Logo
news content

Ukrayna savaşının taleyi bu nöqtədə həll olunacaq
Qərb niyə Ukraynaya silahları hissə-hissə göndərir?

ABŞ hökuməti iyunun 15-də Ukraynaya 1 milyard dollarlıq növbəti hərbi yardım paketi elan edib. Bununla ABŞ-ın müharibənin başlamasından bəri Ukraynaya göstərdiyi hərbi yardımın miqdarı 5,6 milyard dollara çatıb. 

Paketə aşağıdakılar daxildir: 
a
- Gəmi əleyhinə 2 ədəd "Harpoon" raket sistemi; 

- Növbəti partiya (18 ədəd) M777 haubitsaları, onlara aid 36 min ədəd mərmi və buksir vasitələri; 

- HİMARS reaktiv yaylım atəş sistemi üçün idarəolunan raketlər; 

- Minlərlə rabitə vasitələri, teplovizorlar, gecə görmə cihazları, ehtyat hissələri və s...

Bundan başqa, ABŞ tərəfindən Ukraynaya 225 milyon dollar humanitar yardım ayrılıb. 

Eyni gün Ukraynaya hərbi dəstək üzrə beynəlxalq təmas qrupunun Brüsseldə keçirilən 3-cü toplantısında ("Ramştayn-3) Kiyevin ehtiyacları müzakirə olunub. Hazırda uzaq məsafələrə zərbə endirməyə imkan verən reaktiv yaylım atəş sistemləri (MLRS) və artilleriya qurğuları, onlara aid çoxlu sayda mərmi Ukrayna ordusunun əsas tələbatıdır.

Lakin Qərb Ukraynanın silahlandırılmasını tədricən - mərhələli şəkildə həyata keçirir. Ehtiyac duyulan silahlar eyni anda verilmir, hissə-hissə, gecikmələrlə göndərilir, bu isə Ukrayna rəhbərliyində və xalqında narazılıq yaradır. Bəs, bu siyasətin səbəbi nədir? 

Əvvəla, obyektiv səbəbləri qeyd etmək lazımdır: iş elə gətirib ki, Ukrayna silahlanma sahəsində sovet standartları ilə vidalaşaraq, tamam fərqli bir standarta (NATO) sürətli keçid etmək məcburiyyətində qalıb. Bu, bir tərəfdən Ukraynanın çoxdan arzuladığı strateji nailiyyətdir, amma digər tərəfdən, Rusiya kimi nəhəngə qarşı ağır və çətin savaşın gedişində bu transformasiyanı həyata keçirmək asan vəzifə deyil. Ukrayna hərbçiləri yeni silahlardan istifadə qaydalarını və onlara texniki xidmət göstərməyi öyrənməlidir, bunun üçünsə vaxt tələb olunur. Yəni, əvvəlcə Ukrayna zabitləri müxtəlif yaxın və uzaq NATO ölkələrinə aparılıb, orda bir neçə həftə təlim alır, sonra vətənə dönüb, o silahları tətbiq edir və əsgərlərə öyrədir. İkincisi, tələb olunan milyardlarla dollarlıq bütün silah-sursatın eyni anda, necə deyərlər, “topdan” göndərilməsi təhükəsizlik riskləri yaradır: bu böyük həcmli yük Ukraynaya daxil olduqdan sonra Rusiya onların hərəkət marşrutlarını və ya saxlanıldığı yerləri öyrənib, həmin nöqtələrə raket zərbələri endirə bilər. Rusiyanın qanadlı raketləri Ukrayna üçün əsas başağrısı olaraq qalır. Üçüncüsü, Qərb texnologiyaları əsasında hazırlanan mürəkkəb sistemlərin Ukraynaya göndərilməsi ilə bağlı ABŞ və Avropada tərəddüdlər getdikcə azalsa da, hələ də qalır. Bu sistemlərin Ukrayna ordusunun geri çəkilməsi, xəyanət və ya başqa bir səbəbdən Rusiyanın əlinə keçməsi ehtimalından duyulan narahatlığı, hər halda, tam əsassız saymaq olmaz.    

Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, Qərbdə Ukraynanın ideal səviyyədə silahlandırılması variantının mümkün nəticələrindən ehtiyatlanan dairələr də var. Minimal imkanlarla effektiv müqavimət göstərən və rus ordusunun məğlubedilməzliyi barədə mifi dağıdan Ukrayna rus silahından daha üstün olan Qərb silahları ilə yetərli səviyyədə təchiz edilərsə, düşməni darmadağın edib, nəinki 24 fevraldan əvvəlki status-kvonu bərpa edə, hətta Krımı da geri qaytara bilər. Bu cür açıq və net məğlubiyyətin Rusiyada proqnozlaşdırılması mümkün olmayan proseslərə təkan verməsi ehtimalı yüksəkdir. Rusiyada ciddi destabilizasiya və xaos yaratmaq Qərbin planları sırasına daxil deyil. Belə bir xaotik ortamda Putindən daha radikal bir şəxsin və ya qrupun hakimiyyəti ələ keçirməyəcəyinə hər hansı təminat yoxdur. Makron Putinin sifətini qorumağın vacibliyindən danışanda məhz bu qorxulu ssenariləri nəzərdə tutur. Bu səbəbdən Rusiyanın 24 fevraldan sonra işğal etdiyi ərazilərin ən azı bir qismindən (məsələn, Xerson və Zaporojyedən) könüllü geri çəkilməsi (Kiyev, Çerniqov və Sumı vilayətlərindən çəkildiyi kimi), bunun əvəzində Kiyevin atəşkəsə və Moskva ilə masaya oturub, Krım və Donbasla bağlı çözüm yolları axtarmağa razılıq verməsi Almaniya və Fransa üçün qaneedici variant olar. Lakin Rusiya üçün Xersonun strateji əhəmiyyəti çox yüksəkdir: o, Krıma quru yolu açmağa nail olmuşkən bundan çətin ki, imtina etsin. Ukrayna isə ən azı Xerson və Zaporojyenin işğal olunmuş hissəsinin geri qaytarılmasını nəzərdə tutmayan hər hansı sülh variantını nəinki qəbul, heç müzakirə də etməz. 



Belə bir durumda Qərbin Ukraynanı təslimçi sühə məcbur etməsi ehtimalı da istisnadır. Bu səbəbdən, müharibə də, Qərbin Ukraynaya dəstəyi də qarşıdakı həftələrdə davam edəcək. Kiyevə səfər edən Fransa, Almaniya və İtaliya liderlərinin də ümumi mövqeyi bundan ibarət oldu ki, Ukrayna hansı şərtlərlə, nə vaxt sülhə gedəcəyini öz müəyyən etməlidir. Yəni ona təzyiq göstərmək, hərbi və maddi dəstəyi dayandırmaq nəzərdən keçirilmir.  

Cəbhədəki son duruma gəldikdə, 2 ay əvvəl "Donbasın azad olunması" əməliyyatına başlayan və əsas qüvvələrini məhz o istiqamətdə toplayıb, lokal bir ərazidə Ukrayna qüvvələri üzərində canlı qüvvə və hərbi texnika sayı baxımından böyük üstünlük qazanan Rusiya müəyyən irəliləyişlərə nail olsa da, hələ ki regionun inzibati sərhədlərinə çıxa bilməyib. Ukrayna komandanlığı taktiki zəka nümayiş etdirir və statik döyüş aparmayaraq, dinamik manevrlər edir. Ukrayna ordusu üçün “bir addım da geri çəkilməmək” ("ni şaqu nazad") tapşırığı qoyulmayıb: əsas məqsəd bu mərhələdə düşmənə mümkün qədər ağır zərbələr vurmaqla, onun hücum potensalını tükətməkdir. Bu baxımdan, hansısa kəndin, qəsəbənin, şəhərin itirilməsi faciə hesab olunmur, başlıca vəzifə odur ki, bu itkilərin strateji mahiyyət kəsb etməsinə yol verilməsin. Məsələn, bu mərhələdə Rusiya ordusunun qarşısına qoyulan əsas vəzifə nədir? Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq. Rusiya komandanlığı özünün əsas qüvvələrini məhz bu əməliyyat zonasına yönəldib. Ukrayna komandanlığı isə bu vəzifənin həyata keçirilməsinə yol vermək istəmir, düşməni taqətdən salan döyüşlər aparır və yeni silahlar gələnə qədər onun irəliləyişini gecikdirir. 

Rusiya 2 aydır, nisbi uğurlarına rəğmən, Severodonetsk-Lisiçansk və Slavyansk-Kramatorsk aqlomerasiyalarını işğal edə və Baxmut-Lisiçansk yolunu kəsməklə, oradakı Ukrayna qoşunları ətrafında mühasirə həlqəsi yarada bilmir. Rus ordusu ağır itkilər verir. Təbii ki, Ukrayna ordusunun da ciddi itkiləri var - əsasən qarşı tərəfin artilleriya və reaktiv sistemlər sahəsindəki üstünlüyünə görə. Ukrayna ordusunun şiddətli müqaviməti onu deməyə əsas verir ki, Rusiyanın Donbas əməliyyatının qısa zamanda uğurla yekunlaşması ehtimalı azdır, bütün yay bölgədə döyüşlərin davam etməsi ehtimalı daha yüksəkdir. 



Ukrayna lazımi miqdarda silah və hərbi texnika topladıqdan sonra genişmiqyaslı hücum əməliyyatlarına başlamağı planlaşdırır. “Lazımi miqdar”ın nə vaxt əldə olunacağı sualı açıq qalır, lakin bu, o demək deyil ki, Ukrayna komandanlığı gözləmə mövqeyindədir. Əksinə, son həftələrdə cənub cəbhəsində aparılan lokal əməliyyatlar nəticəsində taktiki uğurlar əldə edilib. Ukrayna ordusu bir neçə istiqamətdən Xersona irəliləməyə çalışır və vilayət mərkəzinin 15 kilometrliyinə çatıb. Xerson vilayətinin azad olunması və Krımın inzibati sərhədlərinə təkrar çıxış əldə edilməsi Rusiyanın bu savaşdakı uğurlarını faktiki, sıfırlayacaq. Çünki Rusiyanın ötən 4 ayda qazandığı yeganə strateji uğur – hələlik etibarlı və təhlükəsiz olmasa da - Krıma quru yolu açmağa nail olmasıdır. Bu yolun bağlanması tərəfləri təkrar 23 fevraldakı vəziyyətə qaytaracaq.  

Bir sözlə, Ukrayna savaşının taleyi Xersonda həll olunacaq.