Çin mikrorayonda
“Asiya nəhəngi” Azərbaycanda nə axtarır?
18 İyul 2024
Bir neçə il əvvəl Bakının küçələrində, iaşə obyektlərində, bazarlarında “üs manat, bes manat” deyib əlində oyuncaqlar və müxtəlif gündəlik tələbat avadanlıqları satan çinlilərlə rastlaşmaq adi hal idi. Əvvəl təzə rastlaşdığımız “canlı” çinliləri maraqla müşahidə edirdik, sonra maraq təəccübə, lap sonra isə təəccüb qorxuya çevrilmişdi. Dünyanın sayca ən çox xalqı hər yerə əvvəl-əvvəl “üs-bes” nəfərlə gedib, qısa zamanda yüzminlərə, hətta milyonlara asanlıqla çevrilə bilir. Görünür, dünya ölkələrinin çoxunun çəkingən yanaşdığı bu “demoqrafik bomba”dan Azərbaycan da ehtiyat etdiyi üçün bir müddət sonra “üs manat, bes manat” söhbəti səngidi. Hətta mətbuatda da miqrasiya qurumlarının çinliləri kütləvi şəkildə ölkədən çıxardığı barədə məlumatlar yayılmışdı. Son zamanlar isə Asiyanın bu qıyıq gözlü, işgüzar və fağır görünüşlü sakinlərini Bakıda yalnız turist kimi görə bilirik...
***
İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Azərbaycan və Çin dövlət başçılarının imzaladığı bu sənəddə siyasi, iqtisadi, elmi-mədəni, texnoloji sahələrdə strateji əməkdaşlıq qurulması və inkişaf etdirilməsi barədə razılaşmalar əksini tapır. Sənəddəki mühüm istiqamətlərdən biri Çin Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsi, ölkəmizin sülh gündəliyini tam şəkildə müdafiə etməsi, qarşılıqlı olaraq, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəkləməsidir. Bu, dövlət kimi Azərbaycanın beynəlxalq səviyyədə apardığı ardıcıl siyasətin dünya nəhəngi olan Çin tərəfindən müdafiə olunması deməkdir və təqdirəlayiqdir.
Rəsmi Bakının dünyanın yeni “ikinci qütbü”nə çevrilən Çinlə əlaqələri gücləndirmək, xüsusilə son illərin geopolitik trendinə çevrilmiş Orta Dəhliz prosesində bu ölkədən dəstək qazanmaq cəhdləri anlaşılandır. Qafqaz üçlüyünün ən güclü ölkəsi bu üstünlüyünü regionda və dünyada etiraf olunacaq səviyyəyə daşımağa çalışır. 2020-ci ildən nəzərə çarpmağa başlayan bu proses müxtəlif formalarda təzahür edir – Qoşulmama Hərəkatına dəstək və liderlik, müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən COP-29 kimi mühüm hadisələrə ev sahibliyi etmək, qlobal oyunçuya çevrilmək istiqamətində atılan addımlar...
Bundan başqa, rəqəmlər də az şey demir. Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə, 2023-cü ildə 3 dəfəyə yaxın artaraq, 3,1 milyard dollara çatıb. Belə sürətli artım, təbii ki, həlledici dərəcədə Azərbaycanın Çindən idxalı hesabına baş verib. Əks istiqamətdə statistika yüz milyon dollar səviyyəsindədir. Yeri gəlmişkən, Birgə Bəyannamədən sonra Azərbaycanın Çin bazarına ixrac potensialını artırmaq üçün dövlət tərəfindən müxtəlif stimullaşdırıcı təşəbbüslər gözə dəyir. Elə buradaca qeyd edək ki, Çin bazarının dəyərləndirilməsi zəruri addımdır, ancaq bunun üçün ilk şərt iqtisadi hüquqların və azadlıqların qorunması, şəffaflıq, ədalətli məhkəmə sisteminin olmasıdır.
Maraqlıdır, bəs Çin Azərbaycanda nə axtarır?
Əhalisinin sayı təkcə Şanxayın əhalisindən iki dəfə az olan, iqtisadi azadlıqları və bazar imkanları baxımından Azərbaycan Çin üçün xüsusi cəlbedici yer kimi görünmür. Əlbəttə, neft-qaz ehtiyatları və geopolitik mövqeyi Azərbaycanı həmişə cəlbedici edib. Lakin Çinin mövcud imkanları ilə müqayisədə, bu amillər elə də ciddi əhəmiyyət daşımaya bilər.
Elə isə nə?
Çin şərqlə qərb arasındakı körpünün bir başında dayanan ölkədir. Həm nəqliyyat, həm iqtisadi, həm mədəni, həm də siyasi baxımdan “qərbə doğru genişlənmək” strategiyası bu Asiya nəhənginin həmişə gündəmində olub. Tarixən də, indi də. Lakin yüzillər boyu müharibələr və siyasi kataklizmlər üzündən, sonra isə başqa siyasi nüfuz dairəsində yerləşdiyi üçün Qafqaz (Azərbaycan) üzərindən keçən bu optimal marşrutdan tam mənasıyla yararlana bilməyib. SSRİ süqut etdikdən sonra Pekinin belə cəhdləri olub, bu cəhdləri isə regiondakı münaqişə və müharibələr əngəlləyib. Qeyri-sabitliyin olduğu coğrafiyalarda Çini görə bilməzsiniz. Qərb ölkələri, ABŞ, Rusiya, İran belə qarışıq regionlarda “bulanıq suda balıq” axtara bilərlər, belə təcrübələr saysız-hesabsızdır. Bircə Çin yox. O, risk bölgəsinə yatırım qoymaz, özündən asılı olmayan amillərin hakim olduğu bölgələrdə iş görməz.
Azərbaycan Ermənistanın hərbi təcavüzünün nəticələrini aradan qaldırdıqdan və ərazi bütövlüyünü bərpa etdikdən sonra... hə. İndi Çinin zamanıdır. Sülh perspektivi Pekini Qafqaza doğru çəkən ciddi amildir. Əslində, bu situasiyada universal məntiq işə düşür: “Çin gəlsə, sülh olacaq” məntiqi ilə yanaşı, “Sülh olsa, Çin gələcək” məntiqi də keçərlidir.
Beynəlxalq nəqliyyat və kommunikasiya habına çevrilməkdə olan Azərbaycan Avropa ilə Asiyanın, şərqlə qərbin, şimalla cənubun ortaq coğrafiyası sayılır. Belə bir imkanı nə şərq əldən buraxmaq istəyər, nə qərb, nə şimal, nə də cənub. Odur ki, bu nəhəng “körpü”nün vacib həlqəsi olaraq, bizim də bu “alış-veriş”dən payımızın olması qədər təbii heç nə yoxdur.
Qlobal və regional münasibətlər, toqquşmalar, mübahisələr bircə nöqtədə dinclik tapır, anlaşmaya varır – ticarət. Təbii ki, söhbət dünyadan izolə olunmuş, sanksiyalar altında yaşayan dövlət və cəmiyyətlərdən getmir. Azərbaycan tərəflərdən hər biri üçün əhəmiyyətli sayıla biləcək nöqtədə dayanıb. İndi bu coğrafi imkanı siyasi və iqtisadi dividendə çevirmək vaxtıdır. Qalır bu istəyi dünya nəhənglərinin strategiyaları ilə uzlaşdırmaq. Bunun üçün beynəlxalq konyukturu nəzərə almaqla yanaşı, ölkə daxilində də mütərəqqi addımların atılması vacibdir. Güclü, imkanlı dövlətlər təkcə yeraltı sərvətləri deyil, həm də o yerin üstündəki vətəndaşları, onların hüquqları və azadlıqları ilə o sıraya qalxa biliblər. Uzağa getməyək, elə beşcə min kilometr aralıdakı təzə müttəfiqimiz Çinin özü də bunu nəzərə almağa başlayır...
***
Hə, yazının əvvəlindəki söhbəti elə-belə etməmişdim. Məsələ “üs manat, bes manat”da deyil. Astanada imzalanan Bəyannamədə Azərbaycanın Çin vətəndaşlarına bir il müddətinə vizasız rejim tətbiq etməsi alqışlanır. Bir azdan Bakının, lap elə Azərbaycanın hər yerində Çin vətəndaşlarını, həm də “üs-bes manat”la gələn fağır asiyalıları deyil, milyonlarla dollar həcmində investisiya qoymaq, məşhur filmdə deyildiyi kimi “mikrorayon tikmək” istəyi ilə gələn şirkətləri görə biləcəyik. Onlar da bizi “görə” bilsələr, işləri yağ kimi gedəcək. Sözün bütün mənalarında…