Hamınız Karosunuz…
Onları bağışlamaq olarmı?
27 Sentyabr 2023
“Karonun adını çəkəndə gözləri az qalır hədəqəsindən çıxsın. Alnında, üzündə, sinəsində tər puçurları əmələ gəlir... Tez-tez qucağındakı dəsmalla tərini silir... İndiyə qədər danışdığı insanlıqdan kənar hadisələrin heç birində Karonun adı gələndə düşdüyü hala düşməmişdi... Demək ki, Karoya nahaqdan “Azərbaycanlıların qənimi” adı verilməyibmiş...
- Karonun neçə yaşı olardı?
- Hardasa 30, bəlkə də 35. Bəlkə də yaşlı idi, cavan görünürdü. Çox cəld, çevik adam idi. Həm də çox amansız, qəddar idi, çox söyüb, təhqir eləyirdi... Əsgəranlı idi. Bizim dildə elə danışırdı ki, tər-təmiz!
Karo otağın qapısını açır. Dürdanəni içəri salıb, qapını arxadan bağlayır. Əvvəl əllərini, sonra ayaqlarını, sonra isə bütöv bədənini iplə stula bağlayır.
- Şallaq götürüb, başladı məni şallaqlamağa. Şallağın rezini yaralı bədənimə toxunduqca məni yandırıb tökür, bədənimin donunu, keyini açır, ağrılarımı daha da şiddətləndirirdi... O qədər işgəncə görəndə səsimi udmağa vərdiş eləmişdim ki, yenə dişimi sıxıb gözümü yummuşdum... Siqareti çəkib dizlərimə basırdı... Keyimişdim, amma onunla belə hər dəfə siqareti dizimə basanda canıma istilik keçirdi...”
***
Bu parça dəyərli dostum Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabından (ixtisarla) götürülüb. Xocalı sakini Dürdanə Ağayevanın əsirlik hekayətindəndir. Ermənilərin Qarabağdan köç videolarını izləyəndə 9 il əvvəl oxuduğum bu epizodu xatırladım. Beynimin içərisində hansısa nöqtə Karonu axtarırdı o adamların arasında. O vaxt 30-35 yaşı olub, yaşasaydı, indi 60-65 yaşlarında olardı. Azərbaycan dilində də tərtəmiz danışırmış.
Karo Kahkeçyan Suriya ermənisidir. Ermənistanın işğal ordusunda iştirak edən könüllərdən biri, peşəkar terrorçudur. Qarabağın və ətraf rayonların işğalında iştirak edən “Xaçlılar” dəstəsinin komandiri olub. Azərbaycanlı əsirlərə qeyri-insani rəftarı ilə ad çıxarıb. 1993-cü ildə elə Qarabağda da məhv edilib...
O videolarda dilimizdə bülbül kimi ötən yaşlı ermənilərin hamısının sifətində Karonu görürəm.
Azərbaycanı da, regionu da, lap elə özlərini də bədbəxt ediblər bu insanlar. Genetik xəstəlik həddinə çatmış şovinizm erməniləri oturduqları bölgədə barınmağa, qonşularla normal münasibət qurmağa, lap sadə dillə desək, adam kimi yaşamağa qoymur. O videolarda danışanların içərisində sadə, deyək ki, kələm, kartof əkib satan, turşu bağlayıb satan, şərab çəkib dolanan adamlar, ailələr də var. Amma hamısının üzərinə çökmüş bu xəstə ruh nə onlara rahatlıq verdi, nə də bizə. Oturduqları hər yeri qan çanağına döndərdilər, dost bir yana, qonşu ola bilmədilər heç kəslə. Ona görə otura bilmədilər, bilmirlər. Bütöv bir millətin tarixi, taleyi niyə köçlə assosiasiya olunsun axı? Qonşu olduqları hər kəsin onlardan üz döndərməsi, tarixin bütün mərhələlərində, bütün epizodlarda başqalarının günahkar olması mümkün deyil! Necə oldu ki, heç bir xalq onlarla qonşu olduğuna sevinmədi?
30 ildir (əslində 200 ildən artıqdır) yaşadığımız bölgənin taleyi, müqəddəratı ermənilərin daxil olduqları qaranlıq oyunlar, planlar üzərindən həll olunur. Azərbaycana ərazi iddiaları ucbatından bölgədə nə sülh var, nə layiq olduğumuz inkişaf. Ermənistanda da eynilə. Müstəqillik hərəkatı dövründən başlamış, ta indiyədək bütün siyasi proseslərin hərəkətverici qüvvəsi olub bu iddia, bu müharibə.
Hakimiyyətlər yıxıb, hakimiyyətlər qurub Qarabağ problemi. Azərbaycanda da, Ermənistanda da eyni fəlakətlər yaşanıb bu səbəbdən. Demokratiya demişik, “müharibə gedən ölkədə...” eşitmişik. Azad mətbuat demişik, “hərbi şəraitdə...” eşitmişik. Demişik “niyə azadlıqlarımız...”, deyiblər, “ayıbdır, düşmən baxır”.
Nə özləri xoşbəxt, azad ola bildilər, nə biz, nə bölgə. Adamlara deyirsən gəl qonşuluq eləyək, gedib heykəl tapıb gətirirlər ki, babalarımız burda mamont ovlayıb... “Azərbaycanın torpaqlarından çıx, regional layihələrə qoşul, pul qazan, adam kimi yaşa, qonşuluq eləyək” deyənin qarşısına altıminyeddyüzneçəillik “xəritə” gətirib qoyurlar ki, “ara, buralar bizim torpağımızdır”. Lap tutaq ki, elədir. Cəhənnəmə ki sizin torpağınızdır! Adam kimi yaşaya bilmirsənsə, nəyinə lazımdır o torpaq?!
“Əsir düşərgəsi”ndə başqa bir məqam da vardı. Əsirləri Əsgərana aparan maşın yolda, kəndlərin birində dayanır. Kənddə yaşayan erməni qadınların birinin danışığını eşidib bizim əsirlər. Fəryad edirmiş, deyirmiş, neynirəm bu torpağı ki, orada oğlumu dəfn edəcəyəm...
***
Köç videolarından danışırdım. Hamısı Azərbaycanı, azərbaycanlıları sevirmiş. Bəs bizim gənclərimizi şəhid edən kimlər olub? 30 il qabaq bu insanlar Karo yaşda olublar, işğalda iştirak etməyiblər? İşğal olunmuş torpaqlarımızda evlərə soxulub talan edən, abidələrimizi, şəhidlərimizin nəşini təhqir edən erməni yaraqlılarının nə qədər videosu var, əminikmi ki, bu adamlar onlardan biri deyil? Mən əmin deyiləm...
Humanizm – qarşı tərəfin layiq olduğu halda dəyərlidir. Birtərəfli humanizm – mağmınlıq, fərsizlik əlamətidir. Qarşıdakı “human” deyilsə, heç bir “izm”-in dəyəri qalmır, hətta zərər verməyə başlayır.
Və sonda. Bu, nifrət deyil, tarixdir. Lütfən, kimsə mənə humanist və bəşəri dəyərlər barədə nəyisə xatırlatmasın, mən nifrətdən danışmıram. Unutmamaqdan danışıram. Deyirəm ki, unutmayaq. Unutmamalıyıq. Unudanda o, geri dönür...