Müharibədən… Sülh üzrə Nobel mükafatına qədər?
Ermənistan və Azərbaycan birgəyaşayışı necə təmin edə bilərlər
28 Dekabr 2023
Dekabrın 7-də Azərbaycan-Ermənistan sülh prosesində çox mühüm hadisə baş verdi: Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yaydı. Bu açıqlamadan öyrəndik ki, iki ölkə arasında vasitəçilərin iştirakı olmadan aparılmış birbaşa danışıqlar nəticəsində etimad quruculuğu istiqamətində addımlar atılmasına dair razılıq əldə olunub. Həmin razılaşma çərçivəsində Azərbaycan tərəfi 32 erməni hərbçini, Ermənistan tərəfi isə 2 azərbaycanlı hərbçini azad etdi. Bundan başqa, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini, Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədi.
Bu addımlar, şübhəsiz ki, sülh müqaviləsinin imzalanması üçün müsbət zəmin yaradılmasına xidmət edir. Lakin iki xalq arasında qarşılıqlı etimadın və əlaqələrin qurulması üçün yalnız yuxarıdan atılan addımlar, hətta sülh müqaviləsinin imzalanması faktı yetərli ola bilməz. Çünki düşmənçilik və nifrət uzun illər hər iki cəmiyyətə çox dərindən nüfuz edib və silinməsi çətin olan izlər buraxıb. Bu səbəbdən xalqları sülhə və sülh müqaviləsindən sonrakı dövrə hazırlamaq məqsədilə müxtəlif əhali təbəqələrini əhatə edən çoxistiqamətli, ardıcıl tədbirlərin həyata keçirilməsi zəruridir. Əlbəttə, bunun üçün hər iki tərəfdə sülh və anlaşma istiqamətində siyasi iradənin mövcud olması təməl şərtdir, bu olmadan prosesin irəliləməsi mümkün deyil. Obyektiv müşahidələr onu göstərir ki, hər iki ölkədə ictimaiyyət səviyyəsində sülhə qarşı ciddi, təşkilatlanmış bir müqavimət və etiraz yoxdur. Yəni, qarşılıqlı etimad tədbirlərinin reallaşdırılması üçün zəminin mövcud olduğunu söyləmək yanlış olmaz.
İlkin mərhələdə nələr edilə bilər?
Rəsmi səviyyədə ilk addımlar atılıb və bunun davamı da gəlməlidir. Məsələn, tərəflərin artıq siyasi səviyyədə sərt ritorikadan və ərazi iddiası kimi qiymətləndirilə bilən təbliğatdan imtina etməsi prosesi sürətləndirəcək. Qarşılıqlı ittihamların davam etməsi və “tarixi torpaqlar” mövzusunun tez-tez gündəmə çıxarılması isə etimadın qurulmasını əngəlləyə bilər.
Hökumətlər bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə səmimi olaraq hörmət nümayiş etdirməli, qarşı tərəfin xarici siyasət seçimlərinə, eləcə də təhlükəsizlik siyasətinə (Ermənistanın bu yöndə siyasəti Azərbaycana qarşı yönəlmirsə və ya əksinə) müdaxilə etməyə çalışmamalıdır.
Nəqliyyat kommunikasiyaları eksterritorial statusda deyil, hər dövlətin öz ərazisində suverenlik hüquqlarının təsbit olunacağı şəkildə həyata keçirilməlidir.
Sərhəddəki anklavlar problemi uzun sürəcəyi ehtimal olunan delimitasiya prosesinin sonu gözlənilmədən ilkin mərhələdə həll edilməlidir. Problem tərəflərin anklavları qarşılıqlı geri qaytarması, ya da hər iki tərəfin maraqlarına uyğun ərazi mübadiləsi yolu ilə həllini tapa bilər.
Hər iki ölkə sülh və etimad quruculuğu üçün birtərəfli qaydada qərarlar qəbul etməyi də bacarmalıdır. Məsələn, Ermənistan özünün Müstəqillik Bəyannaməsinə dəyişiklik etməlidir. Ötən aylarda Baş nazir Nikol Paşinyan həmin sənədi tənqid etmişdi. Bəyannamənin giriş hissəsində belə bir cümlə var:
“... Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” birgə qərarına əsaslanaraq...”
11-ci maddədə isə yazılıb:
“Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda ermənilərin soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.
Bu iki məqam Azərbaycanla sülh müqaviləsi imzalanması və Türkiyə ilə hərtərəfli əlaqələrin qurulması önündə əngəldir. Ərazi iddiası mahiyyəti daşıyan cümlələr sənəddə olmamılıdır. İstinad edilən Ermənistan Ali Sovetinin 1989-cu il tarixli qərarı qüvvədən düşməlidir.
Yaxın müddətdə iki ölkənin müxtəlif toplum kəsimlərinin dövlət səviyyəsində qarşılıqlı səfərlərinin təşkili də mümkündür və gərəklidir. Məsələn:
- Azərbaycanlı jurnalistlərin Ermənistana, erməni jurnalistlərin Azərbaycana səfər edərək, ölkə rəsmiləri və siyasətçilərdən müsahibələr almasına, reportajlar hazırlamasına şərait yaradıla bilər;
- Qeyri-hökumət təşkilatları təmsilçilərinin qarşılıqlı səfərlərini təşkil edərək onların da öz həmkarlarıyla, rəsmilərlə, müxalif siyasətçilərlə görüşləri (Bakı və Yerevanda) təşkil oluna bilər;
- Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsinə iki ölkə sərhədində imza ataraq, birlikdə sülh mesajı vermələri yetkin siyasi davranış olmaqla, bütün dünyaya örnək ola bilər. Bu halda ölkə liderlərinin Nobel sülh mükafatına namizəd göstərilməsi və bu mükafatı qazanması da mümkün ehtimaldır.
Sonrakı mərhələ
Uzun illər ərzində həm Ermənistanda, həm də Azərbaycanda qarşı tərəfə nifrəti körükləyən təbliğat aparılıb, bu mövzular dərs kitablarında əksini tapıb və nifrət nəsildən nəslə ötürülüb. Təbii ki, akademik azadlıqlara uyğun olaraq, tarixçilərin, etnoqrafların, digər elm adamlarının və publisistlərin istədikləri məzmunda məqalələr yazmaq, kitablar nəşr etdirmək hüquqları var. Lakin dövlətlər öz təhsil sistemlərində nifrət təbliğatını əngəlləmək və düşmənçiliyin nəsillərdən nəsillərə ötürülməsinin qarşısını almaq imkanına malikdir. Beləliklə:
- Dərs kitablarından nifrəti qızışdıran məqamlar çıxarılmalıdır;
- Ərazi iddialarını və nifrəti təbliğ edən qeyri-hökumət təşkilatları, media qurumları dövlət dəstəyindən məhrum edilməlidir;
- Sülh müqaviləsindən sonra tezliklə diplomatik münasibətlər qurulmalı, iki ölkə liderlərinin və rəsmilərinin qarşılıqlı səfərləri təşkil edilməli, iqtisadi əməkdaşlığa başlanılmalıdır;
- Münaqişədən əvvəl Ermənistanda yaşamış azərbaycanlıların və Azərbaycanda yaşamış ermənilərin öz arzuları və öz qərarları əsasında (rəsmi səviyyədə məcburetmə olmadan) geri dönməsi mümkün olmalıdır. Hər iki dövlət geri qayıdanların məskunlaşmasına və bütün hüquqlarının təmin olunmasına dair qabaqcadan üzərinə öhdəlik götürməlidir;
- Vətəndaşların sərbəst gediş-gəlişi üçün şərait yaradılmalıdır. Bu, ilkin dövrdə viza ilə ola bilər, amma qısa müddətdə “Qafqaz Evi” ruhuna uyğun olaraq sərbəst gediş-gəliş təmin olunmalıdır;
Təkliflərin sayını artırmaq da olar.
Sülh və etimad quruculuğu yönündəki siyasətin səmimi və inandırıcı olması çox vacibdir. Bu addımların konyuktur xarakter daşıdığı və məcburiyyətdən irəli gəldiyi (məsələn, xarici oyunçuların təzyiqləri) qənaəti yaranarsa, nəticənin əldə olunması çətinləşə bilər. Hər iki tərəf bu kiçik regionda bərabər yaşamağa məhkum olduğunu, nəhayət, anlamalı və dərk etməlidir ki, sülh və əməkdaşlıq onun milli maraqlarına uyğun, alternativsiz variantdır.