatı NATO üzvlüyü verə bilər. ABŞ Gürcüstanın və Ukraynanın NATO-ya qəbulunu dəstəkləyir, L.Ostin Kiyevdə bəyan etdi ki, heç bir üçüncü ölkə, o cümlədən Rusiya buna mane ola bilməz. Amma məsələ burasındadır ki, ittifaqın Avropa qanadı daha çox Rusiya amilinə görə hələ də (2008-ci il Buxarest zirvəsindən bu yana) Gürcüstan və Ukraynanın üzvlüyünə qarşıdır. Moskva bu məsələni özünün qırmızı xətti elan edib, Fransa və Almaniya (Merkel hökuməti) bu xətti keçməməyin və Rusiyanın milli maraqlarına hörmət göstərməyin tərəfdarıdır. Transatlantik əlaqələrdə Tramp dövründən bəri yaranmış problemlər, bu çərçivədə ABŞ-Fransa münasibətlərində anlaşılmazlıqların artması, ABŞ-ın anqlo-sakson dünyası içərisində bloklaşmaya getməsi Parisin Vaşinqtona və onun liderliyindəki NATO-ya etimadsızlığının getdikcə güclənməsi ilə nəticələnib. Rusiya amilini hesaba almasaq belə, başqa bir sual budur ki, Fransa daha 2 proamerikan ölkənin (Ukrayna, Gürcüstan) NATO-ya qəbuluna dəstək verərmi? Verərsə, nəyin müqabilində? Bu suallara hələ cavab yoxdur.      

Aydındır ki, çox şey ABŞ-Rusiya münasibətlərinin hansı tendensiya üzrə inkişafından asılı olacaq. Prezident Bayden seçkiqabağı ritorikasına 180 dərəcə zidd olaraq Rusiya istiqamətində siyasəti yumşaldıb və bu ölkəyə qarşı sanksiya siyasətini faktiki, dayandırıb. O, hətta Konqresin qəbul etdiyi qanunu pozmaq bahasına “Şimal axını-2” layihəsinə sanksiya tətbiqindən imtina edib. Kəmərin tikintisi artıq başa çatıb, hətta boruya yoxlama məqsədilə texniki qaz da vurulub. Kəmərin işə düşməsi üçün son mərhələ onun sertifikasiyasıdır, Almaniyanın müvafiq orqanları uzağı gələn ilin yanvarında bu barədə qərar qəbul etməlidir. Yəni layihə Baydenin “xeyir-dua”sı ilə baş tutmuş sayıla bilər. 

Vaşinqton və Moskva hazırda intensiv dialoq rejimində fəaliyyət göstərir. Oktyabrın 11-13-də ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Moskvaya səfəri bu baxımdan çox mühüm idi. Nuland Rusiyanın sanksiya siyahısında idi, səfər öncəsi bu sanksiya ləğv olundu. Amerikalı elçi prezident köməkçisi Yuri Uşakov, Prezident Administrasiyası rəhbərinin müavini, Ukrayna məsələsini kurasiya edən Dmitri Kozak kimi Putinə yaxın adamlarla, eləcə də xarici işlər nazirini müavini Sergey Ryabkov ilə görüşlər keçirdi. Səfərin yekunları ilə bağlı verilən qısa və məzmunsuz açıqlamalardan konkret nəticələr çıxarmaq mümkün deyil. Amma ABŞ-ın Rusiyadan nə istədiyi ümumi şəkildə məlumdur: Çin məsələsində anqlo-sakson ittifaqının siyasətinə əngəl olmaması, Pekinin yanında yer almaması. Əslində Çinin aşırı güclənməsi və nüfuzunu şimal-qərb istiqamətində yaymağa davam etməsi Rusiyanın da marağına uyğun olmadığından, Moskvanın bu məsələdə Vaşinqtonla hansısa şəkildə anlaşma əldə etməsi qeyri-mümkün ehtimal kimi görünmür. Putinin bir neçə gün əvvəl Çinə Tayvan məsələsini hərbi güc vasitəsilə həll etməməyi məsləhət görməsi bu baxımdan maraqlı mövqedir. Ancaq Ukrayna başda olmaqla, postsovet məkanı Rusiya üçün həyati maraq zonasıdır və aydındır ki, Moskva da öz növbəsində ABŞ-dan bu regiona ekspansiv müdaxilələrdən vaz keçməsini, Ukrayna və Gürcüstanı əvvəlki sahibinə “təhvil verməsini” istəyir və gözləyir. 



General Ostinin səfər zamanı verdiyi bəyanatlar - Qara dəniz bölgəsini “ABŞ üçün kritik önəmə sahib region” adlandırması və sahilyanı tərəfdaş-müttəfiq ölkələr Rumıniya, Ukrayna və Gürcüstanın hərbi dəniz qüvvələrinə dəstək verəcəklərini bildirməsi, Rusiyanı Qara dənizdə destabilizasiya yaradaraq vahid, azad və dinc Avropanın yaradılmasına mane olmağa çalımaqda itiham etməsi, Ukraynanın hərbi imkanlarını inkişaf etdirmək üçün mümkün olan hər şeyi edəcəklərini söyləməsi Vaşinqtonun Moskva ilə qapalı müzakirələrdə Ukrayna və Gürcüstanı “satışa” çıxarmadığını söyləməyə əsas verir. Belə görünür ki, amerikalılar sanksiyaların dayandırılmasını, “Şimal axını-2“ layihəsinin icrasına şərait yaradılmasını və enerji bazarında yüksək qiymətlərə mane olunmamasını Rusiyanın yetərli hesab etməsini gözləyirlər. Nulandın səfərindən sonra Rusiya hökumətinin ölkənin NATO-dakı təmsilçiliyini bağlaması və NATO-nun Moskvadakı missiyasının fəaliyyətini dayandırması hələlik tərəflər arasında anlaşma əldə olunmadığını göstərir. Lakin bu addımlar dialoqun kəsilməsi demək deyil.  

Spekulyasiya xarakterli iddialar da var ki, ABŞ Putinin səhhətinin getdikcə pisləşdiyini bildiyi üçün Rusiyaya təzyiqi yumşaldıb və varis planının sakit reallaşmasını, hakimiyyətin adekvat bir adama ötürülməsini gözləyir ki, onunla masaya oturub, anlaşmalar əldə etsin.